Azərbaycan Ordusunu hədəf alan türk deputat – O, əslində kimdir?

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Demokratiya və Atılım Partiyasının (DEM) Kocaeli millət vəkili Ömər Faruk Gergerlioğlu İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatları sərt şəkildə tənqid edib. O, İsrailin bu hərəkətlərini "soyqırımı" olaraq qiymətləndirib və beynəlxalq ictimaiyyəti bu məsələdə daha fəal olmağa çağırıb.

Diqqətçəkən məqam ondan ibarətdir ki, Gergerlioğlu çıxışı zamanı Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun İsrailə səfərini və orada İsrailin müdafiə naziri İsrael Katz ilə görüşünü tənqid edib. Gergerlioğlunun belə qərəzli çıxışı ilk deyil. O, daha öncə Azərbaycan-İsrail münasibətlərinə görə rəsmi Bakını tənqid etmişdi.

Azərbaycan və İsrail arasında müdafiə, texnoloji və enerji sahələrində möhkəm tərəfdaşlıq münasibətləri mövcuddur. İsrailin pilotsuz uçuş aparatları (PUA) və kəşfiyyat texnologiyaları 44 günlük Vətən müharibəsində bizə mühüm üstünlüklər yaratdı. Bununla yanaşı, tərəflər arasında hərbi təhsil, texnologiya transferi və birgə istehsal kimi sahələrdə də yeni imkanlar formalaşmaqdadır.

Azərbaycan-İsrail müdafiə əməkdaşlığı, xüsusilə Cənubi Qafqazda dəyişən güc balansı kontekstində daha da aktuallaşır. Bu əməkdaşlıq, ilk növbədə, Bakı üçün təhlükəsizlik zəmanətini gücləndirən amildir. Təəssüf ki, rəsmi Bakının Təl-Əvivlə münasibətləri və strateji hədəfləri bəzən yanlış anlaşılır.

Azərbaycanın mövqeyi daha çox realpolitikaya söykənir. Azərbaycan öz təhlükəsizliyini və milli maraqlarını qorumaq üçün beynəlxalq tərəfdaşlıqlardan istifadə edir və İsraillə əməkdaşlıq da bunun ayrılmaz hissəsidir.

Azərbaycan-İsrail münasibətləri Fələstin xalqına qarşı yönəlməyib. Bakı Fələstin faktoruna görə İsraillə münasibətləri hər zaman ehtiyatlı diplomatik balans üzərində qurub. Azərbaycan Fələstin məsələsində beynəlxalq hüququn və BMT-nin qərarlarının tərəfdarı kimi çıxış edir və münasibətləri əsasən prinsipial dəstək səviyyəsində saxlayır. Məsələn, Azərbaycan Fələstin dövlətini rəsmi şəkildə tanıyır və BMT başda olmaqla bir çox beynəlxalq təşkilatlarda Fələstinlə bağlı qətnamələrin lehinə səs verib. Xüsusilə 2012-ci ildə Fələstinin BMT-də müşahidəçi dövlət statusu qazanması zamanı Azərbaycan bu təşəbbüsü dəstəkləyib.

Azərbaycan həm İslam Əməkdaşlıq Təşkilatında (İƏT), həm də Qoşulmama Hərəkatında Fələstin məsələsinə dair qəbul edilən qərarların lehinə səs verən ölkələrdəndir. Rəsmi Bakı daim ikidövlətli həll prinsipini, yəni İsrail və Fələstinin yanaşı və dinc şəkildə mövcudluğunu dəstəkləyir.

Ömər Faruk Gergerlioğluna gəldikdə isə, o kifayət qədər qərəzli və qeyri-konstruktivdir. Bütün hallarda belə bir şəxsin mövqeyi Türkiyə Respublikasının rəsmi mövqeyi kimi qiymətləndirilə bilməz.

Gergerlioğlu həmin şəxsdir ki, 2018-ci ildə sosial mediada paylaşdığı məqalə səbəbindən "terror təşkilatının təbliğatı" ittihamı ilə Türkiyə Respublikası tərəfindən 2,5 il həbs cəzasına məhkum edilib. Özü də həmin vaxt o, HDP millət vəkili idi. Hazırda təmsil etdiyi Demokratiya və Atılım Partiyasının (DEM Partiyası) fəaliyyəti də hər kəsə məlumdur.

Gergerlioğlu Azərbaycanı İsraillə əməkdaşlıqda tənqid edir, lakin bu əlaqələrin zəifləməsi regional təhlükəsizlik və iqtisadi maraqlara mənfi təsir göstərə bilər. Azərbaycanın mövqeyi beynəlxalq arenada öz maraqlarını ən yaxşı şəkildə qorumağa yönəlib. İsraillə əməkdaşlıq ölkənin müdafiə qabiliyyətini artırmaq, enerji layihələrini təhlükəsizləşdirmək və texnoloji inkişafı sürətləndirmək üçün önəmlidir.

Azərbaycanın İsraillə münasibətləri strateji zərurətdən irəli gəlir və ölkənin milli maraqlarına xidmət edir. Regional geosiyasi şərait nəzərə alınaraq, Azərbaycan öz xarici siyasətini praqmatik və çoxistiqamətli şəkildə qurur.

turan rzayev

Turan Rzayev

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31