Ermənistan Minsk Qrupunun ləğvi məsələsində qətiyyət göstərmir

Azərbaycanın qəti və haqlı mövqeyi dəyişməz olaraq qalır

"Paşinyanın yeni açıqlaması bir daha göstərdi ki, de-fakto funksiyasını itirmiş Minsk Qrupunun mandatı de -yure ləğv edilməldir". Bunu "Olaylar"a siyasi elmlər doktoru, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rizvan Nəbiyev deyib. Deputat bildirib ki, Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələri əsasında, BMT Nizamnaməsinin 51-ci maddəsinə istinad etməklə torpaqlarının 30 illik işğalına son qoydu, öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Ermənistan-Azərbaycan münaqişəsi həll edildi:
"Ermənistan və Azərbaycan qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüyünü tanıdığını elan etdi. 2022-ci ilin oktyabrında  Avropa Siyasi Birliyinin Praqada bsş tutan Birinci sammiti çərçivəsində Ermənistan Baş naziri Paşinyanın ilk dəfə rəsmən bəyan etdiyi bu mövqe iki ölkə arasında 2025-ci ilin martında razılaşdırılan sülh müqaviləsi layihəsində də öz əksini tapdı. Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 2024-cü ilin avqustunda imzalanan Əsasnaməsi təsdiq edildi. Əsasnamənin qüvvəyə minməsi üçün hər iki ölkədə dövlətdaxili hüquqi prosedurlar tamamlandı.2024-cü ilin yazında 1990-ci illərdə işğal edilmiş Qazax rayonunun 4 kəndi sülh yolu ilə Azərbaycana qaytarıldı. 
Azərbaycan Respublikasının beynəlxalq hüquqa uyğun və beynəlxalq humanitar hüquqa riayət edilməklə döyüş meydanında əldə etdiklərinin diplomatik müstəvidə təsdiqinin davamı 2025-ci ilin əsas fəaliyyət prioritetlərindəndir. Bu kontekstdə xarici siyasət müstəvisində nail olunması hədəflənən məsələlər sırasında 1992-ci ilin martında Helsinki şəhərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi tərəfindən təsis edilmiş və Şanlı Zəfərimiz nəticəsində funksiyasını itirmiş  Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun və həmsədrlik institutunun ləğvi öndə dayanır. ATƏT-in Minsk Qrupu ilə yanaşı, ATƏT çərçivəsində digər mexanizmlərin - Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi funksiyasız strukturların artıq rəsmi qaydada ləğv edilməsi aktual məsələdir. Bunu həm obyektiv siyasi, həm də hüquqi reallıqlar diktə edir. Minsk Qrupunun məşğul olduğu predmet  2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləridnən sonra tamamilə aradan qalxmışdır. 
De- fakto mandatını itirmiş mexanizmlərin, keçmiş münaqişəni hansısa formada aktuallaşdıracaq qədər siyasi çəkisi olmasa da, hər hansı manipulyasiya üçün sui-istifadə edilmək və ya lüzumsuz təzyiq aləti kimi gündəmə gətirilmək potensialı qalır. Bu məsələnin hüquqi baxımdan məntiqi sonluğa çatdırılması üçün Ermənistanın göstərəcəyi praqmatik yanaşma çox vacibdir. Bu məsələ ATƏT çərçivəsində onun qaydalarına görə konsensusla həll edildiyinə görə, formal olaraq Ermənistanın da razılığı tələb olunur. Azərbaycan bu məsələlərin həllinə nail olmaq üçün Ermənistan və yaxud həmsədr ölkələrlə ikitərəfli formatla yanaşı, çoxtərəfli formatda da fəaliyyət aparır. ATƏT-ə də təzyiqlərini müxtəlif formalarda, illik üzvlük haqqının ödənilməməsi və s. formalarda  davam etdirir. 
Funksiyasını itirmiş mexanizmləri maliyyələşdirməyə davam edən struktura nəyə görə üzvlük haqqı ödənilməlidir? 
Millət vəkili bildirib ki, 2020-ci ilin 9 noyabrından sonra bu məsələni qəti və prinsipial qoyan  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müxtəlif siyasi-diplomatik müstəvilərdə dəfələrlə gündəmə gətirib: "Prezident hələ 2024-cü ilin fevralında Münxendə ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının Xarici, Avropa işləri və ticarət naziri İan Borqunla Münxen Təhlükəsizlik Konfransı çəriçivəsində keçirdiyi görüşdə də bu tələbləri qəti şəkildə səsləndirib. Aktual olaraq, cari il yanvar ayının 7-də Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində də Ermənistanın ATƏT-in Minsk Qrupundan imtina etməli olduğunu vurğulamışdı.
Ermənistan isə məsələyə son vaxtlar prinsipial olaraq müsbət tonlu mövqe sərgiləsə də ziddiyyətli və ardıcıl olmayan yanaşma məsələni çətinləşdirir. 2024-cü ilin dekabrında Ermənistanın Baş naziri Nikol Paşinyanın Prezident İlham Əliyevin Minsk Qrupunun ləğvi ilə bağlı yanaşmasını "konstruktiv yanaşma" adlandırması və "1994-cü ildən (ATƏT çərçivəsində - R.N.) danışıqların Qarabağın Azərbaycana qaytarılması üzrə aparıldığı" barədə açıqlaması da Minsk Qrupunun ləğv olunmasına zəmin hazırlanması kimi şərh oluna bilər. Onun "əgər münaqişə yoxdursa, münaqişənin həlli ilə məşğul olan formatın olmasının nə mənası var?" sözləri bu pozitiv ehtimalı gücləndirdi.
2025-ci il yanvarın əvvəlində Nikol Paşinyan Azərbaycanla sülhün bərqərar olması ilə bağlı müxtəlif təkifləri, o cümlədən Minsk Qrupunun buraxılmasını özündə ehtiva edən təkliflə çıxış etdi. Bir neçə gün öncə isə Ermənistan Baş nazirinin mətbuat katibinin öz sosial şəbəkə hesablarında "Ermənistan Minsk Qrupunun buraxılması ilə bağlı ATƏT-ə müraciət etməyi nəzərdən keçirir" paylaşımı da bu qənaəti bir az da gücləndirdi. Lakin Baş nazir Paşinyanın   bu  ilin mayın 26-da  " İrəvan  Dialoqu"  Beynəlxalq  Forumunda etdiyi yeni açıqlama göstərdi ki, Ermənistanın bu məsələdə yanaşması ziddiyyətlidir və Minsk Qrupunun ləğvi məsələsində qətiyyət göstərmir: 
"ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı gündəm bizim üçün məqbuldur və biz irəliləməyə hazırıq, lakin digər tərəfdən əmin olmaq istəyirik ki, biz və Azərbaycan vəziyyəti eyni şəkildə qəbul edir, əmin olmaq istəyirik ki, Azərbaycan öz ərazisindəki münaqişə vəziyyətini bağlamaq və Ermənistana bunu ixrac etmək niyyətində deyil", -
Təbii ki, ATƏT-in keçmiş münaqişə ilə bağlı mexanizmlərinin ləğvi sülh müqaviləsi imzalananadək baş verməlidir. Azərbaycanın qəti və haqlı mövqeyi dəyişməz olaraq qalır. Bu addım  Azərbaycan və Ermənistan arasında qarşılıqlı etimadı artırar, digər məsələlər üçün uğurlu zəmin kimi qəbul edilə bilər. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də Ağdamın işğalı günü səsləndirdiyi irqçi və faşist ideologiyasına xidmət edən və etnik təmizləməyə haqq qazandıran açıqlamaları bir daha sübut etdi ki, Ermənistanın malik olduğu işğalçı keçmişə görə  Azərbaycan tələblərində tam haqqlıdır: ATƏT-in Minsk Qrupu sülh və dövlətlərarası münasibətlərin yaradılması haqqında müqavilə imzalananadək ləğv edilməlidir. Baş nazir Paşinyanın yeni açıqlaması bir daha göstərdi ki, "De- fakto mandatını və funksiyasını itirmiş Minsk Qrupunun və həmsədrlik institunun de -yure ləğvi zərurətdir". 
Təhlillər bir daha göstərir ki, sülh müqaviləsinin imzalanması yolunda Azərbaycanın digər tələbi də yerinə yetirilmədən həmin müqavilənin ratifikasiyası problemi olacaq. Ermənistan Konstitusiyasının 116-cı maddəsinə görə, imzalanan beynəlxalq müqavilələr Konstitusiyaya zidd ola bilməz. Buna görə də, Ermənistan Konstitusiyasının preambulasında ölkəmizin ərazi bütövlüyünə qarşı yer almış müddəa çıxarılmalı, başqa sözlə Ermənistanın əsas qanununda aidiyyəti dəyişiklik edilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31