Türk dövlətləri müdafiə sahəsində yeni mərhələyə keçir– ÖZƏL

"H.Akarın Türkiyə və Azərbaycanın vahid ordunun yaradılması üzərində işləməsi ilə bağlı verdiyi bəyanat və eləcə də Şimali Kipr Türk Cümhuriyyətinin də qatılacağı birgə hərbi təlimlərin keçirilməsinin vacibliyini qeyd etməsi zərurətdən irəli gəlir. 
Bu gün dünyada baş verən geosiyasi dəyişikliklər, Rusiya və Ukrayna arasında olan savaş, ölkələrimizin regional dəhlizlərin üzərində yerləşməsi, Qərbin enerji təhlükəsizliyində oynadığımız rol Türk dövlətlərinin birgə təhlüksəzilik imkanları üzərində işləməyə məcbur edir. Azərbaycan və Türkiyənin bu prossesdə lokomotiv rolunu öz üzərinə götürməsi lazımdır". 

Bu fikirləri siyasi şərhçi Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:

"Çünki hər iki ölkə uzun illərdir ki, müdafiə sahəsində olduqca aktiv əməkdaşlıq edirlər. 
Azərbaycan regiondakı mövqeyi və imkanları ilə, Türkiyə isə qlobal miqyasda təhlükəsizlk arxitekturasının formalaşmasında fəal iştirak edirlər. Odur ki, indi H.Akarın vahid ordu ilə bağlı bəyanatı türk dövlətlərinin müdafiə sahəsində yeni mərhələyə keçidinin anonsu kimi dəyərləndirilməlidir. 
Azərbaycan onsuzda hər zaman Türk dünyasının yalnız mədəni və tarixi bağlar üzərində deyil, təhlükəsizlik və müdafiə sahəsində də institusional əməkdaşlığı gücləndirməyi siyasi prioritet kimi müəyyənləşdirib. Müdafiə baxımından vahid strategiyanın müəyyənləşdirilməsi, ortaq hərbi təlimlərin keçirilməsi və müdafiə sənayesində əməkdaşlıq türk dövlətlərini hərbi-strateji baxımdan da bir-birinə daha yaxınlaşdıracaq. Bu amil gələcəkdə türk dövlətləri arasında çevik müdafiə koalisiyasının, yaxud regional təhlükəsizlik mexanizminin yaradılmasına zəmin yarada bilər. 
Ümumiyyətlə isə bir daha qeyd edim ki, geosiyasi dəyişikliklər fonunda türk dövlətləri arasında müdafiə sahəsində strateji əməkdaşlığın dərinləşməsi təhlükəsiz gələcək naminə tarixi zərurətdir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31