Ermənistan Rusiya blokundan uzaqlaşır: Məqsəd NATO və Avropa İttifaqıdır? – ÖZƏL
15:50 Siyasət"Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə təsadüfən gətirilməyib. Paşinyan məqsədyönlü şəkildə hakimiyyətə gətirilib və hazırda üzərinə düşən öhdəlikləri yerinə yetirir. Qeyd edim ki, Paşinyan ABŞ tərəfindən hakimiyyətə gətirilib. Onun qarşısında qoyulan əsas vəzifə Rusiyanın Ermənistandakı təsir dairəsini zəiflətmək və ölkənin Qərbyönümlü siyasi kursunu inkişaf etdirməkdən ibarətdir. Paşinyan bu illər ərzində həmin siyasəti uğurla həyata keçirməkdədir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Ekspertin sözlərinə görə, Paşinyan açıq şəkildə bəyan edir ki, Ermənistan Avropaya inteqrasiya edəcək. Onun həyata keçirdiyi siyasi kurs heç kimə sirr deyil. Ermənistanın bütün strukturları Rusiyanın rəhbərlik etdiyi platformalardan uzaqlaşmağa çalışır. Xüsusilə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) boykot etməklə bu təşkilatdan uzaqlaşmaq məqsədi güdür. Çünki Ermənistanın məqsədi Avropa İttifaqına inteqrasiya etdikdən sonra növbəti addım olaraq NATO-nun təhlükəsizlik çətiri altına daxil olmaqdır. Paşinyanın strateji məqsədi NATO blokuna qoşulmaqdır. Bunun üçün Ermənistan, ilk növbədə, Rusiyanın rəhbərlik etdiyi hərbi platforma olan KTMT-dən çıxmalıdır. Paşinyan açıq şəkildə bildirir ki, Ermənistanı bu təşkilatdan çıxarsalar, buna çox sevinər. Yəni onun məqsədi aydındır. Bəs Paşinyan buna hansı bəhanəni gətirir? O, iddia edir ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edərkən KTMT Ermənistanın işğalçılıq siyasətini dəstəkləmədiyi üçün bu təşkilatı boykot edir. Əslində isə bu, pərdəarxası məqsədləri gizlətmək və cəmiyyəti aldatmaq üçün səsləndirilən fikirdir. Əsas məqsəd həm KTMT-dən, həm də Avrasiya İqtisadi İttifaqından çıxmaq, ümumiyyətlə, Rusiyanın rəhbərlik etdiyi təşkilatlardan uzaqlaşmaqdır. Bu proses mərhələli şəkildə həyata keçirilir. Paşinyanın strateji məqsədi NATO blokuna daxil olmaqdır. Çünki onun Avropaya inteqrasiya siyasətinin növbəti mərhələsi də məhz buna hesablanıb. NATO-ya üzv olan dövlətin başqa hərbi blokda təmsil olunması məsələsi də bu baxımdan əhəmiyyətlidir.
"Paşinyan KTMT-ni açıq şəkildə boykot edir, Ermənistanın bu təşkilatda iştirakını məhdudlaşdırır və təşkilatın qərarlarını icra etmir. Bu isə faktiki olaraq KTMT-dən imtina etmək deməkdir. Təbii ki, bu qərarın hüquqi baxımdan rəsmiləşdirilməsi üçün təşkilatın müvafiq qərarı əsasında konkret addımlar atılmalıdır. Artıq proseslərin gedişi onu göstərir ki, Ermənistanın bu təşkilatdan uzaqlaşdırılması məsələsi gündəmə gələ bilər. Rusiya Prezidenti də Ermənistanın baş nazirinə mövqeyini açıq şəkildə bildirir və seçim qarşısında olduğunu vurğulayır: ya Avropa İttifaqına, ya da Avrasiya İqtisadi İttifaqına inteqrasiya. Bu o deməkdir ki, istər Avrasiya İqtisadi İttifaqı, istərsə də KTMT olsun, Ermənistanın Rusiyanın rəhbərlik etdiyi platformalardan uzaqlaşması ehtimalı artır. Bu prosesin mərhələli şəkildə həyata keçirilməsi ssenarisi gündəmdədir. İlk mərhələdə KTMT ilə münasibətlərin kəskinləşməsi, növbəti mərhələdə isə Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması məsələsi aktuallaşa bilər. Bunun üçün müəyyən zaman lazımdır. Ancaq Ermənistanın hazırkı fəaliyyətindən görünür ki, ölkə bu platformalardan uzaqlaşmaq istiqamətində addımlar atır. Bunun arxasında hansı məqsədlərin dayandığını isə zaman göstərəcək", - deyə siyasi şərhçi vurğulayıb.
A. Məsiyevin fikrincə, Ermənistanın baş naziri Ukrayna Prezidenti Volodimir Zelenskinin getdiyi yolla gedir. Çünki Zelenski də Paşinyan kimi bəyanatlar verirdi və bu gün Ukraynada yaranmış vəziyyət göz qabağındadır. Ukrayna bir dövlət olaraq parçalanma təhlükəsi ilə üz-üzədir. Əhalinin sayının kəskin azalması, insanların ölkəni tərk etməsi və qaçqın vəziyyətinə düşməsi ciddi problemlər yaradıb. Ukraynada Zelenskinin həyata keçirdiyi siyasətin nəticəsi olaraq infrastrukturun böyük hissəsi dağılıb və ölkə ağır vəziyyətlə üzləşib.
Bu baxımdan hesab edirəm ki, Ermənistanın baş naziri də Zelenskinin getdiyi yolla irəliləyir. Eyni ssenari bu dəfə Ermənistan üzərindən həyata keçirilir. Başqa sözlə, ABŞ-nin Ukraynada tətbiq etdiyi ssenari bu gün Ermənistanda reallaşdırılır. Hadisələrin gedişi göstərir ki, Ermənistanı ciddi təhlükələr gözləyə bilər. Rusiya Ukraynada hərbi əməliyyatlara başlayarkən irəli sürdüyü əsas arqumentlərdən biri NATO-nun Rusiya sərhədlərinə doğru genişlənməsinin ölkənin milli təhlükəsizliyinə təhdid yaratması idi. Rusiya bu arqumenti hərbi əməliyyatların başlanmasının əsas səbəblərindən biri kimi təqdim edirdi. İndi isə Ermənistanın baş naziri ölkəni Avropa İttifaqına və gələcəkdə NATO-ya inteqrasiya istiqamətində aparır, eyni zamanda Rusiyanın hərbi platformalarından uzaqlaşdırır. Bu, dolayı yolla Rusiyanın təhlükəsizlik maraqlarına qarşı oxşar təhdidlərin yaranmasına səbəb ola bilər. Ermənistanın NATO blokuna daxil olması Cənubi Qafqazda mövcud güc balansının dəyişməsi demək olardı. Bu isə birbaşa Rusiyanın maraqlarına və təhlükəsizlik mövqeyinə təsir göstərə bilər. Hesab edirəm ki, Ermənistanın baş naziri Nikol Paşinyanın həyata keçirdiyi avantürist siyasət qlobal güclərin maraqlarının toqquşmasına səbəb olur və nəticə etibarilə Ermənistanın özündə gərginlik yaradır. Daha doğrusu, bu maraqların Ermənistan ərazisində toqquşması Cənubi Qafqazın digər ölkələrinə də bu və ya digər formada təsir göstərir. Çünki Qərbin əsas məqsədlərindən biri Cənubi Qafqaz ölkələri üzərində Rusiyanın təsirini zəiflətmək və regionda öz mövqelərini gücləndirməkdir. Bu məqsədin həyata keçirilməsində isə Ermənistandan vasitə kimi istifadə olunur.
Səidə Ramazanova