Türkiyə-Ermənistan normallaşması: Ani körpüsünün bərpası nə vəd edir?-ÖZƏL

Türkiyə Ermənistanla sərhəddə yerləşən tarixi Ani körpüsünün bərpası üzrə tender prosesini yekunlaşdırıb. Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlunun sözlərinə görə, layihə üzrə müqavilə sentyabrın 28-də imzalanıb.
Bərpa işləri 4 may 2026-cı ildə imzalanmış protokola əsasən, iki ölkənin birgə komissiyasının koordinasiyası ilə həyata keçiriləcək.

Türkiyənin Ermənistanla sərhəddə yerləşən tarixi Ani körpüsünün bərpasına başlamasını iki ölkə arasında münasibətlərin normallaşması prosesi baxımından necə qiymətləndirmək olar? Bu addım siyasi və diplomatik yaxınlaşmaya töhfə verə bilərmi? Ani körpüsünün bərpasının iki ölkənin birgə komissiyasının koordinasiyası ilə həyata keçirilməsi Türkiyə-Ermənistan münasibətlərinin gələcək perspektivləri və regional əməkdaşlıq baxımından hansı mesajları verir?

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:

" Türkiyə və Ermənistan arasında normallaşma prosesi 2021-ci ildən başlanıb və bu istiqamətdə xeyli məsafə qət edilib. Bu normallaşma prosesində, təbii ki, sərhəd keçid məntəqələrinin təmiri, enerji sahəsində texniki uyğunlaşdırma və digər məsələlər müzakirə edilib, bu istiqamətdə addımlar atılır. Türkiyə və Ermənistan arasında münasibətlərin və etimad mühitinin inkişafı üçün müəyyən digər addımlar da atılır. Bunlardan biri də tarixi abidə olan Ani körpüsünün bərpasıdır. Bu, Türkiyənin Qars vilayətində yerləşən tarixi abidədir və minillik tarixə malikdir.
Bu körpünü yanlış olaraq erməni tarixi abidəsi kimi adlandırmaq da doğru deyil. Bəzən bu cür səciyyələndirmə ilə qarşılaşırıq. Amma ümumiyyətlə, ermənilər onun özlərinə məxsus olduğunu iddia etsələr də, bu istiqamətdə tarixi abidənin bərpası kimi dəyərləndirilməli və bu addımın Ermənistan-Türkiyə münasibətlərinə müsbət təsiri də nəzərə alınmalıdır.
Bu baxımdan, körpünün bərpası gələcəkdə münasibətlərin inkişafı, o cümlədən Azərbaycan-Ermənistan arasında sülh prosesinin irəliləməsi baxımından hər halda müsbət addım kimi dəyərləndirilə bilər.
Türkiyənin Ermənistanla sərhədlərin açılmasını Azərbaycanla münasibətlərin inkişafına və sülh müqaviləsinin imzalanmasına bağladığını bilirik. Bununla bağlı Türkiyənin rəsmi mövqeyi var. Türkiyə və Ermənistan nümayəndələrinin müzakirələrində qarşılıqlı etimad mühitinin yaradılması üçün bəzi addımların atılması məsələsi də müzakirə olunur. Bu etimad mühitinin yaradılmasına müsbət töhfə verəcək amillərdən biri də qeyd olunan körpünün bərpasıdır.
Bu baxımdan, mən məsələnin xüsusi olaraq şişirdilməsinin tərəfdarı deyiləm. Hər halda, bu, tarixi abidədir və onun bərpası iki ölkə arasında münasibətlərə müsbət təsir edə bilər. Bu, Türkiyənin Ermənistandakı nüfuzunun güclənməsinə də təsir göstərə bilər. Türkiyənin Cənubi Qafqazda mövqeyinin güclənməsi, şübhəsiz ki, regionda sülh və əməkdaşlıq üçün mühüm amil kimi dəyərləndirilməlidir.
O baxımdan, körpünün bərpası gələcək münasibətlərin perspektivləri baxımından müsbət addım kimi qiymətləndirilməlidir. Düşünürəm ki, bu məsələyə həssas yanaşdığımız kimi, rasional da yanaşmalıyıq".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31