Avropa fond indeksləri texnologiya sektorunun dəstəyi ilə yüksəlib – ÖZƏL

Olaylar.az xəbər verir ki, bazar ertəsi keçirilən ticarət əməliyyatlarının yekunlarına görə, Qərbi Avropanın aparıcı ölkələrinin fond indeksləri texnologiya şirkətlərinin səhmlərinin kəskin bahalaşması fonunda nəzərəçarpacaq dərəcədə artıb. Ümumavropa "Stoxx Europe 600" indeksi 1,8% yüksələrək 636,97 bəndə çatıb. Böyük Britaniyanın "FTSE 100" indeksi 1,3%, Almaniyanın "DAX" indeksi 2,2%, Fransanın "CAC 40" indeksi 1,5%, İspaniyanın "IBEX 35" indeksi 1,6%, İtaliyanın "FTSE MIB" indeksi isə 0,7% dəyər qazanıb.

Artım liderləri sırasında ABŞ-nin "Nvidia" şirkətinin rəhbəri vəzifəsinə Censen Huanqın qayıtması xəbərindən dəstək alan yarımkeçirici sektorunun nümayəndələri ("AT&S", "BE Semiconductor", "STMicroelectronics", "ASML Holding", "Infineon Technologies") yer alıb. Həmçinin bank, müdafiə sənayesi, avtomobil və mədənçıxarma şirkətlərinin səhmlərində müsbət dinamika müşahidə olunub. İsveç-İsveçrə şirkəti "ABB Ltd." Almaniyanın soyutma sistemləri istehsalçısı "Ziehl-Abegg SE"ni 2,2 milyard dollara almaq planlarından sonra 4,9% bahalaşıb.

Ən kəskin ucuzlaşma isə ABŞ-nin "Costco" pərakəndə satış şəbəkəsinin rəqabətli qiymətə öz brendi altında protein satışını bərpa etməsi xəbərindən sonra İrlandiyanın "Glanbia" (-6,9%) şirkətində qeydə alınıb. Neft-qaz sektorunun təmsilçiləri ("Var Energi", "Repsol", "TotalEnergies", "BP", "Shell") də günü azalma ilə başa vurub.

Makroiqtisadi məlumatlara gəlincə, "S&P Global"ın ilkin hesablamalarına əsasən, noyabr ayında avrozonada məcmu işgüzar fəallıq indeksi (PMI) dəyişməyərək 51,7 bənd səviyyəsində qalıb. Bu göstərici Almaniyada 2022-ci ilin martından bəri maksimum həddə (55 bənd) yüksəlsə də, Fransada (46,2 bənd) və Böyük Britaniyada (52,3 bənd) azalma qeydə alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00