Zamanla yarışan insan
18 Aprel 23:40 SosialUşaqlıqdan bizə öyrədilən ilk dərslərdən biri budur: bacarmalısan. Bacarıqlı olmalısan, hər şeyə çatmalısan, əgər nəyisə bacarmırsansa, deməli, kifayət qədər çalışmamısan. Bu ideologiya ailədən başlayır, məktəbdə möhkəmlənir, universitetdə tələbə gündəliyinə çevrilir, iş həyatında isə bir norma halını alır. Sanki bu cəmiyyətdə var olmaq üçün daim nəyisə sübut etməliyik. Hətta yorğunluğumuzu belə. Dincəlmək, dayanmaq, bir anlıq nəfəs almaq - bunların hər biri günah kimi hiss etdirilir. Sanki oturduğumuz yerdə heç nə etməməyimiz belə yanlışdır. Çünki hər şey ölçülür: zaman, məhsuldarlıq, bacarıqlar. Uşaqlıq belə səmimiyyətini itirir. "Daha çox bacar" ideologiyası zamanla insana oturuşur və bəzən nəinki bir çox işlərə, hətta özünə belə vaxt ayıra bilməyən bir şəxsə çevirir.
Bu cəmiyyət səssiz şəkildə hər bir fərdindən superqəhrəman olmağı gözləyir. Uşaqlıqdan başlayaraq: "Nə yaxşı oxuyur", "nə gözəl rəqs edir", "ingilis dilini də bilir", "rəsm də çəkir" - bu cümlələr tərifdən çox, övladın gələcəkdə "lazımlı" insan olub-olmayacağını ölçmək üçündür. Beləcə biz uşaqlara dincəlmək, sadəcə uşaq olmaq haqqı tanımırıq. Çünki hər şey bir yarışa çevrilib. Bu yarışda dayanmaq, nəfəs almaq - məğlubiyyət kimi görünür.
Universitet dövrü bu təzyiqin pik nöqtəsidir. Gərək yaxşı oxuyasan, paralel olaraq iş təcrübəsi toplayasan, xarici dil biləsən, könüllülük fəaliyyəti ilə məşğul olasan, üstəlik şəxsi inkişaf üçün də "vaxt tapasan". Bu, bir insanın real gündəliyindən çox, robotun proqramı kimidir. Dincəlmək nəinki unudulur, hətta günah kimi hiss olunur. Axı başqaları bu qədər çalışır, sən niyə dayanırsan? Artıq bu sual başqasından gəlmir - insanın içində, onun beynində formalaşmış bir "daxili senzora" çevrilir. Və o senzordan çıxmaq çox çətindir. Hər şeyin asan olmaması bu narahatlıqla əlaqəlidir. Bu tələskənlik, bu fasiləsiz hərəkət etmə arzusu, əslində heç bir yerə aparmır. Əgər insan bir anlıq durub nəfəs ala bilmirsə, bu, təkcə psixoloji deyil, həm də fiziki bir tükənmişliklə nəticələnir.
İş həyatına keçdikdə isə bu təzyiq daha da sərtləşir. Performans, effektivlik, nəticə - yalnız məhsuldarlığın deyil, artıq insanın dəyərinin ölçü vahidinə çevrilir. Kimsə bir gün sadəcə sakitcə oturub düşünürsə, bu artıq "iş görmür" sayılır. Halbuki bəzən susmaq, sadəcə baxmaq, düşünmək də fəaliyyətdir. Amma sistem bunu qəbul etmir. Sən nəticə göstərməlisən - hər gün, hər an. Bu fasiləsizlik insanı tükəndirir. Nəfəs almaq haqqını əlindən alır. Hər gün bir addım daha yaxınlaşmaq, hər gün bir addım daha çox öyrənmək gözlənilir. Amma bu sonsuz hərəkətlərin nə sonu var, nə də sabit nəticəsi. Hər şeyi bacarmaq istəyi insanı sadəcə daha çox yorur.
Bütün bu təzyiqlərin içində ən çox zərər çəkən "mən" olur. Çünki hər gün özünü başqalarına sübut etmək üçün çalışırsan, amma bir gün ayılıb görürsən ki, özünə yad olmusan. Nə istədiyini unutmusan, nə sevdiyini bilmirsən, nə də nədən bezdiyini anlayırsan. Çünki səni sən edən o "mən", gündəlik təlaşların içində itib. Və onu geri qaytarmaq üçün ilk addım - dayanmaqdır. Heç nə etmədən durmaq - bu, zəiflik deyil. Bu, var olmağa verilən haqqdır. Özünə zaman ayırmaq sadəcə istirahət etmək deyil. Bəzən bu, bir insanın özünü tanımaq üçün verdiyi ən böyük hədiyyədir. Özümüzə həsr etdiyimiz o sadə anlar bizə dünya ilə əlaqələrimizi yenidən düşünmək imkanı verir. İş həyatının gərginliyi içində belə anlar bizi özümüzlə barışdırır.
Özünə vaxt ayırmaq yalnız istirahət deyil. Bəzən bir pəncərəyə baxmaq, bir musiqini sakitcə dinləmək, bir stəkan çayı sükutla içmək - bunların hər biri insana özünü xatırladır. Biz isə bu sadə anları ikinci plana atmışıq. Zamanla yarışan insan "sakitlik" anlayışını itirib. Halbuki bu anlar bizi yenidən özümüzə qaytarır.
Sistem bizə öyrədib ki, əgər sən dincəlirsənsə, bir iş görmürsənsə - deməli, yetərli deyilsən. Halbuki insanın dəyəri onun fasiləsiz fəaliyyəti ilə ölçülməməlidir. İnsan maşın deyil. Bəzən bu dünyada sadəcə "olmaq" da bəs edir. Amma bu "olmaq" anlayışını bərpa etmək üçün ilk olaraq içimizdəki tənqidçini susdurmalı, özümüzə qarşı mərhəmətli olmağı öyrənməliyik. Bunu öyrəndikcə həyatın sadə, amma əslində çox dəyərli tərəflərini görə bilərik.
Nəticə olaraq: hər şeyi bacarmaq məcburiyyətində deyilik. Biz insanıq - yorula bilərik, dayanmaq istəyə bilərik, heç nə etmədən də bir günümüzü keçirə bilərik. Bu zəiflik deyil - ehtiyacdır. Özümüzə ayırmadığımız hər an bizi bir az daha uzaqlaşdırır. Hər şeyi etməyə çalışarkən, ən vacibini - özümüzü - itiririk. Və bəlkə də həyatın gerçək dəyəri elə burada gizlənib: heç nə etmədən durmaq, amma tam olaraq "orada olmaq".
Zeynəb Rzayeva