"Olaylar" qəzeti və media agentliyi etibarlı məlumat mənbəyi və oxucunun sadiq dostudur- OLAYLAR-30
10:42 SosialElnarə Qaragözova
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
"Ədəbi tənqid" şöbəsinin aparıcı elmi işçisi
Fil.f.d., dosent
"Olaylar" qəzetinin hər yubileyi bu qəzetin zamanın salnaməsi kimi tariximizdə rolunu, yerini bir daha vurğulamaq, tarixi səhifələrə həkk edən insanlar haqqında bir daha danışmaq imkanıdır. İstənilən mətbu orqanın yubileyi onun yaranmasında əməyi olan hər kəsin və təbii ki, sadiq oxucularının bayramıdır. Bu gün "Olaylar" qəzetinin 30 illik tarixinə baxdıqda keçilən uğurlu yolun ən bariz timsalı kimi onun yetişdirdiyi imzaların çıxış etdiyini görürük. Bu qəzet, agentlik yalnız burada çalışmış və çalışan jurnalistlərin deyil, biz alimlərin də ömrünə maraqlı anlar, qüururlu məqamlar yazılması ilə yadda qalıb. Bu gün "Olaylar"ın tanıtdığı imzalar içində adımın çəkilməsi mənim üçün böyük bir fəxrdir və "Olaylar" mənim üçün hər zaman doğma qəzet, doğma agentlikdir. İstər baş redaktor Yunus Oğuz, istərsə də redaktor müavini Fatma xanım Abbasqulubəyli hər zaman qəzetə göndərdiyim yazılara ən az mənim qədər doğma münasibət sərgiləyiblər və mən "övladlarımı" onlara ürəklə etibar etmişəm və edirəm.
Mən ədəbiyyatşünas kimi ilk müsahibəmi də məhz "Olaylar"qəzetinə vermişəm. Tale elə gətirib ki, bir müddət "Olaylar" qəzetində "Ədəbiyyat söhbətləri" layihəsini də aparmaq mənim taleyimə yazıldı. Bu layihəyə başlayan andan baş redaktor Yunus Oğuz və redaktor müavini Fatma xanım bütün müsahibələrimə məhz jurnalistika mövqeyindən özəl diqqət ayırdılar və "Olaylar"da bir filoloqun jurnalist kimi debütü baş tutdu.
Yubiley həm də müasir, süni intellektin hökmranlıq etdiyi dünyada qəzetin rolunu yenidən nəzərdən keçirmək, rəqəmsal əsrdə çap mediasının taleyini və yeni təfəkkürlü auditoriya ilə əlaqə qurmağın yeni yollarını tapmaq barədə bir hesabatdır. "Olaylar" qəzeti və agentliyi məhz bu missiyanın öhdəsindən layiqincə gəldiyi üçün bu gün müasir mediamızın uğurlu orqanlarından biri kimi yolunu davam etdirməkdədir.
Düz 30 il - bir qərinədir ki, "Olaylar" qəzeti və media agentliyi etibarlı məlumat mənbəyi və oxucunun sadiq dostudur. Bu yubiley keçmişi xatırlamaq üçün bir səbəb olmaqla yanaşı, həm də gələcəyə mesaj göndərmək şansıdır, bundan sonra da bu günkü informasiya dünyasında etibarlı tərəfdaş olmaq üçün verilən sözdür: əsl jurnalist sözü.