Diplomatların Qarabağa səfəri: Beynəlxalq dəstək artır? – ÖZƏL

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri - səfirlər və müşavirlər Xankəndi və Şuşaya səfər ediblər. Səfərin məqsədi diplomatik nümayəndələri regionda aparılan bərpa işləri və mövcud vəziyyətlə yerində tanış etməkdir. 

Maraqlıdır, diplomatik korpusun nümayəndələrinin Xankəndiyə və Şuşaya səfəri beynəlxalq aləmdə Azərbaycanın post-münaqişə siyasətinə dəstəyin artması kimi dəyərləndirilə bilərmi?

"Post-münaqişə dövründə Azərbaycana beynəlxalq dəstəyin artdığını deyə bilərik. Vaxtilə xarici diplomatik nümayəndəliklər Şuşaya və Qarabağın bəzi bölgələrinə səfər etmirdi. Xüsusilə Qərb ölkələrini buna nümunə demək olar. Amma artıq bu məsələlər aradan qalxır. Bu isə onu göstərir ki, dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Qarabağın Azərbaycana məxsus olduğunu qəbul edir və yavaş-yavaş Qarabağ üzərindən Azərbaycana yönələn təzyiqlər də əhəmiyyətini itirir. Digər tərəfdən, Qarabağda görülən işlərin təbliği və təşviqi ictimai rəyə də ciddi təsir göstərir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa söyləyib. O qeyd edib ki, xarici nümayəndələr Qarabağa səfərlərlə həqiqətləri görür, erməni təbliğatının saxta iddiaları isə ifşa olunur:

"Eyni zamanda bu səfərlər zamanı diplomatik nümayəndələrə Qarabağın, o cümlədən Şuşa və Xankəndinin tarixi haqqında zəruri məlumatlar verilir. Bu da olduqca əhəmiyyətlidir. Unutmamalıyıq ki, erməni təbliğat maşını uzun illər ərzində ciddi şəkildə saxta təsəvvürlər formalaşdırıb. Onlar guya Qarabağın tarixən ermənilərə məxsus olması barədə yanlış bilgilərlə beynəlxalq ictimaiyyəti çaşdırıblar. İndi isə insanlar Qarabağa səfər edərək həqiqətləri öz gözləri ilə görür və anlayırlar ki, bu ərazilər tarixən Azərbaycanlılara məxsus olub, burada Azərbaycan xalqı yaşayıb. Ermənilər isə bu əraziyə sonradan köçürülüblər və hazırda Azərbaycanın yurisdiksiyasına tabe olmaq istəmədikləri üçün həmin əraziləri tərk ediblər. İnsanlar vətənini asanlıqla tərk etmir. Bu gediş onu göstərir ki, onlar burada sonradan məskunlaşıblar və buna görə də bu bölgələri asanlıqla tərk ediblər".

Siyasi şərhçinin sözlərinə görə, Qarabağa edilən səfərlər sülhə töhfə verir və Azərbaycanın suverenliyini beynəlxalq aləmdə daha da möhkəmləndirir.

"Bu cür səfərlər bölgədə gələcək sülhə və təhlükəsizliyə də müsbət təsir göstərir. Əslində, nə qədər çox insan, diplomatik nümayəndə və xarici ölkə təmsilçiləri Qarabağla bağlı həqiqətləri öyrənərsə, bu mövzu ətrafında gərginlik və münaqişələrin də qarşısı alınmış olur. Ümumilikdə Qarabağ mövzusu üzərindən Azərbaycana olan təzyiqlər öz əhəmiyyətini itirir. Ermənistan tərəfi də - xüsusilə Paşinyanın simasında - artıq dinc yanaşı yaşamağın və Azərbaycanın suverenliyini tanıyan sülh sazişinin imzalanmasının vacibliyini anlayır.
Bu səfərlər Qarabağın Azərbaycana aid olması faktının beynəlxalq miqyasda daha da möhkəmlənməsi kimi də dəyərləndirilə bilər".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31