Ermənistanın məqsədi gərginlik yaratmaq və Azərbaycana təzyiq göstərməkdir- ÖZƏL
18 Aprel 16:33 SiyasətPaşinyan son çıxışında Azərbaycanın əsas tələblərinə, o cümlədən konstitusiya dəyişikliyi və Minsk Qrupunun ləğvinə müsbət yanaşmağa hazır olduğunu bildirib.
Politoloq Tofiq Abbasov Olaylar.az-a açıqlamasında qeyd edib ki, Ermənistanın məqsədi gərginlik yaratmaq və Azərbaycana təzyiq göstərməkdir:
"Bu Ermənistanın manevridir. Ona görə ki, bu məsələdə qərar verən rəsmi İrəvan deyil, İrəvanın arxasında duran qüvvələrdir. O cümlədən Avropa İttifaqı, Fransa, Amerikanın bəzi qrupları - xüsusilə Demokrat Partiyası ətrafında olan lobbilər və s. Məsələ burasındadır ki, onlar deyir ki, elə bu günlərdə , məsələn, biz bu sənədi imzalaya bilərik. Sənədi imzalamaq asan məsələdir. Amma sənədə imza atmaq məqsəd deyil, bu bir vasitədir. Yəni bizə dayanıqlı, beynəlxalq qanunlardan irəli gələn tələblər səviyyəsində prosesi təmin etmək lazımdır. Çünki Ermənistan iddiaçı idi - Azərbaycan torpaqlarına iddialar irəli sürürdü, bu gün də irəli sürür və biz bununla barışa bilmərik. Ən azı iki Qarabağ müharibəsi olub son dönəmdə, amma ümumilikdə 115 il ərzində dörd müharibəmiz olub. Onlar bölgədə yaşayaraq bölgənin problemlərini yalnız və yalnız artırırlar. Artıq bəlli olur ki, nəyə görə bu dövləti yaratdılar - bu sövqedici qüvvələr, elə Vatikan, Fransanın katolik dairələri, Rusiya imperiyasının çar ətrafında olan qüvvələri və s. Burada bir neçə mərkəzin maraqları üst-üstə düşmüşdür. Ona görə də bunlar Azərbaycan xalqı üçün belə problemlər yaratdılar. Yenə deyirəm, 115-120 il ərzində dörd müharibəmiz olub. O qurbanların çoxu, 99 faizi günahsız insanlardır. Çünki onların quldurları, quldurbaşları birinci dünya müharibəsindən batalyonları geri çəkərək gəlib Azərbaycan xalqının qadın-uşağı ilə, qocaları ilə müharibə aparırdılar. Azərbaycanlılar isə Çanaqqalada qan tökürdülər ki, qardaş türk xalqı tək qalmasın. Bu prosesdə əlbəttə ki, Nikol Paşinyan bleflə məşğuldur. Çünki faktiki olaraq niyə biz deyirik ki, Minsk Qrupu ləğv olunmalıdır? Minsk Qrupu ona görə ləğv olunmalıdır ki, onun mövcudluğu göstərir ki, guya Qarabağ məsələsi hələ həll olunmayıb. Mən bu arqumentləri gətirən ekspertlərlə tam razıyam. Digər tərəfdən, burada Fransanın özünün xüsusi bir planı var. Niyə onlar yenə də beynəlxalq müşahidəçi adı altında bu "binokl diplomatlarını" burada saxlayırlar? Hətta indi yenidən məsələyə qayıdıb deyirlər ki, həm say artsın, həm də onların mandat müddəti artırılsın. Niyə? Çünki bu məsələnin sonunda rəsmi Parisin istəyi ondan ibarətdir ki, bölgəyə sülhməramlı qüvvələr adı altında hərbi kontingent gətirsinlər.
Onlara lazım olan odur ki, Azərbaycanla toqquşma olsun. Azərbaycan isə buna hələ imkan vermir. Buz görürük ki, son vaxtlar nə baş verir - Ermənistan tərəfindən atəş səslərini eşidirik. Yenə də onlar təxribatlara meydan verirlər. Çünki onlara lazım olan budur - tapşırıq bundan ibarətdir ki, Azərbaycanda sakit-sabit şərait olmasın. Demək ki, siz gərginlik görüntüsü yaradın və biz bundan istifadə edəcəyik. Odur ki, burada Azərbaycanın əsas məqsədi ondan ibarətdir ki, biz düşmənə imkan verməyək, səhv etməklə ona o fürsəti tanımayaq ki, istədiyi məkirli planları həyata keçirsin. Biz buna imkan verməyəcəyik. Prezident İlham Əliyevin qətiyyəti də burada birmənalıdır. O bildirir ki, biz tələsmirik, bizə təklif uyğun deyilsə, biz bu sənədi indi imzalamırıq. Amma bizə boş sənəd lazım deyil. Çünki bir gündə imza çəksək, sabah artıq işləməyəcək. Bu, kiminsə ürəyinə xoş gələn bir məsələ ola bilər, amma biz buna heç vaxt getməyəcəyik. Əmin olmadıqca ki, Ermənistanın niyyəti saf və düzgündür, biz bu məsələyə getməyəcəyik. Odur ki, burada Paşinyan yenə də manevrlərə əl atır və onun bu epataj siyasəti göstərir ki, ona lazım olan indi ən çox hakimiyyəti qoruyub saxlamaq və seçkilərə qədər güc toplamaqdır".
Zeynəb Mustafazadə