"Olaylar” qəzeti sanki dünya türklərinin haqq bağıran səsi kimi doğulub- OLAYLAR-30

"Mətbuat hər bir cəmiyyətin həyatında mühüm rol oynayır. KİV ictimai rəyi formalaşdırmaqla "IV hakimiyyət", "Cəmiyyətin güzgüsü" statuslarını icra edir. Yaşadığımız informasiya cəmiyyətində media subyektləri artıq həm də silah rolunu oynaya bilir. Bu, Azərbaycan jurnalistika sistemi üçün də istisna deyil". "Olaylar" xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov deyib: "Məlum olduğu kimi, bu il Azərbaycan jurnalistikasının 150 ili tamam olur. Bu yarım əsr ərzində ölkə mətbuatı öz inkişafı baxımından bir neçə mərhələdən keçib. 1992-ci ildə  Azərbaycan müstəqillik əldə etdikdən sonra cəmiyyətin bütün sahələrində olduğu kimi mətbuatda yeni, xüsusi bir ab- hava müşahidə olundu. Bu ab-hava xüsusi ilə demokratik mühitlə bağlı idi. Məhz demokratikləşmənin nəticəsində mətbuat orqanlarının sayı kəskin artdı.
Bu gün artıq Azərbaycan mətbuatında məktəb rolunu oynayan "Olaylar" qəzeti də bu mühitin məhsuludur. Nəşrin əsasını Yunus Oğuz 2005-ci ildə qoyub. Sözügedən media quruluşu bu müddət ərzində uzun inkişaf yolu keçib. Qəzet  Azərbaycan mətbuatında özünəməxsusluğu ilə həmişə seçilib, ictimai-siyasi proseslərə təsir baxımından çox önəmli yer tutub. Qəzetlər sırasında "Olaylar"ın ayrıca yeri, dəst-xətti və dəyəri var.

Eyni zamanda, fəaliyyətində daim dövlətçiliyə sadiqlik, milli təəssübkeşlik, qərəzsizlik, operativlik, prinsipiallıq nümayiş etdirərək geniş oxucu auditoriyasını formalaşdıra bilib. Üstəgəl, bu mətbu orqanın təsis olunması da maraqlı tarixə təsadüf edir. Bildiyimiz kimi, aprelin 24-ü hər il qondarma erməni soyqırımının ildönümü kimi qeyd olunur. Bu tarixdən çap olunmağa başlayan "Olaylar" qəzeti sanki dünya azərbaycanlılarının, türklərinin haqq bağıran səsi kimi doğulub. Dövlətçilik ənənələri və milli maraqların qorunması bu qəzet üçün prioritet olub. Danılmaz faktdır ki, adıçəkilən media orqanı Azərbaycan mətbuatının bir nümunəsi kimi dünya mətbuatının ümumi inkişaf xəttinə uyğun şəkildə xidmət göstərir. Həmçinin səhifələrində Azərbaycan jurnalistikasının özünəməxsus ənənələrini layiqincə davam etirir. Əlbəttə, qeyd etmək yerinə düşərdi ki, hər bir uğurun arxasında güclü lider və uğurlu komanda dayanır. Və "Olaylar"ı "Olaylar" edən baş redaktor Yunus Oğuzun rəhbərliyi ilə fəaliyyət göstərən fədakar "olayçılar"dır. 
"Olaylar"  məktəbdir. 30 illiyində bu məktəbə ömrünün uzun olmasını arzu edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31