​ Azərbaycanla Gürcüstan arasında 125-dən çox sənəd imzalanıb- ÖZƏL


"Gürcüstanın yeni Prezidenti Mixail Kavelaşvilinin ilk xarici rəsmi səfərini Azərbaycana etməsi də dostluğumuzun göstəricisidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib: "Xatırladaq ki, 2024-cü ildə Gürcüstanın tarixində ilk dəfə yeni qayda ilə prezident seçkiləri baş tutub. Belə ki, ötən ilin dekabrın 14-də parlamentdə 300 nəfərdən ibarət seçki kollegiyası hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyasının namizədi Mixail Kavelaşvilini Gürcüstanın altıncı Prezidenti seçib. Prezidentin andiçmə mərasimi dekabrın 29-da baş tutub".
Millət vəkilinin sözlərinə görə, ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin təməli 1996-cı il martın 8-də imzalanan "Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə" ilə qoyulub. Müstəqilliklərini bəyan etdikdən sonra iki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. İndiyədək ölkələrimiz arasında 125-dən çox sənəd imzalanıb. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb. Azərbaycan ilə Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək təcrübəsi var. BMT Baş Assambleyasının 2020-ci (3 sentyabr), 2021-ci (17 iyun) və 2022-ci ildə (8 iyun) keçirilmiş sessiyalarında "Abxaziya (Gürcüstan) və Cənubi Osetiyadan (Gürcüstan) məcburi köçkün və qaçqınların vəziyyəti barədə" qətnamələrə dair səsvermə zamanı Azərbaycan sözügedən sənədin lehinə səs verib. Eyni zamanda,
Gürcüstanın nümayəndə heyəti 2024-cü ildə Avropa Şurasının müxtəlif qurumlarının təmsilçiləri ilə görüşlərdə Azərbaycan nümayəndə heyətinin geri qayıtması məsələsini aktuallaşdırıb, həmçinin​ AŞPA-nın gündəliyinə ölkəmizin qatılmadığı debatların daxil edilməsinə etirazını bildirib. Qarşılıqlı dəstəklə​ bağlı belə misalların sayı kifayət qədər çoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31