Etibar qutusu: şagirdlərin gizli səsi

Son illərdə Azərbaycan təhsil sistemində müxtəlif islahatlar aparılır, lakin bəzi yeniliklər var ki, onların təsiri yalnız statistikaya deyil, insan həyatına, şagirdlərin daxili dünyasına toxunur. Belə yeniliklərdən biri də məktəblərdə tətbiq olunan "etibar qutuları"dır.

Etibar qutuları - adı qədər də məqsədi aydındır: etibar, inam və səssiz səslərin eşidilməsi. Bu qutular vasitəsilə şagirdlər müəllimlərinə, məktəb psixoloqlarına və bəzən də valideynlərinə üz-üzə deyə bilmədikləri fikirləri anonim şəkildə çatdırırlar. Məktəbin bir küncündə yerləşən sadə bir qutu, əslində böyük bir cəmiyyət probleminin içində səssiz çarə axtaran uşaqlar üçün sığınacaqdır. Məqsəd - onların səsini eşitmək, iç dünyalarını anlamaq və ehtiyac varsa, vaxtında müdaxilə etməkdir.

Bu təşəbbüs uşaqlara belə bir mesaj verir: Sənin sözün önəmlidir, səni dinləyən var. Bu, özlüyündə güvən hissi formalaşdırır, uşaqlara müsbət təsir göstərir və məktəbə aidiyyət hissini gücləndirir.

Bu qutuların məhz anonim olması isə ən mühüm məqamdır. Çünki şagird üçün əsas problem çox zaman qorxudur: cəzalandırılmaq və ya lağa qoyulmaq qorxusu. Etibar qutusu bu baryeri sındırır, məktəbi daha şəffaf, daha açıq bir məkana çevirir.

Bəzən sadəcə bir cümlə - "Mən dərslərdə çox sıxılıram", "Mənimlə heç kim oynamaq istəmir", "Evimizdə problemlər var" - böyük dəyişikliklərin başlanğıcı ola bilər. Uşağın yazdığı sadə bir kağız parçası onun iç dünyasına açılan qapıdır. Və bu qapıdan keçmək, onu eşitmək, vaxtında dəstək olmaq - məktəbin ən mühüm vəzifələrindən biridir.

Təhsil eksperti Rizvan Fikrətoğlu qeyd edir ki, etibar qutuları həm də müəllim və valideynlər üçün də nəzərdə tutulub:

"Məktəblərdəki "etibar qutusu" şagirdlərlə yanaşı, müəllim və valideynlər üçün nəzərdə tutulub. Bu qutuların məqsədi təkcə şikayət deyil, sevgi və xoş təəssüratı bölüşməyi də özündə ehtiva edir. Xarici məktəblərin təcrübəsində də bu var və normal qarşılanılır. Ünsiyyətə qapalı olan şagirdlər üçün gizliliyi qoruyan bu qutular vasitəsilə onlar narahat olduğu və arzuladığı halları qeyd edə bilərlər. "Etibar qutusu"ndakı məktublar problemləri, baş verməsi gözlənilən təhlükənin vaxtında qarşısının alınmasını təmin edir. Vəziyyətə uyğun olaraq məktəb rəhbəri və psixoloqu fərdi və qrup şəklində maarifləndirmə tədbirləri görür".

Təhsil eksperti "etibar qutuları"nın məktəbdəki emosional rifahı gücləndirmək üçün effektiv bir vasitə olduğunu da bildirir:

"Uşaqların emosional rifahı və məktəb mühiti baxımından etibar qutularının tətbiqini müsbət yanaşma kimi qiymətləndirmək daha doğrudur. Ancaq bunun səmərəli olması üçün şagirdlərin və müəllimlərin bu qutulardan düzgün və məsuliyyətlə istifadə etmələri və məktəb rəhbərliyinin bu təklifləri ciddi şəkildə qiymətləndirməsi vacibdir.

Qutuların anonim olması şagirdlərə öz fikirlərini və hisslərini sərbəst ifadə etməyə imkan verir. Bəzi şagirdlər duyğusal olduğu üçün valideyn ya müəllimləri ilə açıq danışmaq onlara çətin gələ bilər.  Şagirdlərin valideynə, müəllimə və ya məktəb psixoloquna deyil, bu cür anonim qutulara üz tutmasının əsas səbəblərindən biri davranışın, məktəb mühitindəki etimad və əlaqələrin zəif olduğunu göstəricisidir. Əgər şagirdlər birbaşa müəllimə və ya valideynə müraciət etməkdə çətinlik çəkirlərsə, bu, həmin münasibətlərin effektivliyinin və açıq ünsiyyətin olmaması ilə bağlı bir siqnal ola bilər".

Hazırda bu təşəbbüs bəzi məktəblərdə tətbiq edilir, lakin artan maraq və alınan nəticələr göstərir ki, bu təşəbbüs genişlənməyə dəyər. Etibar qutuları təkcə şagirdin psixoloji durumuna deyil, məktəb daxilində münasibətlərin və dəyərlərin formalaşmasına da təsir edir.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31