Dəyərlərin itkisi: Gənclik, texnologiya və ailə arasında qalan cəmiyyət
11 Aprel 21:20 SosialSosioloq Lalə Mehralı: Müasirləşmək - öz köklərindən qopmaq deyil, öz köklərini qoruyaraq zamanla ayaqlaşmaq deməkdir
Müasir dövrdə ailə dəyərləri və milli ənənələrin gənc nəsil tərəfindən necə qəbul edildiyi, bu dəyərlərin qorunması və ya itirilməsi məsələsi cəmiyyətin aktual və mübahisəli mövzularından biridir. Gənclərin ailə və milli kimliklə bağlı məsafəli münasibəti çox zaman onların qərbləşməyə, müasirliyə meyilliliyi ilə əlaqələndirilir. Lakin unudulmamalıdır ki, bu gənclər milli-mənəvi dəyərlərlə zəngin ailələrdə doğulub böyüyüblər və onların dünyagörüşü, yanaşmaları da əsasən ailədən aldığı tərbiyənin və gördüyü nümunənin məhsuludur.
Texnologiyanın sürətlə inkişaf etdiyi, qloballaşmanın sərhəd tanımadığı bir zamanda gənc nəsil artıq fərqli bir həyat tərzini mənimsəyir. Nəticədə isə klassik ailə modeli ilə müasir yaşam arasında ciddi ziddiyyətlər meydana çıxır.
Bu müsahibədə sosioloq Lalə Mehralı ailə institutunda baş verən dəyişikliklərin səbəbləri, gənclərin dəyərlərə yanaşması, sosiallaşma problemləri və bütün bu proseslərin gələcək nəsillərə mümkün təsirləri ilə bağlı suallarımızı cavablandırdı.
-Lalə xanım, son illərdə gənclərin ailə dəyərlərinə münasibətində hansı dəyişikliklər müşahidə olunur? Bu dəyişikliklərin səbəbləri nələrdir?
-Gənclərin ailə dəyərlərinə və ümumilikdə milli ənənələrə qarşı soyuq münasibəti müşahidə olunanda insanlar bunu gəncliklə, qərbə meyilliliklə və ya müasirliklə əlaqələndirirlər. Amma bir məsələni unutmamalıyıq: o gəncləri də milli düşüncəyə sahib, ənənəvi Azərbaycan ailələrində böyüyən valideynlər tərbiyə edir. Yəni gənclər ailələrində hansı tərbiyəni alırlarsa, hansı ənənələri, adətləri görürlərsə, böyüdükcə öz həyatlarına da onu tətbiq edirlər. Əgər ailədə bu dəyərləri - ailə dəyərini, mənəviyyatı, milli kökə bağlılığı görmürlərsə, təbii ki, öz həyatlarında da bu dəyərləri yaşatmayacaqlar. Bu, birbaşa onların ailədəki tərbiyəsindən, böyümə prosesində mövcud olan abu-havadan asılıdır. Gəncləri günahlandırmaq asandır. Lakin onları böyüdərkən ailə dəyərlərinin, milli ənənələrin aşılanmasına diqqət yetirməyən valideynlər də məsuliyyət daşıyır. Axı bu günkü gənclər, əslində, o ailələrin, o valideynlərin yetirməsidir.
-Gənc nəslin müasir həyat tərzi ilə klassik ailə dəyərləri arasında yaranan ziddiyyətləri necə izah edərdiniz?
-Əslində, biz övladımıza nə ötürürüksə, onlar da gələcəkdə öz övladlarına onu ötürəcəklər.
Yəni övladlarımız ailə qurduqları zaman öz ailələrində yaratdıqları mühit, zamanında gördükləri ailə abu-havasının bir növ təkrarına çevriləcək.
Bu səbəbdən, gənclərin Qərbə meyllənməsi, müasirliyə yönəlməsi və klassik ailə dəyərlərinin unudulması ilə bağlı irəli sürülən fikirlərə baxarkən, onların böyüdükləri ailələrdə tətbiq olunan tərbiyə metodlarına da diqqət yetirmək lazımdır. Çünki hər bir gənc, əslində, ailəsinin məhsuludur və gələcəkdə də öz ailəsini gördüyü nümunələr əsasında quracaq.
-Cəmiyyətin ailə modelində baş verən dəyişikliklər gələcək nəsillərin sosiallaşmasına necə təsir edə bilər?
-Biz öz ailə modelimizdə gördüyümüz ənənəvi sosiallaşmanı övladlarımıza ötürə bilmədik. Bu baxımdan biz, valideynlər, bir növ "sinifdə qalmış" sayılırıq. Çünki biz zamanında sosiallaşmanın, ünsiyyətin ən təbii formalarını görmüş bir nəslin nümayəndələriyik - qohumlarla, ailə böyükləri ilə, dost-tanışlarla, valideynlərlə sıx ünsiyyət quraraq böyümüşük. Lakin bizim övladlarımız dünyaya gələndə artıq texnoloji yeniliklər, süni intellekt, sosial şəbəkələr və internet kimi "nəhəng" bir qüvvə mövcud idi. Bütün bu texnoloji inqilablar övladlarımızın sosiallaşma bacarıqlarını zəiflətdi, onları bir növ monitor qarşısında əsir və dustaq etdi. Bu isə bəzən bizim də işimizə yaradı. Nə mənada?
Biz gün ərzində işdə, evdə və ya başqa məşğuliyyətlərlə məşğul olduğumuz üçün övladımızın küçədə tanımadığımız insanlarla oynayıb ünsiyyət qurması bizi narahat edirdi. Biz istəyirdik ki, övladımız evdə, gözümüzün önündə olsun - televizor, kompüter qarşısında vaxt keçirsin və biz də rahat olaq. Amma unuduruq ki, bu rahatlığın müqabilində biz onun real sosial mühitdən uzaq düşməsinə, ənənəvi sosial bacarıqlarını itirməsinə şərait yaratdıq. Beləliklə, övladlarımızın sosiallaşma bacarıqları zamanla azaldı, sonda isə demək olar ki, yox oldu. Bu gün uşaqlarımızın əksəriyyəti ünsiyyətcil deyil, ictimai yerlərdən qaçır, sosial münasibətlərdən uzaq durur. Onlar ünsiyyətdən çəkinən, təkliyə meylli bir xarakterlə böyüyürlər.
-Sizcə, gənc nəslə ailə dəyərlərini aşılamaq üçün cəmiyyət və dövlət səviyyəsində hansı addımlar atılmalıdır?
-Ailə dəyərlərini nəsildən-nəslə ötürmək, onları unutmağa qoymamaq və mövcudluğunu qorumaq üçün həm əvvəlki nəslin, həm orta nəslin, həm də gənc nəslin bir-biri ilə təmasda yaşaması vacibdir. Amma bu gün biz hər şeydən təcrid olunmuşuq. Valideynlərimizdən uzaqda yaşayırıq, və bizdən sonra gələn nəsil də bizdən uzaq yaşayacaq. Əvvəllər olduğu kimi geniş ailələr, geniş süfrələr, qələbəlik ailə məclisləri artıq yoxdur. Hər kəs öz evində, sakit şəraitdə yaşamağa üstünlük verir. Heç kim qonaq getmək, qonaq qəbul etmək, sosiallaşmaq, ünsiyyət qurmaq istəmir. Hamı əlinə aldığı balaca bir telefonun əsirinə çevrilib - desək, fikrimizi daha dəqiq ifadə etmiş olarıq. Bu kiçik cihaz bizi öz içinə həbs edib. Bütün bunların fonunda isə təkcə ailə dəyərləri deyil, ictimai dəyərlər də itir. Genetik yaddaşımıza hopmuş milli ənənələr, adətlər zamanla silinib yoxa çıxır. Yeni nəsil artıq milli bayramlarımızın mahiyyətini, onların daşıdığı simvolları bilmir. Məsələn, qapı pusmaq nədir, koduya getmək nədir, tongalın üzərindən atlanmaq nə məna verir - bu kimi suallara cavab verə bilmirlər. Halbuki bütün bunlar ailədə aşılanmalıdır. Biz özümüz meqapolislərdə, göydələnlərdə, quş yuvası boyda evlərə girərək, özümüzü və övladlarımızı ora həbs etməklə, ictimaiyyətdən uzaq salmışıq. Nəticədə övladlarımız da dəyərlərdən uzaq tərbiyə alır. Bəzən bizi mühit buna vadar edir - təhlükələrdən qorunmaq məqsədilə.
Bəzən isə sadəcə yoruluruq - həyatın xaosundan, meqapolisin gərgin ritmindən bezirik və yalnız ailəmizlə sakit vaxt keçirmək istəyirik. Amma bu da getdikcə heç kəslə görüşməyən, ünsiyyət qurmağı bacarmayan, tənha bir nəslin formalaşmasına səbəb olur.
-Bəs qloballaşma və texnologiyanın sürətli inkişafı gənclərin ailə dəyərlərinə yanaşmasına necə təsir edir?
-Ümumiyyətlə, dəyərlərin itməsi ilk olaraq qloballaşma ilə başladı, daha sonra isə texnologiyanın sürətli inkişafı ilə davam etdi. Biz qloballaşma prosesində unutduq ki, öz dəyərlərimizi qoruyaraq da inteqrasiyaya nail ola bilərik. Başqa cəmiyyətlərdən dəyər ala, onlara dəyər verə bilərik - lakin öz dəyərlərimizi qorumaq şərtilə. Təəssüf ki, elə zənn etdik ki, bizim dəyərlərimizdən daha üstün dəyərlər mövcuddur. Dünyanın müxtəlif ölkələrindəki adət-ənənələr və dəyərlər bizə daha cəlbedici, daha üstün göründü. Lakin hər bir coğrafiyanın, hər bir toplumun özünəməxsus dəyərləri var və bu dəyərlər həmin cəmiyyətin mövcudluğunda, nizami şəkildə yaşamasında, uzunömürlü olmasında mühüm rol oynayır.
Avropa ölkəsinin dəyəri ilə bizim dəyərlərimiz müqayisə olunduqda, onlara öz dəyərləri doğma və normal görünür. Bizə də öz dəyərlərimiz doğma və normal görünməli idi. Sadəcə, müasirləşmək, qloballaşmaq, inteqrasiya olunmaq bizə o qədər cəlbedici gəldi ki, öz dəyərlərimizi ayaqlar altına atdıq. Onların üzərindən keçərək müasirləşməyə, yenilənməyə çalışdıq. Halbuki, biz öz dəyərlərimizi qoruyaraq da müasir ola bilərik. Müasirləşmək - öz köklərindən qopmaq deyil, öz köklərini qoruyaraq zamanla ayaqlaşmaq deməkdir.
Səidə Ramazanova