Yuxularımız bizə nə deyir? – Şüuraltının sirləri və elmin cavabları
11 Aprel 19:40 SosialGecə gözlərimizi yumduqdan sonra başlayan o sirli dünya - yuxular. Bəzən qorxulu kabuslar, bəzən sevdiyimiz bir insanla təkrar görüş, bəzən isə anlamını ayıldıqdan sonra uzun müddət aça bilmədiyimiz simvollarla dolu səhnələr... İnsan yuxu gördükdən sonra adətən bu suallar yaranır: "Bu nə idi?", "Niyə belə bir şey gördüm?", "Gördüyüm yuxunun mənası nədir?" Yuxuların şifrəsini açmağa çalışan insanlar min illərdir bu sualların cavabını axtarır.
Yuxuların yaranması - Beynimiz gecə nə ilə məşğuldur?
Neyrobioloqlar bildirir ki, yuxular əsasən REM (Rapid Eye Movement) mərhələsində yaranır. İnsan yuxuya gedəndən təxminən 90 dəqiqə sonra bu mərhələ başlayır və beynin fəaliyyəti kəskin şəkildə artır. Əsasən bu dövrdə baş verən yuxular daha canlı, emosional və təsirli olur.
Amerikalı neyrobioloq Allan Hobson bildirir ki, yuxular beynin daxili "öz-özünə danışma" prosesidir - yəni beyin, xarici dünya ilə əlaqəsi kəsilmiş halda öz içindəki informasiyanı emal edir. Bu zaman gün ərzində yaşadıqlarımız, qorxularımız, sevinclərimiz və arzularımız yuxu formasında "yenidən işlənir".
Yuxulara dair ilk sistemli psixoloji yanaşma Ziqmund Freyd tərəfindən irəli sürülüb. Freydə görə, yuxular insanın şüuraltında gizlətdiyi istəklərin və qorxuların simvolik təzahürüdür. O, yuxunu bir növ psixoloji "maskalama" kimi izah edir: insanın sosial mühitdə sərbəst ifadə edə bilmədiyi arzular yuxuda gizli formada ortaya çıxır. Məsələn, yuxuda nərdivandan yıxılmaq, əslində uğursuzluq qorxusunu ifadə edə bilər.
Freydin tələbəsi Karl Qustav Yunq isə yuxulara daha kollektiv və arxetipik yanaşma təqdim etdi. Yunqa görə, yuxular yalnız fərdi deyil, həm də bəşəri şüuraltının mesajlarını daşıyır. Onun fikrincə, hər bir insanın yuxularında yer alan simvollar - su, at, körpü, güzgü, uşaq - insanlığın ortaq yaddaşında daşıdığı mənaları təmsil edir.
Yuxuların növləri və mənaları
Lüsid yuxular: İnsan yuxuda olduğunu dərk edir və hadisələrə təsir edə bilir. Araşdırmalara görə, bu cür yuxular stressi azaltmağa, xəyalları yönləndirməyə və hətta fobiyaların öhdəsindən gəlməyə kömək edə bilər.
Kabuslar: Qorxulu və narahatedici yuxular, adətən travmalar, narahatlıq və emosional gərginliklə bağlıdır. Kabusların təkrarlanması psixoloji narahatlıqların əlaməti ola bilər.
Təkrarlanan yuxular: Eyni mövzuda yuxuların davamlı olaraq görülməsi, adətən beynin həll olunmamış bir problemi "izah etməyə" çalışmasıdır.
Simvolik yuxular: Gündəlik həyatda yaşadığımız duyğular və düşüncələr, yuxularda simvollar vasitəsilə ifadə olunur. Məsələn, "dişin tökülməsi" çox zaman nəzarət itkisini və ya güvənsizliyi simvolizə edir.
Qədim inanclar və yuxu yozmaları
Qədim Misirdə yuxular fironlara verilən ilahi mesajlar hesab olunurdu. Misir yuxu yozucuları yuxuları izah etmək üçün simvolik kitablar tərtib edirdilər. Qədim yunanlarda isə yuxuların tanrılardan gələn xəbərdarlıq olduğuna inanılırdı. Ən məşhur yuxu məbədlərindən biri Asklepius məbədi idi və insanlar burada yataraq yuxuda şifa arayırdılar.
İslam mədəniyyətində də yuxuların mənəvi anlamı böyükdür. Peyğəmbər Məhəmməd (s.ə.s.) yuxularla bağlı buyurmuşdur: "Yaxşı yuxu Allahdandır, pis yuxu isə şeytandandır." Məşhur İslam alimi İmam Nəvəvi yuxuları üç yerə bölürdü: doğru yuxular, yalançı yuxular və şərli yuxular.
Stanford, Harvard və MIT kimi nüfuzlu universitetlərdə aparılan tədqiqatlar göstərir ki, yuxular yalnız emosional vəziyyətin göstəricisi deyil, eyni zamanda psixi və nevroloji xəstəliklərin ilkin əlaməti də ola bilər. Yaponiyada aparılan eksperimentlərdə alimlər beyin fəaliyyətinə əsasən insanın nə gördüyünü təxmin etməyə çalışan cihazlar hazırlayır. Bu cihazlar EEG və fMRI vasitəsilə yuxu zamanı beyindəki impulsları oxuyur və müəyyən obrazları "təxmin edə" bilir.
Yuxularla bağlı maraqlı faktlar
İnsan ömrünün təqribən 6 ili yuxu görməklə keçir;
Yuxuların 90%-i 5 dəqiqə ərzində unudulur;
Kor insanlar da yuxu görür - ancaq bu yuxular səslər, toxunma hissləri və emosiyalar üzərində qurulur;
Beynimiz yuxuda tamamilə yeni üz yarada bilmir. Yəni gördüyümüz hər bir insan ya real həyatda tanıdığımız biri, ya da tanımadan bir dəfə belə olsa qarşılaşdığımız biridir;
Ən çox yayılan yuxular: dişin tökülməsi, uçmaq, imtahandan kəsilmək, çılpaq gəzmək, təqib olunmaq və boğulmaq;
Bəzi insanlar rəngli yuxular, bəziləri isə yalnız qara-ağ yuxular görür. Televizorun qara-ağ dövründə böyüyən insanlar daha çox qara-ağ yuxu görürdülər.
Yuxular elmin izah etməyə çalışdığı, psixologiyanın tədqiq etdiyi, amma hələ də tam başa düşə bilmədiyimiz ən dərin sirrlərdən biridir. Onlar bəzən keçmişin əksi, bəzən gələcəyin işarəsi, bəzən də sadəcə beynin gecə "öz-özünə danışmasıdır." Hər gecə bu sirlə qarşı-qarşıya qalırıq, hər dəfə yeni bir pərdə aralanır.
Bəlkə də bu gecə beyniniz sizə bir şey demək istəyir. Qulaq verin...
Saida Ramazanova