Bullinq doğrudan gələcəyi "bulandırır"?
23 Fevral 2024 18:00 SosialDünya üzrə yaşayan insan sayı milyardlarla ölçülür. İnsanların timsalında fərqli mədəniyyətlər, irqlər, xalqlar, dinlər, güclü, zəif iqtisadiyyatlar və s. təmsil olunur. Bütün bunlar ölkələrdən və şəhərlərdən asılı olmayaraq, bütün insanların gündəlik olaraq davam edən və gələcəyə istiqamətlənən həyat yollarını formalaşdırır. İlkin olaraq dünyaya göz açdığımız ailədən başlayan həyat yolumuzda addımlayarkən bəzən müxtəlif səbəblərdən dolayı bir çox döngələrdə yubana bilirik. Bizi ləngidən səbəblər sonradan yaşamaq istədiyimiz günlərə də, hadisələrə də bizi ya gecikdirir ya da tələsdirir. Bəzən isə bir çoxlarımız elə yerindəcə dayanmalı olur, irəli getmək üçün yetərincə səbəblər tapmaq çətinləşir. Təbii ki, nəzərə alsaq ki, bizim tək həyatımız var. Onu doya-doya yaşamalı olduğumuzu unutmamalıyıq. Bizi yoran, ləngidən, qəlbimizə toxunan bütün səbəbləri geridə qoymağı bacarmalı, tam gücümüzlə irəliyə getməli və bu bənzərsiz ömür günlərinin hər anını zövq alaraq yaşamalıyıq.
Təəssüf ki, bəzən hər şey istədiyimiz kimi olmur və yaşadığımız cəmiyyətdə müəyyən mənfi halların ya şahidi, ya da qurbanı oluruq. Bu kimi hallara şiddət, istismar, bullinq, mobbinq və s. kimi halları misal göstərmək olar. Bu halların hər biri tətbiq olunduqları şəxslərin cinsindən, yaşından asılı olmayaraq onlara ciddi psixoloji təsir göstərir və hətta intihara belə gətirib çıxarır.
Son günlər məktəb yoldaşları tərəfindən bullinqə uğrayan yeniyetmənin yayılan görüntülərindən sonra bu mövzu üzərində müzakirələr genişləndirilib. Bullinq nədir? İnsanlar niyə kiməsə qarşı bullinq tətbiq edir? Ən əsası, bullinq intihara səbəb ola bilirmi? Və bununla necə mübarizə aparmaq lazımdır?
Psixoloq Mələk Kərimlinin sözlərinə görə, məktəbdə bullinq hallarının baş tutması bütün şagirdlərə, xüsusən də zorakılığa məruz qalanlara mənfi təsir etdiyi üçün həll edilməli olan mühüm problemlərdən biridir:
"Bullinq daha güclü şəxslər və ya qruplar tərəfindən daha az güclü şəxslərə və ya qruplara fiziki və psixoloji təzyiqin təkrar tətbiq edilməsidir. Bu kimi hallar ölkələrə, mədəniyyətlərə, yeniyetmələrin yaşına və tətbiq olunma yollarına görə dəyişir.
Bullinq davranışı iki yerə bölünür: birbaşa və dolayı. Qeyd edim ki, oğlanlar daha çox birbaşa zorakılığa, qızlar daha çox dolayı zorakılığa məruz qalırlar, fiziki zorakılığa daha çox gənc siniflərdə rast gəlinir və sinif irəlilədikcə şifahi zorakılıq artır. Əlbəttə, hər nə qədər tərbiyə ailədən gəlsə də, məktəb əsasən təhsil verən müəssisə kimi qeyd edilsə də, əslində müəyyən edilmişdir ki, təhsil mühitinin bəzi xüsusiyyətləri, məsələn, şagirdin şəxsiyyət xüsusiyyətləri, həmyaşıdları qrup münasibətləri, zorakılıq meylləri, ailə və mədəni xüsusiyyətləri, o cümlədən məktəb tipi, məktəb ölçüsü, sinif ölçüsü və müəllim davranışı zorakılıq davranışının formalaşmasında rol oynayır. Məktəbdə zorakılıq hallarının yaşanması şagirdlərin akademik uğurlarına, fiziki və psixoloji sağlamlığına ciddi mənfi təsir göstərir və bu mənfi təsirlər hətta şagirdlərin həyatı boyu davam edə bilir. Bu səbəbdən şagirdlər arasında bullinq halları məktəb psixoloqları, psixoloji məsləhətçilər və həkimlər kimi səhiyyə işçiləri tərəfindən həll edilməli olan bir məsələdir. Məktəblərdə zorakılığın səbəblərini müəyyən etmək və fənlərarası komanda tərəfindən təsirli zorakılığın qarşısının alınması təşəbbüslərini həyata keçirməklə şagirdlərin zorakılıq davranışından zərər görməsinin qarşısı alına bilər.
Müxtəlif səbəblərdən dolayı bullinqə uğrayan şəxslərdə bunun təsirləri fərqli formalarda özünü büruzə verir. Təcrübə göstərir ki, bullinqə uğramaq bəzən illərlə depresiyya düşməkdən tutmuş, intihar etməyə belə sövq edə bilir. Elə ölkəmizdə və dünyada da bullinq səbəbi ilə həyatına son verən kifayət qədər insan olduğunu qeyd edə bilərik. İlkin mərhələdə utanmaq, çəkinmək, qruplardan uzaqlaşmaq, ünsiyyətdən qaçmaq və s. ilə başlayan təsirlər sonradan ən pik hədd ilə - intihar ilə yekunlaşa bilir. Nəzərə alsaq ki, insan psixologiyası, düşüncələri onun bütün hərəkətlərini, davranışlarını həyatını idarə edir, o zaman deyə bilərik ki, insanlar asanlıqla başqalarının həyat yolunu tamamilə dəyişə bilərlər.
Uşaq yaşlarından başlayaraq insan psixologiyasında dərin izlər buraxan bullinqlə mübarizə tədbirlərinin həyata keçirilməsi olduqca vacibdir. Qarşısının alınmaması təqdirdə, nəticələr heç də xoşagələn olmadığı hamımıza bəllidir. Çünki uşaq və yeniyetmələr arasında depressiyanın ən böyük səbəblərindən biri onların həmyaşıdları tərəfindən bullinqə uğramasıdır. Bu zaman valideynlər və ya kömək edə biləcək hər hansı bir şəxs tərəfindən uşağın yaşadığı hadisələrin diqqətlə dinlənilməsi və təsəlliverici cümlələrlə ünsiyyət qurulması lazımdır. Yeniyetməlik dövründə xarici görünüş çox önəmli olur, uşaqlar bir-birlərinə fərqli ləqəblər qoya, bir-birlərinə sataşa bilərlər. Bu zaman zorakılığa məruz qalan uşaq bir müddət buna dözür, lakin bəzən ağlında intihar düşüncələrini belə formalaşdıra bilir.
Ümumiyyətlə, zorakılıq və bullinq halları baş verdikdən sonra müdaxilə etmək üçün strategiyalar hazırlamaq meyli var. Bununla belə, ciddi hadisələrin və ya təkrarlanan hadisələrin gələcəkdə baş verməmişdən əvvəl qarşısının alınmasına əsaslanan təşəbbüslərin yaradılmasının daha məqsədəuyğun olacağı, xüsusən də məktəblərdə zorakılığın səbəblərini təhlil edərək, müvafiq tədbirlərin planlaşdırılması və həyata keçirilməsinin vacibliyi vurğulanır. Zorbalığa səbəb olan vəziyyətlər başa düşüldükdə və müəyyən edilmiş problem sahəsi üçün ən uyğun müdaxilələr planlaşdırılaraq həyata keçirildikdə, şagirdlər, yeniyetmələr həyatları boyu daha sağlam əlaqələr qura biləcəklər. Bullinq şiddətin bir forması kimi ortaya çıxdığından, belə halların qarşısının alınması üçün şagirdlər qəzəbi idarə etmə, streslə mübarizə strategiyaları və müsbət ünsiyyət bacarıqları mövzusunda mütləq təlim keçməlidirlər. Bullinq baş verdikdə, multidisiplinar komanda (məktəb işçiləri, bələdçi xidmətləri, psixoloq, məktəb tibb bacısı, həkim) tərəfindən lazımi müdaxilələr edilməli, zorakılığa məruz qalan və zorakılığa məruz qoyan şagirdlər üçün reabilitasiya proqramları həyata keçirilməlidir.
Gördüyünüz kimi bullinq davranışları hər bir halda qəbuledilməzdir. Bullinqə qarşı mübarizə müxtəlif fərdlərin, təşkilatların, məktəblərin, iş yerlərinin və digər şəxslərin birgə səyini tələb edir. Bullinqin müxtəlif formalarını və onların xoşagəlməz nəticələrini aradan qaldırmaq üçün maarifləndirmə və fəal şəkildə müdaxilə vasitəsilə, biz hər kəsin özünü təhlükəsiz, dəyərli şəxsiyyət olaraq hiss edə biləcəyi və bullinqin zərərli təsirlərindən uzaq olduğu bir dünya qura bilərik. Çünki bu hal təkcə zorakılığı törədənə və qurbana aid deyil. Bu vəziyyət ailələri, hətta bütün cəmiyyəti narahat edir. Çünki şifahi və ya fiziki zorakılıq aktı məruz qalma ilə artır.
Uşaq valideynlərinin bir-birinə qışqırdığını, bir-birini təhqir etdiyini, hətta bir-birini vurduğunu və ya döydüyünü görər, yaxud, özü valideynləri tərəfindən döyülürsə, xırda səhvlərinə görə asanlıqla tənqid, təhqir edilirsə və ya yaşadığı uğursuzluqları ilə bağlı alçaldıcı ifadələrə məruz qalırsa, onun da eyni şəkildə təhqiredici söhbətlərə, zorakılığa əl atması, ya da başqaları tərəfindən zəif gördüyü uşağa qarşı oxşar münasibətə məruz qoyması ehtimalı var.Sosial zorakılıq həm ailə daxilində, həm də uşaqlar arasında şiddəti artırır.
Stress, çətin həyat şərtləri, müalicə olunmayan əsas depressiya, narahatlıq pozuqluğu, zəif hirs nəzarəti və özünə inamsızlıq kimi faktorlar fərdlərin zorakılığa əl atmasını asanlaşdırır.
Qəzəbin idarə edilməsi bütün cəmiyyətdə həll edilməli olan bir vəziyyətdir. Uşaqlar küçədə insanların bir-birinin üstünə qışqırdığını və qaydalara əməl edilmədiyini gördükcə onların zorakılığa məruz qalma riski arta bilər. Cəmiyyətin və cəmiyyətə nümunə olan ailənin zorakılığı tərifləyən danışıq və davranışlardan çəkinməsi, insanlara qarşı tolerantlıq və empatiya qurulması zorakılığı azaldan amillərdəndir.
Həmyaşıd zorakılığına məruz qalan uşaqlar mütləq gələcəyini sağlam formalaşdırmaq üçün mütəxəssis psixiatrdan dəstək almalıdırlar".
Röyalə Xəyal