Sosial media asılılığı- sevgisizlik, yoxsa xəstəlik?
23 Fevral 2024 19:00 Sosialİnternetin son 20 ildə həyatımızda hər sahədə yer alması bir çox asanlıqların, əlçatanlıqların olmasına gətirib çıxarsa da, bərabərində bəzi çətinlikləri də gətirdi. Bu çətinliklərin əvvəlində internet asılılığının yer alır. Lakin internet asılılığının bu gün üçün hələ də bir xəstəlik olub olmaması müzakirə məsələsidir. Çünki, hələ də xəstəliklərin beynəlxalq kitabında internet asılılığı bir xəstəlik olaraq yer almamaqdadır. Şəxs sosial media platformalarında vaxt keçirərkən həzz alır, lakin bunun həddən artıq istifadəsi onun gündəlik həyat funksionallığına, iş və digər məsuliyyətlərinə və digər şəxslərlə olan münasibətlərinə mənfi təsir edə bilir.
Sosial media asılılığı ilə bağı suallarımı psixoloq Minarə Səbzəliyevaya ünvanladım:
-Minarə xanım, öncə gəlin, bunun səbəbindən başlayaq. Şəxslərin sosial mediadan daha çox istifadə etməsinə nə səbəb olur?
-Belə ki, bəzən fərdlər digər insanlar tərəfindən daha çox qəbullanmaq üçün sosial media platformalarından istifadə edərək çox şəkil və ya videolar paylaşır, platformaları daimi şəkildə kontrol edir və yeni nələrisə yaratma cəhdlərini həyata keçirirlər. Onlara gələn xoş şərhlər və bəyənmə sayları onları özünü daha yaxşı hiss etdirə, öz güvəninə və özünü qiymətləndirməsinə müsbət təsir edə bilər, lakin əks halda da bu çox mənfi təsir göstərə bilər və bunun da neqativ nəticələri ola bilər. Daimi şəkildə başqalarının yaşam stillərini, xarici görünüş və uğurlarını izləyən zaman bu istər-istəməz özlərini müqayisəyə səbəb olur. Şəxs qəbullanma ehtiyacı üçün sosial mediada daha çox zaman keçirtməyə başlayır və bundan dolayı real dünya ilə əlaqəsi azalmağa başlayır.

Sosial media üzərində şəxslərin sadəcə uğurlu nəticələri, müvəfəqqiyyətləri vəxoş təəssürat yaradan xatirələrini paylaşmaları bir digər insanın da geri qalmaq istəməməsi və bundan dolayı daimi şəkildə sosial mediaya görə öz həyatını şəkilləndirməsi daha da medyadan asılı hala gəlməsinə səbəb ola bilir. Daimi bəyənilmə arzusu ilə bağlı sosial media platformalarında paylaşılanlar isə şəxslərin öz istədikləri ideal kimliklərini əks etdirir. Burada diqqət edilməli əsas nüanslardan biri budur ki, bu zaman uzun müddət ekran arxasında olan şəxs öz zamanını doğru şəkildə idarə edə bilmir və digər işlərə yetərli vaxt ayıra bilmir. Gerçək dünya ilə əlaqəsi kəsilən şəxsin sosial münasibətləri də getdikcə dərindən zədələnə bilir. Eyni zamanda emosional tarazlığın pozulması, daimi emosianal dalğalanmasının yaşanmasına səbəb ola bilər. Daima mediada olanları kontrol etmə istəyi isə şəxsin daha çox stresslənməsinə, qayğı və təşviş hisslərinin sıxlığına, depressiya və bir çox bu kimi psixoloji narahatlıqların təməlinə gətirib çıxara bilər. Nəzərə alsaq ki, insan sosial bir varlıqdır və bu paradoksun olması onun sosiallaşmasına və paralelində bir çox emosional, psixoloji, sosial və tibbi mənfi təsirlərə səbəb ola bilər. Lakin hər kəsdə sosiaı media asılılığının təsirləri və tətikləyiciləri fərqlidir. Bu səbəbdən onların özünə xas individual terapiya yöntəmi və planları tərtib olunur. Terapiya müddətində də mütləq ki, şəxsin müalicə istəkliliyi, öz əzmi, ailəsinin və sosial dəstəyin önəmi çox böyükdür.
İstədiyi və ya realda sahib ola bilmədiyi və xəyalını qurduğu xüsusiyyətləri sosial medya platformasında əks etdirir. Virtual şəxsiyyəti isə şəxsin istək və arzuları ilə şəkilləndiyi üçün şəxs tərəfindən daha çox qəbul edilməkdədir.
-Bəs, bu qədər ziyanları varsa, niyə sosial media platformalarına bu qədər axın var?
-İnternetdə insanlar özlərini daha asan ifadə edə bilər, hansı ki, bəzi nüansları üz-üzə gəldikdə daha çətin şəkildə ifadə edirlər. Məhz bu səbəbdən gündəlik həyatlarında özlərini ifadə etməkdə çətinlik çəkən şəxslər belə özlərini sosial media platformalarında başqaları kimi ya da tanınmaq istədikləri şəxs kimi ola bilirlər. Məsələn, hər hansısa çat xarakterli sosial media platforması gündəlik çox da yaxşı ünsiyyət qura bilməyən, daima çəkinən şəxslərə bir çox şəxslərlə ünsiyyət qurma fürsəti yarada bilir. Başqa bir şəxs isə normalda öz sərhədlərini qoruya bilməyib "yox" deyə bilməsə də, yazaraq və ya hər hansısa emojidən istifadə edərək öz emosiyalarını ifadə etmək işini asanlaşdırır. Hətta internet platformalarında tanış olaraq ünsiyyət yaradan şəxslər qarşısındakı şəxslərin üzlərini görmədikləri üçün daha asan dərdləşə biləcəklərini deyirlər. Sosial media onlara fərqli bir şəxsiyyət qazandırır. Məsələ, bəzilərinin oyunlarda ikinci bir həyatı var. Orada almaq istədikləri evləri, çalışmaq istədikləri işləri və s. əldə edirlər. Hər şeyi istədikləri kimi dəyişdirə bilirlər. Saçlarının rəngini, bədənin digər xüsusiyyətləri və bunun kimi başqa nüansları. . Bir insan üçün çox böyük xoşbəxtlik olur ki, virtual dünyada ideal məni ilə birlikdə yaşayır. İnternet vasitəsilə xəyallarındakı şəxs olmaq çox asandır. Hər hansısa bir cəhdi, əzmi, uzunmüddətli və qısamüddətli plan əsaslı davranışları və səbri özündə ehtiva etmir. Eyni zamanda digər sosial media platformalarında sosial münasibətlərdə utanan və ya ünsiyyət qurmaqda yetərli güvəni olmayan şəxs bu mühitdə olmaq istədiyi şəxs kimi davrana və ünsiyyət qura bilir.
-Bəs, sosial media platformalarının bu qədər asılılıq yaratmasına səbəb nədir?
-Sosial mediadan istifadə bir vərdiş kimi görünsə də, mənfi təsirləri yetəri qədər çoxdur. Əslində kənardan baxıldıqda zehnimizi çalışdırmadığımız və bizi rahatladan bir əyləncə kimi görünsə də, əslində beynimiz üzərində önəmli mənfi təsirə malikdir.
Beyində baş verən prosesslərin insan davranışlarında olan fərqlilikləri araşdırdığımız zaman görürük ki, şəxslər ən sevdikləri platforma və ya tətbiqlərdən istifadə etdiklərində beyinlərindəki dofamin - "xoşbəxtlik hormonu" siqnalları artmağa başlayır. Bu da bayaq da qeyd etdiyim kimi, onlarda həzz duyğusunu yaradır. Davamlı sosial medialardan istifadə daha çox dofamin ifrazına səbəb olur ki, beyin bu aktivliyi daima təkrarlamağımızın gərəkli olduğu bir mükafat kimi görür. Lakin burada bu müsbət emosiyalar, həzz hissi qısamüddətli olub, beyində baş verən mükafat sistemində disfunksionallıq nəticəsində bu asılı davranışlar artmağa başlayır. Bununla da hər dəfə şəxsin özünü daha yaxşı hiss etdirən dofaminin təsiri azaldıqca daha çoxunu əldə etmək üçün şəxslər sosial media platformalarına üz tutur.
Əslində aid olma və sevgi ehtiyacı müəyyən bir həddə bizimüçün çox vacib olan ehtiyaclardan biridir. Bu ehtiyacları qarşılanmadıqda şəxslər özünü yalnız və tərk edilmiş hiss edə bilirlər. Məhz bu səbəbdən də şəxslər sosial media platformalarından istifadə edərək bəyənilmə və diqqət görmə istəklərini qarşılaya biləcəklərini düşünürlər.
-Belə bir problemdə uşaqlar və yeniyetmələrə necə yanaşmaq lazımdır?
-Düşünürəm ki, onlara sağlıqlı mübarizə mexanizmləri mövzusunda dəstək ola biləcək mütəxəssislər, ya da ailələrin bu barədə maariflənməsi çox yaxşı nəticələnə bilər. Burada sağlıqlı mübarizə mexanizmi dedikdə isə bir gəncin reallıqdan qaçmaq yerinə problemlərinin öhdəsindən gəlməsinə və ya narahatlıqlarına uyğun davranışları etməsini nəzərdə tuturam. Bir gəncin və ya yeniyetmənin zehni və ya fiziki sferalarını inkişaf etdirməsinə kömək edən hobbilər, mənəvi fəaliyyətlər, idman növləri və bu kimi bir çox nüanslar həm asuda vaxtların səmərəli idarə olunması, eyni zamanda fərdin şəxsiyyət strukturunun daha yaxşı vəziyyətə gəlməsinə gətirib çıxarır. Hərgün müəyyən bir müddət mediadan istifadə üçün vaxtın qoyulması, sosiallaşma, ailə və ya digər şəxslərlə zaman keçirmə, tədris, əyləncə və bu kimi sferalarda müxtəlif aktivliklərin olması arzuolunandır. Müəyyən hədəflərin olması, hər keçən gündə zamanı tənzimləmə kimi davranışlar bu problemdən sağlıqlı şəkildə mübarizə metodlarıdır.
QİYMƏT MAHİR