Aqressiyalı cəmiyyət: psixoloji pozuntu, yoxsa cinayət bəhanəsi?
23 Fevral 2024 17:00 SosialGündəlik həyatda bir çox stress faktorları ilə qarşılaşırıq və bu səbəbdən evdə, işdə, məktəbdə və münasibətlərimizdə müəyyən səviyyələrdə münaqişələr yaşayırıq. Əlbəttə, bu münaqişələrin baş verməsi tamamilə təbiidir. Lakin bu münaqişələri həll etmək üçün seçdiyimiz bəzi şüurlu və ya şüursuz üsullar bizə problemlər yarada bilər. Bunun nümunələrini də son günlər gündəmdə olan hadisələrlə açıq-aşkar görürük. Psixoloji problemləri olan, əsəb və ya aqressiyasını idarə edə bilməyən insanlar ən sonunda bunu şiddət göstərməklə, kiminsə həyatını sonlandırmaqla büruzə verirlər ki, ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd də bunlardan biridir.
Yaşadığı əsəb və aqressiya nəticəsində öz doğma ailə üzlərinə və ya tanış ətrafına zərər verən, onların qatilinə çevrilən insanlar ilk dövrlərdən törətdikləri cinayətlərə görə cəmiyyətdə qorxu yaradan şəxslərdir. Bu insanların adi qətl və digər cinayətləri törədənlərə nisbətinin yüzdə bir olduğu qənaətinə əsasən, bu davranışın çox nadir hallarda baş verdiyini deyə bilərik. Ancaq cəmiyyətin təhlükəsizliyini təhdid etdikləri üçün böyük qorxu yaradırlar və etdikləri hərəkətlər bizim normal saydığımız insanlara vəhşi və qeyri-adi görünür.
Bu gün mediada belə cinayət hadisələrinin ətraflı şəkildə işıqlandırılmasına geniş yer verilir və nəticə olaraq cinayətin detalları da cəmiyyətdə böyük maraq doğurur. Oxunulur, izlənilir, paylaşılır, uşaq-böyük demədən hər kəsin qarşısına çıxır. Müəyyən bir nöqtədən sonra bu vəziyyət artıq daha da dəhşətli bir vəziyyətə çatır, nəticədə cinayətə meylli insanlar bu qatillərin davranışlarını mənbə kimi götürə bilir.
Ailəsinin 5 üzvünü qətlə yetirən şəxsin xəbərlərindən sonra cəmiyyətin əksər üzvləri eyni suala cavab axtarır: Bir insan necə öz ailə üzvlərini qətlə yetirə biləcək səviyyəyə gələ bilər? Əlbəttə, bunun hər nə qədər heç bir haqlı tərəfi olmasa da, əksər hallarda bu kimi cinayət hadisələrinin arxasında ailə münaqişələri, qısqanclıq, anlaşılmazlıq və s. kimi halların dayandığını görürük. Əgər elədirsə, o zaman başqa bir sual da yaranır ki, bəs bir insanı körpə bir uşağı acımadan öldürəcək səviyyəyə nə gətirə bilər?
İnsanları cinayətkar edən heç bir yol və ya tək bir səbəb olmasa da, bu gün və ya yaxın tarixdə tanınan, haqqında onlarla sənədli film və televiziya yayımlanan cinayətkarların keçmişinə və hərəkətlərinə nəzər saldıqda bəzi ümumi məqamları müşahidə edə bilərik ki, buna da ailədə uşaqlıqdan göstərilən şiddət, istismar halları, psixoloji problemlərin olması, zərərli vərdişlərə aludəçilik və s. hallar daxildir.
Psixoloq Ülkər Məmmədli də bildirir ki, bu kimi şəxslər əsasən uşaqlıqdan ata fiqurasından məhrum olublar və dominant ananın əlində böyüyüblər:
"Bu kimi hallarda ailədə zərərli vərdişlərdən istifadə halları da müşahidə edilmişdir. Qatillərin uşaqlıqdan bəri empatiya çatışmazlığı əlamətləri apardığımız təcrübələrlə, araşdırmalarla dəstəklənir. Hətta mən sizə deyərdim, araşdırma bir yana, bu qədər insanı eyni anda öldürə biləcək bir zehnin yüksək səviyyədə empatiyaya sahib olmasını gözləmək real olmazdı.
Bir şəxsiyyətin inkişafında uşaqlıq təcrübələri çox vacibdir. Uşağın doğulduğu ailə sistemi, valideyn münasibətləri, evdəki ünsiyyət formaları, duyğu və düşüncələrin ifadə üsulları müəyyənedici rol oynayır. Uşağın inkişafı zamanı mənfi duyğularına necə reaksiya verməsi və bu duyğuların evdə necə idarə olunduğu ilk öyrənmələri təşkil edir. Ailədə qəzəb, aqressiya, narahatlıq və qorxu kimi duyğuları ifadə etməkdə çətinlik yaranarsa, fərd yetkin həyatda daha tez-tez passiv-aqressiv davranışlara məruz qalır və bunun nəticəsində gələcəyin potensial qatilinə çevrilir. Ən dəhşətlisi də budur ki, qeyd etdiyiniz kimi, bu kimi insanlar cəmiyyətin digər üzvlərindən əlavə, öz ailə üzvlərinə qqarşı belə bu aqressiyanı büruzə verirlər ki, biz bunu passiv-aqresiv şəxsiyyət pozğunluğu adlandırırıq.
Passiv-aqressiv şəxsiyyət pozğunluğu insana və onun ətrafına mənfi təsir göstərən psixoloji pozğunluqdur. Bu problemdən əziyyət çəkən fərdlər özünü cəmiyyətə inamla ifadə edə bilmir. Hisslərini, düşüncələrini, tələblərini və ehtiyaclarını gizlədirlər. Gizlədə bilmədikləri hallarda dolayı yolla, eyhamla bu istəklərini göstərməyə əl atırlar.
Passiv-aqressiv şəxsiyyət pozğunluğu olan insanlar çox vaxt problemləri ilə üzləşmir və həll etmirlər. Əksinə, onlar bu problemlərin başqalarının günahı olduğunu düşünməyə meyllidirlər. Passiv-aqressiv bir insanın ətrafındakı insanlar ümumiyyətlə ehtiyatlı hiss edirlər və rahat hərəkət edə bilmirlər. Çünki bu insanın hər an onlara fərqli və ya mənfi reaksiya vermə ehtimalı var.
Qeyd etdiyim kimi, passiv-aqressiv şəxsiyyət pozğunluğu olan insanlar özlərini başqalarına ifadə etmək istədikləri kimi ifadə edə bilmirlər. Söhbət əsnasında həqiqətən hiss etdiklərini, düşüncələrini və ehtiyaclarını qarşı tərəfə çatdıra bilmirlər. Belə xasiyyətə malik olan insanlar bəzən qısa zamanda normal həll oluna bilən problemi belə həll edə bilmirlər. Problemlə birbaşa üzləşə bilmədiklərindən onların problemləri getdikcə artır. Onlar da başlarına gələnlərin başqalarına görə olduğunu düşünməyə meyllənirlər.
Passiv-aqressiv şəxsiyyət pozğunluğunun simptomları sözdə deyil, hərəkətlərdə özünü göstərir. Çox vaxt passiv-aqressiv insanların bir mövzu haqqında danışarkən mənfi olmayan düşüncələrini ifadə etdikləri, sonra isə həmin mövzuya mənfi münasibət göstərməyə başladıqları görülür. Bu insanlar həm də inadkar və həssas tiplərdir. Sadə bir məsələni belə danışmaq və problemi həll etmək əvəzinə qəzəblənməyi seçə bilərlər. Bu cür cəzaya getmək passiv-aqressiv şəxsiyyətin tipik xüsusiyyətidir. Başqalarından həddən artıq asılı olmaq da passiv-aqressivliyin xüsusiyyətidir. Diqqət və sevgi görməyəndə mənfi hiss etmələri, çökmələri normaldır.
Passiv-aqressiv şəxsiyyət pozğunluğunun səbəblərinə gəlincə, bir çox səbəb ağla gələ bilər, lakin tibb dünyası hələ bu mövzuda qəti bir izahat verə bilməyib. Müxtəlif araşdırmalara görə, bu vəziyyət uşaqlıqdan yarana bilər. Ailələri tərəfindən laqeyd qalan, ailələri tərəfindən qeyri-sabit davranışlara məruz qalan, ailələrinin qeyri-sabit davranışlarına dəfələrlə şahid olan uşaqlar böyüdükdə passiv-aqressiv şəxsiyyət pozğunluğuna daha çox rast gəlindiyi müşahidə edilmişdir. Bu uşaqlar qəzəbini ifadə edə bilmir və onu daxildə yaşaya bilmir və zaman keçdikcə bu qəzəb passiv-aqressiv davranışa çevrilir, nəticədə sonu şiddətə, qətlə gətirib çıxır.
Passiv-aqressiv şəxsiyyət pozğunluğu olan insanların adətən öz problemlərinə görə deyil, ətrafdakı insanlardan şikayət etdikləri üçün mütəxəssislərə müraciət etdikləri müşahidə olunur. Məlum olduğu kimi, bu insanlar yaşadıqları problemlərin özlərindən qaynaqlandığını düşünmürlər və çox vaxt günahı başqalarında axtarırlar. Passiv-aqressiv şəxsiyyət pozğunluğu müalicəsi çox vaxt apara bilən psixoloji vəziyyətdir.
Müalicə üçün xəstə ilk növbədə problemlərin ondan qaynaqlandığını qəbul etməli və hərəkətlərindən xəbərdar olmalıdır. Bu xəstələr ümumiyyətlə digər xəstəliklərlə müqayisədə daha uzun müddətli psixoterapiya alırlar. Terapiyada insanın daxililəşmiş mənfi davranışlarını, müxtəlif hadisələrə baxışlarını və digər insanlarla münasibətlərində göstərdiyi davranışları həll etməyə cəhd edilir. Bu proses zamanı xəstə öz məsuliyyətini nə qədər tez qəbul edərsə və öz səhvlərini dərk edərsə, proses bir o qədər sürətli və daha müsbət irəliləyiş olar.
Passiv-aqressiv şəxsiyyət pozğunluğu olan insanlar mənfi davranışlarını gördükdə və ya ətrafdakı insanların təşviqi ilə bu vəziyyəti həll etmək istədikləri zaman mütəxəssis psixoloq və ya psixiatra müraciət etməlidirlər. Bundan əlavə, bu pozğunluğu olduğunu düşünən fərdlər internetdə tapılan passiv-aqressiv şəxsiyyət pozğunluğu testləri kimi anlayışlara güvənmək əvəzinə, ən qısa zamanda psixoloqa müraciət etməli və ən qısa müddətdə hərəkətə keçməlidir.
Passiv-aqressiv şəxsiyyət pozğunluğu adətən yeniyetməlik dövründə və ya yeniyetməlikdən sonrakı dövrdə başlayır ki, qeyd etdiyiniz şəxsin də həmin yaşlarda cinayət törətdiyi sonradan məlum oldu. Bundan əlavə, passiv-aqressiv şəxsiyyət pozğunluğu sərhəd, antisosyal, sosial fobiya, paranoid, histrionik kimi müxtəlif şəxsiyyət pozğunluqları olan insanlarda daha çox rast gəlinir.
Bütün hallarda şiddətin, cinayətin heç bir növünə haqq qazandırmaq, bəhanələr yaratmaq düzgün deyil. Ailənin hər hansısa bir üzvündə psixoloji problem müşahidə olunarsa, dərhal yardım almaq və gələcəkdə baş verə biləcək belə mənfi hadisələrin qarşısını almaq lazımdır".
Röyalə Xəyal