Uşaq qidaları və cavanlaşan xəstəliklər

Əsəb, stress və digər problemlər səbəbilə anaların çoxu dünyaya uşaq gətirdikdən sonra süd problemi  yaşayır. Belə bir dövrdə onların köməyinə çatan çox zaman əlavə uşaq qidaları olur. Bəs bu məhsullar yenicə doğulmuş körpələr üçün nə dərəcədə təhlükəsizdir? Bu və digər suallarımızı qida mühəndisi İsa Əliyev cavabladı:

-İsa bəy, uşaq qidalarının tərkibində əlavə qatqı maddələri varmı?

-Bəzi analar uşaqlarını dünyaya gətirdikdən sonra süd problemi yaşayır və yaxud da süd ümumiyyətlə olmur. Bu və buna bənzər başqa səbəblərdən bəzi valideynlər övladlarını uşaq yeməkləri ilə qidalandırırlar. Bu qidalar da müasir texnologiyaların inkişafı ilə getdikcə artmaqdadır, marketlərdə daha əlçatandır. Təbii ki, bu uşaq qidalarının içərisinə qida qatqı maddəsi kimi müxtəlif zənginləşdirici vitaminlər, minerallar, proteinlər, karbohidratlar əlavə olunur. Bu qatqı maddələri standartlarla təyin olunur. Əgər əlavə olunacaq qatqı maddəsi "Kodeks Alimentarius"a uyğundursa, o zaman əlavə olunur. Uyğun deyilsə, bu uşaqların səhhətini, sağlamlığını təhlükə altına ala bilər. Bu isə cinayətdir. 

-Həmin qidaların qiyməti nəyə görə olduqca bahadır?

-Həmin qidaların dediyim kimi çox saflaşdırılmış, təmiz qidalar olması üçün zəngin inqridentləri ehtiva etməsi üçün, eyni zamanda, steril, gigyenik qaydalara əməl edilməsi üçün çox yüksək vəsait tələb olunur. Həm də istehsal prosesi addımları və sahəsi daha inkişaf etmiş yer olmadır. Belə olan halda ortaya çıxan məhsul da daha bahalı, premium məhsul olur. Nəzərə alsaq ki, Azərbaycanda hal-hazırda uşaq yeməkləri istehsal edən firmalar yox dərəcəsindədir və bu qidalar xaricdən gəlir, bunların da üzərinə gömrük vergisi və digər əlavə xərclər də gəldikdə bu uşaq yeməkləri çox baha gəlib çıxır. 

-Bu məhsulları almağa imkanı çatmayan şəxslər həmin qidaları nələrlə əvəzləyə bilərlər?

-Əsasən keçmiş zamanlarda kəndlərdə və s. keçi, uzunqulaq südünün yağlılığını su ilə seyrəldərək uşaqlara verirdilər. İlk 6 ay ilkin dövrdür və uşaq daha çox an südü ilə bəslənməlidir. Keçi, uzunqulaq südü də ana südünə bir az yaxın olduğu üçün onu bu şəkildə istifadə etmək olar. Ancaq daha sonra müxtəlif pürelər verilir ki, bunu ya bazarlardan hazır şəkildə şüşə bankalarda və yaxud da şəsxlərin özləri tərəfindən evdə də hazırlana bilər. 

-Bəzi xəstəliklər  xeyli  cavanlaşıb, bu süni  uşaq  qidalarından qaynaqlana bilərmi?

-Zaman-zaman bəzi firmalar bilmədən müxtəlif xətalar edərək məhsulların təhlükəsizliyini sual altına qoya bilir. Belə ki, bir neçə il bundan əvvəl İsraildə bir alman firması öz məhsullarında steril olsun deyə yüksək temperaturdan istifadə edərək, bakteriyalarla yanaşı, vitaminləri də məhv etmişdi. Nəticədə isə tamamilə vitaminsiz bir məhsul əmələ gəlmişdi. Bu da uşaqlarda problemlər yaratmışdı. 2002-ci ildə Belçikada başqa bir firmanın məhsulunda "Enterobacter sakazakii" adlı mikrob aşkarlanmışdı ki, bu da iki aylıq bir körpənin ölümünə səbəb olmuşdu. Ən böyük səs gətirən hadisələrdən biri isə 2008-ci ildə Çində meydana gəlmişdi. Çində  uşaq yeməklərinə melamin maddəsi qatılması aşkarlanmışdı. Bu da 6 körpənin həyatını itirməsinə səbəb olmuşdu. Təbii ki, həmin firma daha sonra bütün məhsullarını geri çəkmiş, lazımi tədbirləri almışdı. Amma artıq körpələr üçün çox gec idi. Bu və bu kimi problemlər ara-sıra baş verir. Buna qarşı da dövlətlər və firmalar müxtəlif tədbirlər alırlar. Məsələn, uşaq yeməklərini bəzən bazarlarda plastik qablarda günün qarşısına qoyulur. Günəş işıqları o plastiki əridəndə onda olan "Bisfenol A" maddəsi yeməyə qarışır. Bu da uşaqların zəhərlənməsinə gətirib çıxarır. Təəssüflər olsun ki, bu cür xoşagəlməz hadisələr də yaşana bilir. 

Zeynəb  Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31