Sevgi və qayğını yalnış ünvanda axtaranlar: Valideynlər nə etməlidir?
9 Fevral 2024 19:00 SosialSon günlər bir-birinə qoşulub qaçan Ruslan və Yeganə cütlüyünün toyları sosial şəbəkələrdə böyük müzakirələrə səbəb oldu. Belə ki, fiziki məhdudiyyəti olan 32 yaşlı Ruslan hazırda 16 yaşlı Yeganə ilə nikahsız yaşayır. Ruslanın sözlərinə görə, Yeganənin ailəsi fiziki məhdudiyyəti olduğu üçün onların ailə qurmasına razı deyildilər, ona görə də onlar qaçıb. İşin ikinci tərəfi də ondan ibarətdir ki, 16 yaşlı Yeganə 2 aylıq hamilədir.
Mövzu ilə bağlı DİN mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov da açıqlama verib və bildirib ki, rəsmi nikah olmadan toy edərək birlikdə yaşayan Ruslan Məsiyev və 2007-ci il təvəllüdlü şəxs Mingəçevir Şəhər Polis Şöbəsinə dəvət ediliblər. Onlarla profilaktik iş aparılıb və nəticədə müəyyən olunub ki, onlar ötən il dekabr ayında könüllü olaraq ailə qurublar, məcburetmə halı yoxdur. Onlara izah verilib ki, yaşa görə qanunla icra hakimiyyətinin müvafiq qərarı ilə nikah tezləşdirilə bilər. Yaxın günlərdə qızın 17 yaşı tamam olduğuna görə rəsmi nikah bağlanılacaqdır.
Əlbəttə ki, hər dövrün qlobal problemi olan erkən evlilik Azərbaycanda var və bunu danmaq mümkün deyil. Lakin bunun qarşısını almaq mütləq şəkildə almaq lazımdır ki, heç kim belə şəxsləri özünə nümunə götürə bilməsin. Sosial şəbəkədə hadisəni müzakirə edən şəxslərin bir qismi 16 yaşlı yeniyetməni qəhrəman kimi göstərsə də, digər bir qismi təbii olaraq bu evliliyi qeyri-real adlandırır. Əlbəttə heç kimi fiziki problemlərinə görə ittiham etmək düzgün deyil. Amma 16 yaşlı qızla 32 yaşlı fiziki problemli kişinin evlənməsi, yeniyetmənin bu yaşda hamilə olması nə dərəcədə düzgündür? 16 yaşlı bir yeniyetmə niyə özündən 16 yaş böyük fiziki qüsurlu biri ilə qaçır?
Təəssüf ki, günümüzdə ailəsi ilə problem yaşayan yeniyetmə və gənclərin əksəriyyəti evliliyi, evdən qaçmağı çıxış yolu kimi görür və bəzi hallarda ailənin razılığı olmadan qaçaraq ailə həyatı qururlar. Belə hallarda valideynlər nə etməlidir? Yeniyetmələrə necə münasibət göstərilməlidir?
Psixoloq Mələk Kərimli bildirir ki, yeniyetməlik həm valideynlər, həm də uşaqlar üçün ağrılı, çətin bir prosesdir:
"Yetkinlik dövrü uşaqların düzgün mübarizə mexanizmlərini inkişaf etdirə bilmədikləri üçün öz içlərində yaşadıqları psixoloji müharibənin öhdəsindən gəlməyə çalışdıqları bir dövrdür. Onların həm özləri, həm də ailələri ilə qarşıdurma içində olduqları bir dövrdür. Bu dövrün daha az çətin keçməsi üçün valideynlərin düzgün münasibət göstərməsi çox vacibdir. Çünki valideynlərin rəftarı uşağın şəxsiyyətini, əqli və sosial inkişafını formalaşdırır.
Sağlam və uğurlu bir yetkin olmaq üçün insan həyatında ən vacib proseslərdən biri yeniyetməlik dövrüdür. Uğurlu bir fərd olmaq üçün bu prosesi səmərəli şəkildə keçmək lazımdır. Ancaq valideynlərin və yaxın çevrənin dəstəyi olmadan fərdin bu prosesi sağlam şəkildə keçməsi mümkün deyil. Yeniyetməlik dövrünü olması lazım olduğu kimi başa çatdırmaq üçün ən böyük məsuliyyət valideynlərin üzərinə düşür. Bu səbəbdən yeniyetməlik dövründə uşaq və valideyn münasibətləri uşağın şəxsiyyətinin formalaşmasında çox mühüm yer tutur. Şəxsiyyət axtarışında olacaq uşaq valideynlərindən yetərincə dəstək almadıqda şəxsiyyət çaşqınlığına girir. Bu, uşağın gənclik illərində aqressiv bir şəxsiyyətə yiyələnməsi, yanlış davranışlar göstərməsi, yanlış qərarlar verməsi, özünə qapanan bir insana çevrilməsi kimi arzuolunmaz nəticələrə gətirib çıxara bilər.
Yeniyetməlik dövründə fərdlərin əsas məqsədi ailə üzvlərindən asılılıqdan qurtulmaq və əks cinslə yetkin münasibətlər qurmağı öyrənməkdir. Yeniyetmə əks cinslə münasibətlərlə yanaşı, seçdiyi peşəyə uyğun olaraq sosiallaşmağı, qrupla birgə fəaliyyətlərdə iştirak etməyi, özünü inkişaf etdirməyi öyrənir. Evlənmək istəyi bu dövrdə tədricən ortaya çıxır. Bir çox prosesdən, mərhələlərdən keçən uşaq üçün ən mühüm dayaq valideyndir. Ətraflarına qarşı müdafiəçi olan uşaqlara konstruktiv yanaşmaq və onları başa düşmək, onları ailələrinə daha açıq etmək lazımdır. Sosiallaşmağa çalışan yeniyetmə uşağa yaşaya biləcəyi çətinliklərdə dəstək verilməli və daha yaxşı əlaqələr qurmasına kömək edilməlidir. Qruplarla birlikdə iştirak etdiyi fəaliyyətlərdə daha fəal olmalıdır. Valideynlər iştirak etdikləri fəaliyyətlərdə daha fəal və övladlarına nümunə olmaqla buna nail ola bilərlər.
Yeni dostluqlar axtaran yeniyetmə uşaq valideynlərdən çox yaxşı dostlar qazanmaq istəyir. Bunu istəyən uşağa klassik ana-ata kimi davranmaqdansa, dost kimi yanaşmaq daha düzgün üsul olardı. Qarşı cinslə münasibətlərdə onların zədələnməsinin qarşısını almaqdansa, əks cinslə müsbət münasibətləri təmin etməyə çalışmaq vacibdir. Çoxlu dostluq cəhdləri edəcək bir yeniyetmə münasibətlərində uğursuzluqlar yaşayacaq. Valideynlər övladlarına yaxşı dost kimi necə dost seçməli olduqlarını nümunə göstərməlidirlər. Yeniyetməlik dövründə uşaqlara davamlı olaraq nəsihət vermək cəmiyyətdə yaxşı və qalıcı bir tərbiyə üsulu kimi qəbul edilsə də, bu dövrdə onun təsiri demək olar ki, yoxdur. Ona görə də uşağa nəsə deməkdənsə, onu dinləmək daha təsirli bir üsuldur.
Hər hansı bir səbəblə evdən qaçmaq ailə ilə yola getməmək, evdəki gərginliklər, ailədəki psixi problemlər, təzyiqlər, davalar və şiddət kimi səbəblərdən ola bilər. Bu, həmyaşıdların təzyiqi, məktəbdəki problemlər, maddə istifadəsi, cinsi zorakılığa və istismara məruz qalma və bunu ailə ilə bölüşə bilməmək kimi səbəblərdən də yarana bilər.
Ailəsi tərəfindən sevgi görməyən yeniyetmə çıxış yolunu başqa şeylərdə görür ki, buna hansısa zərərli vərdişlərə aludə olmaq və ya qeyd etdiyiniz məsələlər aiddir.
Evdəki təzyiq qadın yeniyetmələrə daha çox təsir edir. Evdəki təzyiqə görə qaçmağa da daha çox qadın yeniyetmələrdə rast gəlinir. Dava və təzyiq qızlarda daha çox olur, kişi yeniyetmələr isə bu mövzuda daha rahat olurlar. Ən azı evə və dostlara giriş-çıxış qaydaları qadın yeniyetmələrə nisbətən daha çevikdir. Belə qızlar istər ailə qurmaq, istər özünü azad hiss etmək səbəbilə evdən qaçaraq ailələrini cəzalandırmağa çalışırlar. Yeniyetmə üçün evdən qaçmaq ailəni cəzalandırmaq, bəzən də ailədən qurtulmaq və öz həyatını yaşamaq niyyəti daşıyır. Bu vəziyyət böyük ehtimallarda yeniyetmə üçün düzəlməz mənfi nəticələrə səbəb ola bilər.
Səhv valideyn münasibətləri, yeniyetməlik problemləri, ailə problemləri və ya psixi sağlamlıq problemləri kimi bir çox səbəb uşaqlarda və yeniyetmələrdə evdən qaçma davranışına səbəb ola bilər. Ailədə və ev həyatında baş verən neqativ hallar uşağın özünü etibarsız hiss etməsinə, narahat olmasına və evdən uzaqlaşmağa meyilli olmasına səbəb ola bilər. Evdən qaçma hərəkətlərinin əsasında bədbəxtlik, qorxu və narahatlıq kimi duyğular dayanır. Evdə göstərilən təyziq, normal olmayan münasibətlər üzündən uşaqlar evdən uzaqlaşmağa, azad olmağa çalışır və öz psixologiyalarını bu istiqamətdə formalaşdırırlar ki, bu da heç də yaxşı sonluqla bitmirş
Adətən ailələrin həmişə buraxdığı səhvlər yeniyetməlik dövründə üzə çıxır. Çünki uşaqlar şəxsiyyətin formalaşması dövründə şəxsiyyət və müstəqillik uğrunda mübarizə aparan yeniyetmələr olmağa namizəddirlər. Onlar ata-anasının əvvəlki kimi əsəbiləşərək, sərt baxaraq, səsini ucaldaraq, sözlərini işlətməklə onları idarə edə bildiyi kiçik uşaqlar deyil. Belə bir vəziyyətdə valideynlər öz həqiqətləri ilə ziddiyyət təşkil etməyə başlayır, harada səhv etdiklərini axtarır və sonda tapa bilmirlər. Əslində fərqli olan valideynin indiki münasibəti deyil, indiyə qədər buraxdıqları valideyn səhvlərinin tədricən ortaya çıxmasıdır. Həmişə düzgün hesab etdikləri valideyn rəftarları və davranış nümunələri ilə ziddiyyət təşkil edir və yeniyetmə ilə konfliktlər yaşamağa başlayırlar. Çünki azyaşlı qızlar və ya azyaşlı oğlanlar həmin dövrdə doğru ilə yalnışı, əxlaqı ilə əxlaqsızı, yaxşı ilə pisi hesaba almağa çalışan, onları ayırd edə bildiklərini düşünən şəxsiyyətlər olmaq yolundadır.
Yeniyetmədə psixiatrik problem olub-olmadığını araşdırmaq və varsa müalicə etmək, valideynlər tərəfindən onlara xüsusi həssaslıqla yanaşılmaı bu tip evdən qaçma davranışlarına son qoymaq üçün olduqca vacibdir. Ailədən dəstək almaq mütləq şərtdir. Ailədaxili ünsiyyətin gücləndirilməsi, sevginin görünən, hiss etdirilməsi və yaşanması, yeniyetməni mühakimə etmədən dinləmək, sərhədləri və qaydaları təyin edərkən bunların səbəblərini məsləhət vermədən izah etmək həll üçün güclü addımlardır".
Röyalə Xəyal