Gəlincik oynadan "analar"...
9 Fevral 2024 20:00 SosialAna olmaq hər bir qadın üçün əlbəttə ki, möcüzəli bir vəziyyətdir. Ana olmaq, özündən çox düşündüyün və ömür boyu düşünəcəyin bir varlığın yavaş-yavaş öz içində formalaşması deməkdir. Müasir dövrdə qadınların təhsil səviyyəsinin yüksəlməsi və sonrakı karyera həyatı analıq yaşının artmasına səbəb olmuşdur. Ana olmaq üçün ideal yaşın 25-30 yaş arası olduğunu deyə bilərik.
Evləndikdən sonra bəzi qadınlar uşaq sahibi olmaq üçün hazırlıq prosesindən keçirlər. Cütlüklərin evliliyə uyğunlaşması və münasibətlərinin normallaşması üçün müəyyən vaxta ehtiyacı var. Qadınlar həm özlərini, həm də həyat yoldaşlarını valideyn olmaq prosesinə hazırlayırlar. Çox erkən yaşda, məsələn, 18-20 yaşlarda uşaq dünyaya gətirən zaman ana və atanın bu hazırlıq prosesinə girmədiyini tez-tez müşahidə edirik. Körpə dünyaya gəldikdən sonra ana və atanın rolları müəyyənləşdirilməyə və öyrənilməyə başlayır.
Təəssüf ki, ölkəmizdə erkən evliliklərin sayı artdığı kimi erkən yaşlarda ana olan qadınların da sayı artmaqdadır. Belə ki, ötən il ərzində 18 yaşadək olan analar tərəfindən 2421 uşaq doğulub. 2016-cı ildə bu göstərici 2 809, 2015-ci ildə 2 895, 2014-cü ildə 3 296 uşaq olub.
Son 23 il ərzində Azərbaycanda 18 yaşadək analar tərəfindən ən çox uşaq 2011-ci ildə doğulub. Həmin ildə 4 392 yenidoğulmuşun anası yaşı 18-dək olan qadınlar olub. 18 yaşadək analar tərəfindən ən az uşağın doğulduğu il isə 2001-ci il olub ki, həmin ildə 1774 uşaq bu yaşda olan qadınlar tərəfindən dünyaya gətirilib.
Ötən il 18 yaşadək olan qadınlar tərəfindən dünyaya gətirilən uşaqların sayı azalsa da, bu say 1995-ci ildən 2005-ci ilədək olan müddətdə (hər il) doğulan uşaqların sayından yüksək olub. Belə ki, 1995-ci ildə ölkədə 2 198, 2000-ci ildə 1 864, 2001-ci ildə 1 774, 2002-ci ildə 1 903, 2003-cü ildə 1 962, 2004-cü ildə 2 276 uşaq yaşı 18-dək olan analar tərəfindən dünyaya gətirilib.
Yaşı 18-dək olan analar tərəfindən doğulan uşaqlar daha çox kənd yerlərinin payına düşür. Yalnız 2017-ci ildə 18 yaşadək olan analar tərəfindən 2 421 uşağın 740-ı şəhər, 1 681-i kənd yerlərində dünyaya göz açıb.
Rəsmi məlumatlara əsasən, 2012-ci ildən Azərbaycanda 18 yaşadək nikaha daxil olanların sayı nəzərəçarpacaq dərəcədə azalıb. Bu azalmanın əsas səbəbi Azərbaycanda ailə qurmaq üçün minimum yaş həddinin kişilərdə və qadınlarda 18 yaşın müəyyən olunması ilə izah edilir. 1995-ci ildə Azərbaycanda 4030 qız rəsmi olaraq, kəbin bağlasa da, 2012-ci ildə bu rəqəm 295, 2013-cü ildə 229, 2014-cü ildə 479, 2015-ci ildə 388, 2016-cı ildə 312, 2017-ci ildə 317 olub.
Erkən yaşda ana olmağın bəzi üstünlükləri olduğu kimi, mənfi cəhətləri də əlbəttə ki, çoxdur. Erkən yaşda ana olan insanlar həyatdan nə gözlədiklərini, həyatda hədəflərini, həyat yoldaşı ilə ər-arvad münasibətini, ana olduqdan sonra qarşılaşacaqları çətinlikləri nəzərə almalıdırlar. Əlbəttə ki, bu, yalnız gənc yaşda körpələri olacaq qadınlar üçün deyil, hər yaşda olan qadınlar üçün doğrudur. Ancaq erkən yaşda ana olan qadınlarda bu risk daha yüksəkdir.
Psixoloq Ülkər Məmmədli bildirir ki, səbəbi nə olursa olsun, yeniyetmə hamiləliyin bir çox fizioloji riskləri ola bilər və eyni zamanda bu olduqca əhəmiyyətli psixoloji narahatlıq yarada bilər:
Başqa böyük ölkələrdə olduğu qədər çox olmasa da, ölkəmizdə, xüsusən də ucqar kənd yerlərində nikahdankənar və ya erkən yaşda hamiləliklər var və onların sayı günü-gündən artır. Şəhərləşmə və inkişafla bağlı artan evlilik yaşının, gənclərin nikahdan əvvəl cinsi həyat və münasibətlərinin gənclik və ya yetkinlik dövründə keçmişlə müqayisədə fərqli olması ola bilər.
Erkən, yeniyetməlik zamanı yaşanan hamiləlik vəziyyətində ortaya qoyulacaq ilk problem hamiləliyin davam edib-etməməsi ilə bağlıdır. Evlilikdən kənar hamiləliklərin əksəriyyəti sonlandırılır. Ancaq gənc qıza prosedurdan sonra kifayət qədər sosial və psixoloji dəstək yoxdursa, o, ciddi travmaya məruz qalır. Xüsusilə bu vəziyyəti ailəsi və yaxud yaxınları ilə bölüşmək imkanı olmayan bir gənc bu travmanı daha da ağır yaşayacaq. İstədiyi zaman yenidən hamilə qala biləcəyi ilə bağlı problemlər, hamiləliyi sonlandırmaqda günahkarlıq hissi, ailədə, mühitdə yalan danışmaq, gizlənmək günahı və bütün bu təzyiqlər nəticəsində partnyoru ilə yaşana biləcək münasibətlərdə yaşanan problemlər stress kimi belə travmalar üçün əsas səbəblərdir.
Yeniyetməlik dövründə evli olmaq və ya buna təşviq edilmək, ya da ailələrin razılığı ilə tələsik ailə qurmağa və ya evliliyi davam etdirməyə qərar verildiyi zaman yeniyetməlik dövründə yarana biləcək psixoloji problemlər də var ki, bunlar hamiləlikdən sonra bir şəkildə öyrənilir. Artıq yeniyetmələr yaşlarına görə bir çox hormonal və psixoloji dəyişikliklər yaşayırlar. Özünü belə tanımadığı və öz şəxsiyyəti ilə mübarizə apardığı halda, ata-anasının kimliyini öz üzərinə götürməsi özü böyük bir stressdir. Bu vəziyyətə görə uşaq gözləyən ananın ciddi emosional problemlər yaşaması, travma alması və bu vəziyyətin həyat yoldaşlarının münasibətlərinə də yansıması çox mümkündür. Bundan əlavə, dünyaya gətiriləcək və yetkin olmayan valideyn tərəfindən böyüdüləcək uşağın psixoloji sağlamlığı da şübhə altına alınmalıdır.
Yeniyetmə hamiləliyinin səbəb ola biləcəyi psixoloji travmanın formasından, səbəbindən və nəticəsindən asılı olmayaraq, ən təsirli üsul onun qarşısını almaq üçün əvvəldən tədbir görməkdir. Hamiləlik vəziyyətində, qərardan asılı olmayaraq, lazımi psixososial dəstək mütləq şəkildə təmin edilməlidir.
Yetkinlik dövründə hamiləlik gənc qadının gələcəyinə əhəmiyyətli dərəcədə təsir edə biləcək ciddi bir problemdir. Bu, olduqca çətin ola bilər, çünki yeniyetmələrin hamiləlik və analığın öhdəsindən gəlmək bacarıqları çox vaxt hələ inkişaf etməmişdir. Səbir, yetkinlik və stressi idarə etmək bacarığı hər yaşda olan hamilə qadınlar üçün vacibdir. Yetkinlik dövründə hamiləlik körpəyə də təsir edə bilər. Yeniyetmələr tərəfindən dünyaya gətirilən körpələr daha zəif intellektual inkişafa və sosial çevrəsində, bağçada, məktəbdə daha zəif performansa malik ola bilər. Bundan əlavə, körpənin davam edən tibbi və davranış problemləri də irəliləyən zamanlarda özünü daha çox büruzə verir.
Ginekoloqlar da bildirirlər ki, hamilə yeniyetmələr tez-tez tibbi ağırlaşmalarla qarşılaşırlar. Çox vaxt hamiləlik dövründə yeniyetmələr yaşlarının az olması səbəbindən gizlədilir və adekvat tibbi nəzarət almırlar. Baş verə biləcək ağırlaşmalara anemiya, qan zəhərlənməsi (toksemiya), yüksək qan təzyiqi, plasenta previa və körpənin vaxtından əvvəl doğulması daxildir. Hamiləliyə və ananın sağlamlığına təhlükə yaradacaq bu problemlərin qarşısını almaq üçün daimi həkim nəzarəti vacibdir.
Yeniyetmə hamilə olanda onun gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaranır. Gələcək ana körpəyə qulluq etmək üçün kifayət qədər biliyə malik olmadığını hiss edə bilər. O, həmçinin körpənin onun həyatına və gələcək xəyallarına necə təsir edəcəyindən narahat olaraq depressiyaya da düşə bilər. Yetkinlik dövründə hamiləlik baş verdikdə, şübhəsiz ki, təhsil də pozula bilir. Hamilə qalan yeniyetmələr böyük bir hissəsi məktəbi tərk etməyi seçir və təhsildən uzaqlaşır. Onlar təhsilə davam etməkdənsə, öz ailələrindən uzaqlaşaraq evlənməyi və uşaq böyütməyi seçirlər.
Qız uşaqlarında çox müşahidə olunmasa da, əksər hallarda siqaret və ya narkotik istifadəsi də yeniyetməlik dövründə hamiləliklə bağlı problemlər yarada bilər. Yeniyetmənin bu maddələrdən istifadə etməmək üçün kifayət qədər iradəsi olmur, problemləri ilə çıxış yolunu, rahatlama yolunu bu kimi vasitələrdə görür. Hamiləlik dövründə həddindən artıq yorğunluq da yaşana bilir.
Yeniyetmə bir şəxs hamilə qaldıqda onda depressiya halları da yarana bilər. Gələcək ana hamiləlik emosiyaları və dostlardan və ətraf mühitdən yarana biləcək mənfi reaksiyaların öhdəsindən gəlməyə çalışarkən depressiyaya düşür. Bundan əlavə, hormon səviyyəsinin dəyişməsi də depressiyaya səbəb ola bilir. Bəzən erkən evliliklərdə və ya digər hallarda yeniyetmə hamilə olduğunu anladıqda, emosional böhran keçirə bilir və körpəni dünyaya gətirmək istəmir. Bu emosional böhran çox ciddidirsə, o, körpəni təkbaşına abort etməyə cəhd edə və hətta intihara meylli ola bilər. Valideynlər isə bu məsələdə olduqca diqqətli olmalı, lazım gəldikdə mütəxəssislərdən kömək istəməkdən çəkinməməlidirlər".
Röyalə Xəyal