Narsistlər: Onlar necə və harada yetişir

Son illərdə görünür dərəcədə artan narsisizmin əsasları uşaqlıqda qoyulur. Valideynlərin övladlarına münasibəti narsisistik davranışa səbəb ola bilir.
Narsisizm və ya digər adıyla özünüsevərlik. Hər insanda müəyyən səviyyədə olması sağlam sayılan narsisistik xüsusiyyətlər, irəliləmiş hallarda şəxsiyyət pozğunluğunun bir növü hesab edilir. Dünya əhalisinin təxminən 6 %-də görülən narsisistik şəxsiyyət pozğunluğunun içində olduğumuz fərdiləşmə çağında yüksəlişdə olduğu bir həqiqətdir. Bu pozğunluğun kökləri uşaqlıqdan gələ bilir. Valideynlər özünə güvənən, güclü şəxsiyyətlər yetişdirmək istəsələr də, övladlarında narsisistik şəxsiyyət pozğunluğunun inkişafına səbəb ola bilirlər. Yaxşı, bəs bu necə baş verir?
Məlumdur ki, valideynlərin övladlarına və onların həyatına böyük təsiri var. Əksər cəmiyyətlərdə valideynlərin vəzifəsi övladlarını həyata hazırlamaq və bu mərhələdə nizam-intizamlı və özünə qadir bir şəxsiyyət kimi yetişdirmək üçün onlara rəhbərlik etməkdir. Uşağın inkişafının bu dövründə valideynlərin təsirinə məhəl qoymamaq tamamilə qeyri-mümkün və yanlış olardı. Valideynlərin övladlarına qarşı davranışı uşağın emosional və sosial inkişafını formalaşdırır və eyni zamanda uşağın xarakterinin əsasını da böyük ölçüdə müəyyən edir. Fərqli mədəniyyətlərdən və dəyərlərdən olan valideynlər tamamilə fərqli uşaq tərbiyə tərzinə və uşağa qarşı davranışa malik ola bilərlər. Mütəxəssislər tərəfindən qəbul edilən bu tərbiyə üslublarından üçü avtoritar, icazə verən və demokratik tərbiyə üslubları kimi müəyyən edilmişdir. Bu üç fərqli tərbiyə tərzindən bəziləri uşaqların davranışlarına əks təsir göstərə bilər və onları geri qaytarmaq çətindir. Bu mümkün yan təsirlərdən bəlkə də ən vaciblərindən biri narsisizmdir.
Narsisizm, ya da digər adıyla bilindiyi kimi özünü sevmə, insanın özünü şişirdilmiş bir özünə inam hissi ilə digər insanlardan üstün görməsi ilə şişirdilmiş bir mənlik imici olaraq ifadə edilə bilər. Baxmayaraq ki, insan özünü başqalarından üstün görür, lakin əslində bu görünüşün altında çox kövrək və zəif bir quruluş var. Narsisizm və narsisistik şəxsiyyət pozğunluğu bir-birindən ayrı saxlanılması lazım olan anlayışlardır.
Narsisistik xüsusiyyətlər və meyllər hər bir insanda mövcuddur. Onlar sağlam insanların həyatında zaman-zaman ortaya çıxa bilər. Amma bizim altından xətt çəkərək qeyd etməyimiz lazım olan tərəf odur ki, narsisistik xüsusiyyətlər gündəlik həyat modelinin əsas strukturuna çevrilir. Narsisistik şəxsiyyət pozuntusu mütəxəssis həkimlər tərəfindən tibbi diaqnoz tələb edən şəxsiyyət pozğunluğudur. Bu insanlarda hər şeyin ən yaxşısına layiq olmaq istəyi, hər kəsin özünə heyran olmasını istəmək, empatiyanın olmaması, əldə etdiyi nailiyyətləri şişirtmək, başqalarını aşağılamaq, tənqidə açıq olmamaq kimi hallar müşahidə olunur. Bu pozğunluğun nədən qaynaqlandığı dəqiq bilinməsə də, genetik və ətraf mühit faktorları səbəbindən meydana gəldiyi düşünülür.
Mütəxəssislər, psixoloqlar uşaqlarda olan narsisizmin valideynlərin rəftarları ilə yaxından əlaqəli olduğunu və narsisizmin genetik və fizioloji səbəblərindən çox ətraf mühitin səbəblərinə diqqət yetirilməsi lazım olduğunu bildirir.
Uşaqlar doğulanda təbii olaraq diqqətə, şəfqətə, qayğıya, təhlükəsiz mühitdə olmağa, sevilməyə, bəyənilməyə ehtiyac duyurlar. Normal uşaq narsisizmində uşağın tələbləri onun ehtiyacları ilə əlaqələndirilir. Ona görə də uşaqlarda öz təbii ehtiyaclarından qaynaqlanan narsisizm xüsusiyyətlərini bir nöqtəyə qədər normal olaraq göstərən davranışları qəbul etmək mümkündür. Uşaqlarda bu uşaq narsisizm xüsusiyyətlərini problemli nöqtəyə gətirən bəlkə də ən əhəmiyyətli faktor valideynlərin uşağa münasibətidir. Çünki valideynlərin övladlarını böyüdərkən mənimsəyən davranışları övladlarının gələcək həyat təcrübələrinin təməl daşlarıdır. İlk həyat təcrübələrimizi qazandığımız ailənin burada çox mühüm rolu var. Uşaqlıqda yaşanan travmalar və valideynlərin uşağa münasibəti uşaqda narsisizm xüsusiyyətlərinin üzə çıxarılmasında təsirli olur.
Bəs, valideynlərin hansı davranış və ifadələri uşaqlarda narsissizmi inkişaf etdirir?
Valideynlər övladlarını idmanda, dərsdə və digər mühitlərdə ən yaxşı olmağa məcbur edirlərsə, övladlarına verəcəkləri sevgini şərt kimi qoyurlar. Uşaqlar belə şərti bir vəziyyətdən keçərək ehtiyac duyduqları sevgini almağa çalışanda, yalnış yöndə inkişaf edirlər. Özləri üçün sevilməkdənsə, yalnız müvəffəqiyyətli olduqları zaman seviləcəkləri inancına görə daha çox sevilmək üçün daha uğurlu olmalıyam düşüncəsi ilə yaşayırlar. Bu və buna bənzər davranışlar və gözləntilər uşağı öz istək və ehtiyacları olan bir fərd kimi görməyən valideynlərin davranışları və gözləntiləridir. Uşaqlar bu cür davranışlarla qarşılaşdıqda və bu davranış nümunələri ilə mübarizə apara bilməyəndə və öz şəxsiyyətlərini ifadə edə bilməyəndə, onların gələcəkdə bir narsist olma ehtimalı olduqca yüksək olur.
Bəs uşaqlarda narsissizmin qarşısını almaq mümkündürmü?
Unutmaq olmaz ki, uşaqlar fərddirlər, ona görə də onların həyat təcrübəsində öz mənliyini ortaya qoyması üçün ailə tərəfindən müvafiq şərait yaradılmalıdır. Ailə bilməlidir ki, uşaq səhv edə bilər və hər şeyi mükəmməl etmək məcburiyyətində deyil. Uşaq səhv edəndə vəziyyəti ört-basdır etmək olmaz. Uşaqla danışılmalı, nəyin nə olduğunu izah etməli və valideynlər öz davranışları ilə uşaqlarına nümunə olmalıdır.
Uşaqların potensialı vacibdir. Lakin bu potensialı tərifləməkdənsə, uşağın öz potensialını üzə çıxara biləcəyi sahələr yaratmaq daha vacibdir. Əsas tərif uşağın maraq sahəsindəki səylərinə yönəldilməlidir. Bundan əlavə, hər hansı bir vəziyyətə görə uşağı həddən artıq tərifləmək və onun özünü yüksək yerlərdə olduğunu düşünməyə məcbur etmək, uşağın özünü həmyaşıdlarından üstün görməsinə səbəb ola bilər. Valideynlərin uşaqlara münasibətində bu cür həddindən artıq tərif və ya tənqiddən çəkinmək lazımdır.
Uşağa güvən verilməli, onun özünə inamı inkişaf etdirilməlidir. Lakin bu, şişirdilmiş sözlərlə deyil, uşağın səyi və onun əldə etdiyi nəticələrlə realist şəkildə edilməlidir. Uşağın tənqidə açıq olması vacibdir. Burada da analar və atalar örnək olaraq uşaqda bu vəziyyətin inkişafına öz töhfələrini verməlidirlər.
Uşaqlarda empatiya bacarıqlarını inkişaf etdirmək üçün səy göstərilməlidir. Uşaqların özlərinə olan fitri sevgisinin sonrakı yaşlarda sağlam şəkildə başqa insanlara yönəlməsi təmin edilməlidir. Bunun da baş verdiyi ilk yer ailədir.
Uşaqlarda narsissizmin formalaşmasına səbəb olan digər zərərli tərbiyə tərzi avtoritar valideynlikdir. Avtoritar münasibətə malik ailələr övladlarını tərifləyən valideynlərinin tam əksini aparırlar. Bu zaman sevgi və empatiyanın olmadığı, sərt qaydalar çərçivəsində uşağın fikrinin soruşulmadığı ailə həyatı müşahidə olunur. Bu valideynlərin uşaqdan gözləntiləri çoxdur, lakin bunun müqabilində uşağın istəkləri nəzərə alınmır. Bu tərbiyə tərzi mütləq uşaq mərkəzli deyil. Uşaqlara ciddi nəzarət olunur və buna nail olmaq valideynlərin uşaqlarını daim nəzarətdə saxlaması anlamına gələ bilər. Bu tərbiyə tərzinə malik olan uşaqlarda qeyri-sağlam bir narsissizmin müşahidə olunmasının əsas səbəbi, valideynlərin tətbiq etdiyi sərt idarəçilik, yüksək gözləntilər və cəzaların özünə inamı aşağı olan, tənqidə həssas olan uşaqlarda öz bəhrəsini verməsidir. Davamlı olaraq tənqidə məruz qalmaq, emosional olaraq diqqətdən kənarda qalmaq, özünü qeyri-kafi hiss etmək kimi hallar sonda uşağın özünə dəyər verməsinin valideynlərinin fikir və davranışlarından asılı olması ilə nəticələnir. Tənqidlərə həddindən artıq həssaslıqla yanaşan və öz dəyərini başqalarının onlara qarşı davranışı ilə qiymətləndirən özünə inamı aşağı olan fərdlərin xüsusiyyətləri "Hiperhəssas Narsisizm" başlığı altında qruplaşdırılan bir narsisizm növüdür. Avtoritar və ya qəddar valideynlərin davranışı çox vaxt bu növ narsissizmə səbəb olur.
Nəticə olaraq, özünüzü və övladınızı anlamaq, daha keyfiyyətli ünsiyyət yaratmaq və öhdəsindən gələ bilməyəcəyiniz vəziyyətlərin öhdəsindən gəlmək üçün psixi sağlamlıq mütəxəssislərindən kömək almaq vacibdir.

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31