“Qarabağ Universiteti” işğaldan azad edilmiş ərazilərdə sürətlə məskunlaşmaya şərait yaradacaq
1 Dekabr 2023 13:00 Sosial44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə yüksək səviyyədə tikinti-quruculuq işləri aparılır. Ermənilərin yaratdıqları xarabalıqlar üzərində ən müasir binalar, elm-təhsil ocaqları, səhiyyə müəssisələri, mədəni obyektlər və istirahət guşələri inşa edilir. Xüsusən, abad edilən ərazilərdə infrastrukturun qurulması, şəhərlərin, qəsəbələrin tikilməsi, eyni zamanda elmi-intellektual potensialımızın bərpa edilməsinə ciddi diqqət edilir. Qarabağda görülən bu işlərlə dünyaya sübut edirik ki, torpaqlarımızın sahibiyik, orada bütün sahələrdə tərəqqini təmin edə bilərik. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, dayanıqlı inkişafı və həmin ərazilərdə yüksək həyat səviyyəsinin təminatı üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Elə prezident İlham Əliyevin bu günlərdə imzaladığı sərəncam da Qarabağla bağlı bütün məkrli niyyətləri param-parça etdi, əsassız şübhələrə son qoydu. Belə ki, Azərbaycan Respublikasının Prezidentı İlham Əliyev "Qarabağ Universitetinin yaradılması haqqında" Sərəncam imzalayıb. Sərəncama görə, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində "Qarabağ Universiteti" publik hüquqi şəxs yaradılır. Həmçinin Nazirlər Kabinetinə iki ay müddətində universitetin nizamnaməsini təsdiq edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, universitetin fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görmək, universitetin Xankəndi şəhərində torpaq sahəsi, tədris və yataqxana binaları, idman meydançası və digər infrastruktur obyektləri ilə təminatı məsələlərini, eləcə də Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Məlumat üçün qeyd edək ki, Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olmuşdur. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulmuş, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərmiş, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırmışdır. Dövlət başçısının yeni "Qarabağ Universiteti" yaradılması ilə bağlı imzaladığı sənəd isə deməyə əsas verir ki, Azərbaycan dövlətinin prioriteti təkcə Qarabağda gözəl binaların, infrastruktur sisteminin, yolların, körpülərin, tunellərin tikilməsindən ibarət deyil. Bütün bunlarla yanaşı insan kapitalının bərpasına fikir veririlir ki, burada dayanıqlı, təməli möhkəm gələcəyimiz olsun. Ekspertlərin qənaətinə görə, işğaldan azad olunmuş ərazilərdə əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası istiqamətində müəyyənləşdirilmiş hədəflərin reallaşdırılması üçün müasir yanaşmalar nəzərə alınmalı, yüksək texnologiyaların tətbiqi və hər bir rayonun ixtisaslaşma sahəsinə müvafiq inkişafı yüksəkixtisaslı kadrların yaradılmasına ehtiyac var. Yeri gəlmişkən qeyd edək ki, içğaldan azad ounmuş ərazilərimizin ölkə iqtisadiyyatına inteqrasiyası iqtisadi potensialın dəfələrlə artmasında təzahür edir. Bu baxımdan sözügedən ərazidə çoxsaylı elm ocaqlarının yaradıması yüksəkixtisaslı kadrların hazırlanması ilə yanaşı, yerli əhalinin məşğulluq probleminin də həlli deməkdir.
Təhsil eksperti Kamran Əsədov bildirib ki, Xankəndi Pedaqoji İnstitutu 1969-cu ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin (keçmiş Lenin adına APİ) filialı kimi fəaliyyətə başlayıb. Bir neçə ildən sonra - Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkilinin 50 illik yubileyi günündə Xankəndi filialının maddi-texniki bazası əsasında, Azərbaycan Nazirlər Sovetinin 28 noyabr 1973-cü il qərarı ilə müstəqil ali məktəb kimi fəaliyyətini davam etdirib. İnstitut təşkil edilərkən burada üç dildə-Azərbaycan, rus və erməni dillərində ali pedaqoji təhsilli kadr hazırlığına başlanıb: "Universitetdə çalışan Azərbaycanlı şəxslər və onların fəaliyyətindən qeydlər: Prorektor Nəcəf Quliyev, institutda azərbaycanlıları tora salmaq istəyən ermənilərin iyrənc planlarını alt-üst edən Süleyman Zeynalov, sanballı arqument və gerçək tarixi faktlarla erməni həmkarlarını susduran Zabil Bayramlı, auditoriyalarda mühazirələrin mövzusundan kənara çıxıb, söhbətləri ilə tələbələrdə milli ruh yaradan Ənvər Əhməd, erməni daşnaklarına nifrətini gizlədə bilməyən Kamil Quliyev, vətənpərvər ziyalı İnqilab Quliyev, erməni müəllimləri üçün millətçi sayılan Nəsib Şəfiyev və bu ali təhsil ocağında çalışan digər alimlərimiz, əsl vətənpərvər ziyalılar olan Nazim Axundov, Zəfər Hüseynov, Raqub Kərimov, Rəftar İmanov, Məhəmməd Hüseynov, Xasay Cabbarov, Rəhilə Quliyeva, Mirələm Vəliyev, Yusif Fərzəliyev, Yusif Ağayev, Rəfeil Məmmədov, İslam Həşimov, Abbas Abbasov, Cəfər Zeynalov, Şahlar Quliyev, Fazil Baxşəliyev, Mayıl Alıcanov, Balaxan Quliyev, Bəşir Fərəcov, Eldar Məmmədov, Təyyar Əkbərov yaddaşımda və Xankəndi Pedaqoji İnstitutunun tarixində silinməz izlər buraxıblar". Onun sözlərinə görə, Qarabağda ayrıca bir dövlət universitetinin yaradılması və onun Qarabağ Universiteti adlandırılması çox böyük hadisədir: "Təhsil dövlətçilik siyasətinin əsas vuran qolu, təməl nöqtələrindən biri olub. Məsələnin bir neçə rakursdan faydaları var: dövlətçiliyə dəstək; azad olunmuş Qarabağ adının təhsil seqmentində də var olduğunu göstərmək; tədrisin keyfiyyəti. Qarabağ Universiteti bəlkə də, Azərbaycanın xüsusi təhsil göstəricilərinə malik olan ən böyük ali təhsil müəssisəsi olacaq. Orada tibb təhsili ilə yanaşı, dövrün əsas ixtisaslarından olan İT istiqaməti, mühəndislik, digər kriteriyalar da tədris olunacaq. İşğaldan azad edilmiş ərazilərin quruculuğunda təhsil müəssisələrinin tikintisi, bərpası və tədrisin təşkili vacib amildir. Çünki təhsil insanların işğaldan azad edilmiş ərazilərdə sürətlə məskunlaşmasına, eyni zamanda həmin ərazilərdə xidməti vəzifələrini yerinə yetirən əməkdaşların övladlarını təhsil almaq şəraitinin yaxşılaşdırılması üçün bu, vacib amildir".
Alim