Berlin silahlanır, Moskva cavab hazırlayır: Avropa böyük müharibə astanasında?- ÖZƏL

"Almaniya-Rusiya münasibətlərinin son dərəcə kəskinləşməsi artıq Rusiya-Ukrayna müharibəsi ilə bağlılıqdan kənara çıxır, baxmayaraq ki, Ukrayna müharibəsi bu prosesi başladan şərtlərdəndir. Almaniya ərazisində də Rusiya izi ilə partlayışlar baş versə də, qarşıdurmanın kökündə Avropanın təhlükəsizlik arxitekturasının əsaslı dəyişməsi prosesi dayanır". Bunu Olaylar- a hüquqşünas Vüqar Dadaşov deyib: "Rusiyanın Ukrayna müharibəsi, eyni zamanda ABŞ-ın, xüsusən Donald Tramp administrasiyasının NATO və Avropaya münasibəti, Vaşinqtonun qlobal prioritetlərindəki dəyişiklikləri, Qrenlandiya, Venesuela, İran, Kuba, Meksika və Kanada və sair istiqamətlərdəki mövqeləri Avropa dövlətlərində ABŞ-ın əvvəlki səviyyədə təhlükəsizlik təminatçısı statusunda qalacağına ciddi şübhə yaratdı. Beləliklə, qabaran "Avropanın ancaq ABŞ - dan asılı olmayan təhlükəsizliyinin gələcəkdə kim təmin edəcək?" sualına Fransa, Böyük Britaniya və xüsusilə Almaniya önə çıxır.

İkinci Dünya müharibəsindən sonra hərbi gücü məhdudlaşdırılan Almaniya tarixi yaddaşını və hərbi potensialını qoruyub saxlaya bilib və bu gün Berlin həmin siyasi və psixoloji məhdudiyyətlərdən uzaqlaşır. Almaniyanın müdafiə büdcəsinə 83 milyard avro, Bundesverə əlavə 25 milyard avro xüsusi vəsait ayrılması, 2029-cu ilə qədər əsas müdafiə xərclərinin ÜDM-in 3,5 %-ə çatdırılması planı artıq sistemli hərbi dönüş, Almaniyanın milli təhlükəsizlik fəlsəfəsinin dəyişməsidir. Berlin iqtisadi gücünü hərbi-sənaye və müdafiə potensialına çevirməklə Avropanın təhlükəsizliyində daha böyük məsuliyyətə hədəflənir.
Müasir müharibələrdə texnologiya, dronlar və raket sistemləri mühüm olsa da, uzunmüddətli qarşıdurmanın əsas dayaqları yenə də insan resursu, sənaye və səfərbərlik potensialıdır. Almaniyanın üstünlüyü də məhz bu kompleks imkanlardadır. ABŞ-ın İran müharibəsi bunu bir daha sübut etdi.

Berlin Rusiya təhlükəsini qonşu Baltikyanı ölkələr - NATO üzvləri Latviya, Litva və Estoniyaya münasibətdə daha aydın görür. Almaniyanın hərbiləşməsi yalnız Rusiyaya qarşı hücum deyil, qabaqlayıcı çəkindirmə strategiyasıdır. Ancaq bu, bir paradoksa çevrilir - Almaniya təhlükədən qorunmaq üçün silahlanır, Rusiya isə silahlanmanı özünə qarşı təhlükə kimi qəbul edir. Proses nəzarətdən çıxarsa, çəkindirmə mexanizmi hərbi eskalasiyaya çevrilə bilər.
Almaniyanın hərbiləşməsində onun milli potensialı ilə yanaşı, Türkiyə faktorunun da əhəmiyyətli rolu var. Almaniyadakı böyük türk icması, Türkiyənin NATO üzvlüyü, coğrafi mövqeyi, Qara və Aralıq dənizlərinə çıxışı, Yaxın Şərqə yaxınlığı, böyük hərbi potensialı və inkişaf edən müdafiə sənayesi ilə bağlıdır. Almaniya Türkiyə ilə uzunmənzilli raketlər sahəsində əməkdaşlığa başlayıb. Almaniya həmçinin Türkiyədə Patriot sistemini yerləşdirərək 150 hərbçini də göndərib. "Eurofighter Typhoon" proqramı çərçivəsində Türkiyə ilə Almaniya arasında hərbi əməkdaşlıq başlayır.

Bu səbəbdən gələcək Avropa təhlükəsizlik arxitekturası yalnız Berlin-Paris-London xətti ilə məhdudlaşmaya bilər. Ancaq Ukrayna bu prosesin hələki mərkəzindədir.Bu gün Ukrayna Avropanın şərqində Rusiyanın hərbi gücünü saxlayan əsas müdafiə xəttidir. Lakin Avropanın təhlükəsizliyinin uzunmüddətli perspektivdə Ukrayna ordusuna həvalə edilməsi Avropanın marağında deyil. Yəni, Ukrayna keçid dövrünün strateji sipəridir və bu müddətdə Almaniya Avropanın təhlükəsizlik sistemini qurmağa çalışır. O da istisna deyil ki, I və II Dünya müharibələrinə başlamış Almaniya lazımi böyük hərbi güc əldə etdikdən sonra da yeni dünya müharibəsinin başlanğıcını verə bilər.

Hazırkı şəraitdə Almaniyanın Rusiya ilə birbaşa müharibəyə başlaması nə Berlinin, nə də Moskvanın maraqlarına uyğundur. Ancaq Almaniya müharibəyə cəlb olunan əsas Avropa güclərindən biri ola bilər. Ukrayna müharibəsi daha böyük geosiyasi transformasiyanın katalizatorudur. Əsas proses Avropanın İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik modelindən çıxaraq yeni hərbi-siyasi arxitektura yaratmasıdır. Rusiya təhlükəsi, ABŞ-ın müttəfiqlərinə münasibəti bu prosesi sürətləndirib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31