Repetitorluq ölkə təhsilinin baş bəlasına çevrilib - MÜSAHİBƏ

Günümüzün təhsil reallığını problemsiz təsvir etmək, təəssüf ki, mümkün deyil. Bunlardan ən başlıcası repetitor məsələsidir. Hazırda şagird və abituriyentlərin əksəriyyəti 9-cu sinifdən "dərsdənkənar tədris"-ə üz tutur. Bu gün repetitor hazırlığı olmadan ali təhsil müəssəsinə qəbul olmaq olduqca böyük nailiyyət hesab olunur. Repetitoru zəruri edən şagirdin səviyyəsidir, yoxsa təhsilin səviyyəsizliyi? Nəyə görə əksər müəllimlər öz peşələrini "dərsdən sonraya", repetitorluq etdiyi zamana saxlayırlar?
Biliyin səviyyəsini alınan məvacibin müəyyən etməsi nə dərəcədə düzgündür?

Bu və bu kimi  suallarımızı təhsil eksperti Kamran Əsədov cavabladı:

- Əfsuslar olsun ki, nəinki ölkəmizdə, postsovet ölkələrinin əksərində  təhsil sisteminin bugünkü durumu acınacaqlı vəziyyətdədir. Bunun səbəbləri kifayət qədər dərindir. Mənim fikrimcə, ilk öncə bu vəziyyət siyasi faktorlarla bağlı olub, SSRİ adlanan nəhəng bir imperiyanın müxtəlif müstəqil dövlətlərə parçalanması və nəticədə mövcud vahid sovet təhsil sisteminin də süquta yetməsi ilə izah olunmalıdır. Belə ki, sovet rejiminin bütün digər qüsurlarına baxmayaraq, onun elm-təhsil sisteminin kifayət qədər güclü olmasına, yüksək səviyyəli elm və pedoqoji kadrların mövcudluğuna da şəkk yox idi. Lakin bu da bir həqiqətdir ki, ölkəmizdə təhsil sisteminin bugünkü böhran vəziyyətinin sirlərini cəmiyyətimizin yalnız mövcud zəminində yox, həm də onun dünənki, əsasən keçən əsrin 70-80-ci illərdəki real qüsurlu məqamında axtarmaq gərəkdir. 
  Bundan başqa son dövrlərdə qəbul imtahanlarında baş verən dəyişiklikləri repetitorlar yaxşı mənimsəmirlər, onlar elektron ərizə qəbulu və bu kimi digər yenilikləri bilmədikləri üçün valideynlər əlavə yerlərə xidmət üçün müracət etməli olurlar. 
Hesab edirəm ki, repetitor fəaliyyətinin leqallaşması, rəsmiləşdirilməsi üçün  bu sahəyə lisenziya sisteminin tətbiq edilməsi daha effektiv olardı. Çünki bu gün ixtisası uyğun olmayan şəxslər də repetitorluq xidməti göstərirlər. Ona görə də Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi , Vergilər Nazirliyi və Sosial Müdafiə Nazirliyinin mövcud olacağı bir komisiya yaradıb orda təhsil xidmətləri göstərənlər yoxlanılmalı və fəaliyyət icazəsi verilməlidir. 
Bu gün taksi fəaliyyəti göstərmək üçün uyğunluq sertifikatı verilir. Yalnız sənədləri qaydasında olanlara bu icazə verilir. Düşünürəm ki, bunu repetitorluq, hazırlıq kursları sisteminə də tətbiq etmək lazımdır. 
Ümumilikdə, repetitorluq ta qədim zamanlardan mövcud olub, maddi cəhətdən az-çox imkanlı insanların övladları üçün nəzərdə tutulan xüsusi təlim-tədris vasitəsi kimi yüksək səviyyəli elitaların yetişdirilməsində mühüm rol oynayıb. Çox təəssüflər olsun ki, hazırda müəyyən istisna hallardan başqa, bu qədim təlim-tədris vasitəsi bu gün öz tarixi mahiyyətini itirərək, bir qisim işsiz və ya cüzi əmək haqqı alan alim və müəllimlərimizin əsas ruzi mənbəyinə çevrilib. Repetitorluğu açıq-aşkar biznesə çevirmə halları da istisna deyil. Ancaq bu gün repetitorların bəlkə də əksəriyyətini bilavasitə şagirdlərin öz orta məktəb müəllimləri təşkil edir. Müəllim-şagird münasibətlərində yaranan bazar ticarətinin hədsiz dərəcədə qınanmalı fakt olduğunu qəbul etsək də, digər tərəfdən, cüzi maaş alan müəllimlərimizin buna məcburən sövq edildiyini də qəbul etməyə borcluyuq. Bununla belə, istənilən halda repetitorluq - təhsilin səviyyəsini aşağı salmaz, yalnız yüksəldə bilər və bayaq qeyd etdiyim kimi, əgər bu tədris vasitəsi də olmasaydı, bu gün təhsilimiz tamamilə iflasa uğrayardı.

- "Bu gün məktəbdə komissiya var, hər şey yerli-yerində olsun, diqqətli olun"  Təhsil  müəssisələrində  Nazirliyin bəzən aldandığı mövzu dərs prosesinin çılpaq göstərilməməsidir. Qarşısını almağa çalışsaq da təəssüf ki, bu gün "ani gələn" komissiya ilə çox da rastlaşa bilmirik. Məktəblərdə dərs standartlarının komissiya zamanı olduğu kimi göstərilməsi mövzusu ilə bağlı düşüncələriniz nə yöndədir?

- İlk növbədə qeyd edim ki, hal-hazırda ölkədə 4432 orta ümumtəhsil məktəbi  və təhsilin idarə olunmasında bir neçə pilləli idarəetmə sistemi var. Belə ki, Təhsil Nazirliyi, regional idarələr, yerli təhsil sektorları - bunların hər biri məktəblərdə mütəmadi yoxlamalar həyata keçirirlər. Çox təəssüflər olsun ki, əslində bəzən məktəb rəhbərliyi və yaxud  digər təhsilin idarə olunmasında iştirak edənlər bizim şagirdlərə  müxtəlif idarəetmə orqanlarının adından yoxlama adı altında psixi və psixoloji təzyiq göstərirlər . Əslində isə "ani gələn" komissiya demək olar ki, heç bir yoxlama həyata keçirmir  və yaxud da ki, olmur. Müxtəlif formalı yoxlamalar var. Yəni, məktəb sənədlərinin yoxlanması ilə  bağlı, şagirdlərin dərsə davamiyyətini yoxlayan komissiyalar var. Bunlar təbii ki, məktəblərdə müxtəlif yoxlanmalar həyata keçirməlidir. Lakin görünən odur ki, bu komissiyalardan bəzi hallarda təzyiq vasitəsi kimi istifadə olunur. Bunlar əslində yaxşı hal deyil, çünki təhsilalanların müəyyən qədər etibarı və etimadı itir. Bütün hallarda məktəblərdə yoxlanılmalar aparılmalıdır ki, insanlar daha ciddi məşğul olsunlar, hər hansı bir pozuntuya yol verməsinlər. Yəni bu komissiyalar təzyiq vasitəsi yox, birmənalı şəkildə keyfiyyətin yoxlanılması, çatışmazlıqların müəyyənləşdirilməsi və rəylər əsasında aradan qaldırılmasına xidmət etməlidir.

- Bir abituriyentin minimum 5 fəndən repetitor yanına getdiyini düşünsək, əksər repetitorların aylıq ödənişi aşağı və hətta bəzən orta gəlirli ailələr üçün belə çətinlik yaradır. "Müəllim yanları"-nın bu qədər xərcli olması məktəb təhsili ilə yetinməyən şagird və abituriyentləri nələrdən məhrum edir?

- Həmin şagirdlər də hazırlığa gedə bilmədikləri, digər abituriyentlərdən "geri qaldıqları" üçün ruhdan düşürlər. Təcrübə göstərir ki, ali məktəblərə qəbul imtahanlarında heç bir müəllim yanına getməyən şagirdlər də yaxşı nəticələr əldə edirlər. Bu şərtlə ki, şagirdə  həm valideyn ciddi nəzarət eləsin, həm məktəb dərsin keyfiyyətinə fikir versin.
Son vaxtlar abituriyentlərin repetitorlara az müraciət etməsinin əsas səbəbi onların xidmət haqlarının yüksək olmasıdır.  Yəni illərlə bu sahədə məşğul olan təcrübəli repetitorlar daha yüksək qiymətə xidmət haqqı təklif edirlər. 
Valideynlər isə daha uzun xidmət haqqına meyl edirlər. Yəni valideyn iki repetirora 200 manat verməkdənsə, övladını  5 fənnə göndərir kursa, tədris mərkəzinə və iki repetitora verdiyi xidmət haqqını ödəyir. 

- Nəyə görə valideynlər məktəbin verdiyi təhsilə etimad edə bilmirlər?

- İlk növbədə qeyd edim ki, repetitorluq ölkə təhsilinin baş bəlasına çevrilib desəm, yanılmaram. Ölkənin tam orta təhsil verən əksər məktəblərində 10-11-ci siniflər kağız üzərində "fəaliyyət" göstərir. Bəzi müəllimlərin məktəbdə faktiki olaraq gün keçirdiyini, təhsilin keyfiyyət(sizliy)ini görən valideynlər övladlarını müxtəlif vasitələrlə məktəbdən yayındıraraq əlavə imkanlardan - repetitorluqdan istifadə edirlər. Valideynlərdə belə bir fikir formalaşıb ki, dərsdənkənar hazırlıqsız ali məktəbə qəbul olmaq mümkün deyil. Buna görə də övladını gələcəkdə ali məktəb tələbəsi kimi görmək arzusu ilə yaşayan əksər valideynlər artıq 9-cu sinifdən (bəzən daha tez) onu fərdi müəllim yanına göndərirlər. Bu gün hətta birinci sinfə getməyə hazırlaşan uşaqların valideynləri yaxşı məktəbdən çox, yaxşı repetitor tapmaq haqqında düşünürlər. Düzdür, repetitor yanında hazırlığın özünü təsdiqləmiş və dünyada sınanılaraq qəbul olunmuş xidmət olduğunu iddia edənlər də var. Lakin istənilən halda, repetitor yanında əlavə dərs almaq şagirdlərin, eləcə də valideynlərin böyük bəlasıdır.
Danılmaz faktdır ki, orta məktəb şagirdləri dərsdən  sonra hazırlıq kurslarına, repetitorlara müaciət etməsələr yaxşı nəticə əldə etmələri inandırıcı olmaz. 
Əslində təhsildə kütləvi şəkildə repetitorluq  modeli son illərdə ortaya çıxıb. Əvvəl şagirdlər  orta məktəbdə aldıqları biliklərin hesabına ali məktəblərə  daxil olurdular. Repetitor yanına gedən şagird daha ciddi nəzarətə götürülür. Şagirdin vaxtlı-vaxtında müəllimin yanına gedib-gəlməsi, müəllimə xüsusi ianə xərclənməsi və bütün bunların valideyn tərəfindən daha ciddi nəzarətə götürülməsi yaxşı nəticə verir. Orta məktəbə gedən şagirdi isə valideyn güclü nəzarətdə saxlamır. 

- Öz adlarını rayon məktəblərinə yazdırıb, Bakıda yalnız repetitor yanına getməklə kifayətlənən şagirdlər yetərincə çoxdur. Bununla bağlı fikirlərinizi bilmək istəyirəm.

- Təəssüflər olsun ki, çox zaman repetitorluq dərslərin hesabına həyata keçirilir. Belə ki, müəllim yanına gedən şagirdlər dərslərə gəlmir, direktorla anlaşır, adları məktəbdə qeyd olunur, yalnız yoxlama olandan-olana və yaxud ayın, ya həftənin müəyyən günlərində sinif rəhbərlərinin çağırışı ilə  məktəbə gəlirlər. Bu isə məktəb mühitinin dağılmasına gətirib çıxarır.
Hesab edirəm ki, ali məktəblərə qəbul imtahanları sadələşdirilsə, eyni zamanda repetitorluğun leqallaşması, qeydiyyata alınması prosesi baş verərsə, onnların sayı, əhatə dairəsi azalar.

Zeynəb  Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31