Milli ənənələr hər bir xalqın həyatında onun yaşamını təmin edən ən önəmli məsələlərdən biridir

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

 "Azərbaycan qədim tarixə, mədəniyyətə, ənənələrə malik olan bir dövlətdir"

Hər bir milləti tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindən biri onun adət və ənənələri və bu müstəvidə yüksək mənəvi dəyərlər sisteminə malik olmasıdır. Bu baxımdan qloballaşan dünyada milli adət və ənənələr və onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi, mədəni simasını göstərir. Siyasi şərhçi Mübariz Göyüşlü bu mövzudakı fikirlərini belə şərh edir:

"Azərbaycanda müxtəlif mədəniyyətlərə, dinlərə mənsub olan xalqların bir-birinə qarşı dözümlülüyü, tolerant münasibəti dünyaya örnək ola biləcək bir səviyyədədir. Azərbaycanda bu ənənələr əsrlər boyu mövcud olub. İndi dünya yenilikcə bunun adını multikulturalizm və ya tolerantlıq kimi ifadələrlə müəyyənləşdirir. Amma Azərbaycanda bu məsələlər əsrlərlə mövcud olub, yenilik deyil. Bizim bu qədim dövlətçilik tarixinin istər tarixinin müəyyənləşdirilməsi, istər onun yerli və xarici ictimaiyyətə çatdırılması istiqamətində çoxsaylı işlər görülür. Azərbaycan dövlətinin müxtəlif qurumları, xüsusilə elm və təhsil qurumları, Qeyri Hökumət Təşkilatları, media bu dövlətçilik tarixinin təbliği istiqamətində çoxsaylı təbliğat işləri həyata keçirirdi və bu proses yenə də davam edir. 
Dövlətçilik tariximizin müxtəlif dövrlər ilə bağlı sanballı araşdırmaların, tədqiqatların aparılmasının da biz şahidi olmaqdayıq. Nəzərə alanda ki, biz ermənilərlə qarşıdurma, müharibə və münaqişə vəziyyətində idik, torpaqlarımız işğal olunmuşdu. Və bu proses həm də ondan başlamışdı ki, ermənilər bu bölgədə yerli xalq olduqlarını, bizim torpaqlarımızın onlara məxsus olduğunu iddia edirdilər, tarixi baxımdan bunu sübut etməyə cəhd göstərirdilər. Biz bu iddiaların yalnış olduğunu tarixi, elmi, idealoji, siyasi və s. istiqamətlərdə onlara sübut etdik. Daha sonra bu faktların, sənədlərin, sübutların hamısını biz dünyaya təbliğ etdik. Siyasi, diplomatik və s. istiqamətlərdə təbliğatı, bütün istiqamətlərdə prosesləri aparıb, sonunda da müharibə ilə torpaqlarımızı işğaldan azad etdik. Biz bu ərazilərin qədim xalq olduğunu, torpaqların bizə məxsus olduğunu, dövlətçilik tariximizin qədim olduğunu təqdim və sübut edə bildik. Bu çox önəmli bir məsələdir.
Bizim xalqımızın qədim milli adət-ənənələri mövcuddur. Onun üzərində xalqımızın mövcudluğu, birliyi, onun bu və ya digər formada gördüyü işlər bax bu milli adət-ənənələrə söykənən bir məsələdir. Milli ənənələr hər bir xalqın həyatında onun yaşamını təmin edən ən önəmli məsələlərdən biridir. Bizim bu adət-ənənələrimiz tarixdən gələn bir ardıcıllıqla bu günə qədər gəlib çıxmışdır, biz onu bu günə qədər gətirib çıxara bilmişik, adət-ənənələrimizi yaşatmışıq, bu gün onu qoruyub saxlayırıq və xalqımızın öz adət-ənənələrinə olan münasibəti, onu qoruyub saxlamaq üçün göstərdiyi cəhdlər deməyə əsas verir ki, biz gələcəyə də adət-ənənələrimizi, milli dəyərlərimizi daşıya biləcəyik. Necə ki, tariximizi, tariximizin dərin qatlarında xalqımız üçün önəmli olan faktları öyrənmək, həmin o faktları gələcəyə daşımaq bizim üçün önəmlidir, eyni zamanda, milli adət-ənənələrimizi də saxlamaq, qorumaq, onlara əməl etmək, onları yaşatmaq və onu gələcək nəsilə daşımaq da bizim üçün önəmlidir. Hesab edirəm ki, həm də yalnız zamanın tələblərinə cavab verən, illərin sınağından çıxmış adət-ənənələrimizi qoruyub saxlamaq daha məqsədəuyğundur. Biz adət-ənənələrimizi qorumaqla yanaşı, müasir dəyərləri də mənimsəyən, onu öz yaşayış və həyat tərzimizə, adət-ənənələrimizə uyğun bir hala gətirə bilən, keçmişlə müasirliyin vəhdətini yarada bilən xalqın nümayəndələriyik. 
Yalnız keçmişlə yaşamaq olmaz. Biz düşünək ki, Səfəvilər bizim tariximiz olaraq var, biz bunu araşdırırıq, bununla fəxr etməliyik. Biz bu məsələləri bilməliyik. Ancaq bu məsələlər, yəni, Səfəvi tarixini və yaxud Qacarları, ya da Əfşarları tarixi bilərək, öyrənərək yalnız orda ilişib qalmaq, hesab edirəm ki, yalnış olar. Biz onu öyrənərək, onunla qürurlanaraq, onlara layiq olduğumuz bir şəkildə müasir dövrdə həyatımıza davam etməliyik. Biz hazırda da bunu edirik. Kimlərin törəmələri olduğumuzu bildiyimiz üçün də, o tarixlə qürurlanaraq, o tarixdən güc alaraq biz bu günlərə gəlib çıxdıq və torpaqlarımızın işğalda qalmasına imkan vermədik. Biz bu nəticəyə, bu məqama tariximizi, milli adət-ənənələrimizi qoruyaraq, onlara əməl edərək, bunu yaşadaraq, təbliğ edərək gəlib çıxa bilmişik. 
Azərbaycan mədəniyyəti çox zəngin, özündə çox çalarlı, müxtəlif və önəmli məsələləri, məqamları, komponentləri əks etdirə bilən nəhəng bir prosesdir. Azərbaycan mədəniyyəti, tarixi türk-islam mədəniyyətinə, tarixinə mənsub olduğunu söyləyə bilərik. Azərbaycan tarixi və mədəniyyəti əslində öz içərisində ümumtürk tarixinin və mədəniyyətinin bir tərkib hissəsidir.
Bundan sonra torpaqlarımızı azad etmiş, qalib bir dövlət, xalq olaraq öz gələcək fəaliyyətimizdə tariximizi daha da yaxşı öyrənməyə, bunu daha geniş şəkildə təbliğ etməyə, mədəniyyətimizi öyrənməyə, adət-ənənələrimizə ciddi şəkildə əməl edərək, həyat tərzimizi öz adət-ənənələrimiz çərçivəsində yaşamağa davam etməyə çalışmalı və eyni zamanda bu komponentlərə möhkəm sarılaraq, bundan sonra dövlətimizin daha da güclü və möhtəşəm bir şəkildə inkişafına, formalaşmasına çalışmalıyıq".

Röyalə Xəyal

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31