İnsan niyə qohumunun əməlinə görə hədəf olmalıdır?-Özəl
11:20 Sosial"Biz kiminsə qohumu olaraq doğula bilərik, amma bu həyatda öz xarakterimizlə yaşayırıq. Heç kəs başqasının səhvinin qurbanı olmamalıdır. Hər kəs yalnız və yalnız öz adına və öz əməllərinə görə cavabdehdir! Əsl gənc öz yolunu öz zəhməti, fərdi hörməti və xarakteri ilə cızır. Birinin qohumu səhv edibsə, bu o demək deyil ki, onun bütün nəsli eyni düşüncədədir. İnsana öz əməlinə görə qiymət verilər, başqasının yükünü onun çiyninə qoymaq ədalətdən uzaqdır. İstər rəsmi qanunlar olsun, istərsə də həyatın yazılmamış qanunları - hər kəs fərdi şəkildə cavabdehdir. Heç bir məhkəmə və ya düzgün mühit bir nəfərin səhvini onun qardaşının, əmisinin və ya dayısının adına yazmır. Hər kəsin öz hesabı, öz "razborka"sı var". "Olaylar" xəbər verir ki, bunu Vəkil-hüquqşünas Rövşən Qasımov deyib: "Heç bir kəs qohumluq əlaqələrinə, ailə üzvlərinin və ya qan qohumlarının fəaliyyətinə və əməllərinə görə mühakimə oluna və ya hüquqi, mənəvi məsuliyyətə cəlb edilə bilməz. Bu fundamental humanizm prinsipi müasir demokratik cəmiyyətlərin, insan hüquqları fəlsəfəsinin və hüquqi dövlətin təməl daşıdır. İradədən kənar yaranan qan bağları insanın fərdi məsuliyyət dairəsini və hüquqi statusunu müəyyən edən amil ola bilməz.
Azərbaycan Respublikasının Konstitusiyası fərdin müstəqilliyini və fərdi təqsirlilik prinsipini birbaşa qoruyur.
Dövlət irqindən, etnik mənsubiyyətindən, dilindən, cinsindən və mənşəyindən (o cümlədən ailə mənşəyindən) asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Bir şəxsin qohumunun əməlinə görə hər hansı formada ayrı-seçkiliyə məruz qalması bu maddənin birbaşa pozulmasıdır.
Hər bir şəxsin təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə, o, təqsirsiz sayılır. Şəxsin özünə aid olmayan, digər bir fərdin (hətta ən yaxın qohumun) törətdiyi əmələ görə "kollektiv təqsirlilik" anlayışı Konstitusiyanın ruhuna tamamilə ziddir.
İnsan hüquq və azadlıqları yalnız fərdin öz qanunazidd davranışları əsasında və qanunla məhdudlaşdırıla bilər. Qohumun törətdiyi cinayət, digər ailə üzvünün konstitusion hüquqlarının (məsələn, dövlət qulluğuna girmə, təhsil alma, azad sahibkarlıq) məhdudlaşdırılması üçün əsas ola bilməz.
Beynəlxalq hüquq subyektləri "kollektiv cəza" və ya qohumluğa görə təqib edilməni insanlığa qarşı fundamental hüquq pozuntusu kimi tanıyır:
Avropa Konvensiyasının 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ) və 14-cü (Ayrı-seçkiliyin qadağan olunması) maddələrinə əsasən, hüquqi məsuliyyət yalnız şəxsin fərdi hərəkətlərinə əsaslanmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) pretsedent hüququnda qohumların əməllərinə görə şəxslərin işdən çıxarılması və ya inzibati təqibi fərdi azadlıqlara qanunsuz müdaxilə kimi qiymətləndirilir.
Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktnın 26-cı maddəsinə əsasən qanun qarşısında hamının bərabərliyini elan edir və sosial mənşə və ya təbii status zəminində mühakiməni qadağan edir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarlarında cinayət və cəzanın fərdiliyi, ədalətlilik və mütənasiblik prinsipləri mütəmadi olaraq vurğulanır.
Konstitusiya Məhkəməsinin Plenumu özünün müvafiq hüquqi şərhlərində qeyd edir ki, cəza yalnız fərdin təqsirli olaraq törətdiyi konkret ictimai təhlükəli əməlin nəticəsi ola bilər. Heç bir hüquqi sanksiya və ya məhdudiyyət törədilmiş əməldə şəxsi iştirakı, niyyəti və ya ehtiyatsızlığı sübut olunmamış şəxsə tətbiq edilə bilməz.
Həm Konstitusiya Məhkəməsinin, həm də Ali Məhkəmənin formalaşdırdığı təcrübə sübut edir ki, yetkin fərdlərin hər biri öz addımlarının hüquqi müəllifidir. Bir ailə üzvünün qanunsuz fəaliyyətində birbaşa iştirakı (iştirakçılıq, cinayəti gizlətmə və s.) sübuta yetirilməyən digər qohum qanun qarşısında tamamilə təmiz və ləkəsiz qəbul edilir.
Azərbaycan Respublikasının sahəvi məcəllələri bu prinsipi imperativ şəkildə təsbit edir:
Şəxs yalnız özünün törətdiyi və cinayət tərkibinin əlamətləri mövcud olan əmələ (hərəkət və ya hərəkətsizliyə) görə cinayət məsuliyyətinə cəlb olunur. Başqasının, o cümlədən qohumun əməlinə görə cinayət məsuliyyəti tamamilə istisnadır.İşə qəbul zamanı və ya əmək fəaliyyəti dövründə işçinin ailə vəziyyətinə, qohumlarının sosial-hüquqi statusuna görə fərqləndirilməsi, sıxışdırılması və ya hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.
Qohumluq əlaqələrinə görə mühakimə yürütmək hüququn təməli olan fərdi iradə azadlığı konsepsiyasına ziddir. İnsan cəmiyyətə fərd kimi daxil olur və dövlətlə münasibətlərini özünün hüquqi davranışları əsasında qurur. Ailə üzvlərinin qanunazidd əməlləri digər qohumlar üçün yalnız mənəvi kədər və ya üzüntü doğura bilər, lakin bu kədər hüquqi təqsir sayıla bilməz. Demokratik, sivil və hüquqi cəmiyyətlərdə hər bir şəxs yalnız özünün yazdığı "həyat və əməl kitabı" ilə mühakimə olunur.
Əgər bir insan öz davranışı, ətrafına verdiyi dəyər və təmiz keçmişi ilə hörmət qazanıbsa, onun qohum-əqrəbasının kimliyi bu hörməti azalda bilməz. Hər kəs öz adını qorumağa və özünə hörmət etdirməyə borcludur.
"Filankəsin qohumudur, deməli, o da elədir" yanaşması zəif və dar düşüncənin məhsuludur. İnsanları qan bağına görə damğalamaq onların gələcəyini, potensialını və cəmiyyətdəki yerini baltalamaqdır. Güclü xarakterə malik olan kəs heç vaxt başqasının kölgəsində qalmır və qohumunun səhvinə görə başını aşağı salmır".