TÜRKİYƏ - AZƏRBAYCAN QARDAŞLIĞI SADƏCƏ BU GÜNÜN DEYİL, MİNLİKLƏRİN VƏ GƏLƏCƏYİN MƏSƏLƏSİDİR! - Cavid İSMAYIL yazır

Cavid Əjdəroğlu İsmayıl
Bugünkü Türkiyə - Azərbaycan qardaşlığını yalnız iki dövlət arasındakı siyasi münasibətlər, diplomatik əməkdaşlıq və ya strateji tərəfdaşlıq çərçivəsində dəyərləndirmək doğru deyil. Bu qardaşlıq minilliklərdən süzülüb gələn ortaq tarixin, eyni soy kökünün, dilin, mədəniyyətin, mənəvi dəyərlərin və sarsılmaz milli birliyin ifadəsidir.
Türkiyə və Azərbaycan - bir millət, iki müstəqil dövlət, eyni kökdən gələn iki qüdrətli Türk dövlətidir!
Lakin bu gün inkişaf edən Türkiyə-Azərbaycan münasibətlərinin əhəmiyyəti təkcə iki ölkənin milli maraqları ilə məhdudlaşmır. Bu birlik daha böyük bir amala - bütün Türk dünyasının güclənməsinə, türk xalqları arasında birliyin möhkəmlənməsinə, ortaq potensialın səfərbər olunmasına və gələcək nəsillərə daha güclü, daha nüfuzlu Türk dünyasının miras qoyulmasına xidmət edir.
Bu gün Türkiyə ilə Azərbaycanın birliyi sabah bütün Türk dünyasının siyasi, iqtisadi, mədəni və strateji gücünün artması üçün mühüm təməldir. Bu təmələ vurulan hər bir zərbə yalnız iki dövlətin münasibətlərinə deyil, ortaq tariximizə, milli kimliyimizə və gələcəyimizə yönəlmiş zərbədir.
Ona görə də Türkiyə-Azərbaycan qardaşlığını hədəfə alan, bu birliyi zəiflətməyə çalışan və Türk dünyasının gələcəyinə zərər vuran hər bir əməl öz mahiyyətinə görə ciddi qiymətləndirilməlidir. Burada söhbət kiminsə şəxsi mövqeyindən və ya siyasi marağından deyil, milyonlarla insanın ortaq tarixinə, milli dəyərlərinə və gələcək taleyinə münasibətdən gedir.
Heç kimin kimliyindən, vəzifəsindən, siyasi mövqeyindən və nüfuzundan asılı olmayaraq, sübuta yetirilmiş xəyanət və qanunazidd əməllər hüquqi qiymətini almalı, törədənlər qanun qarşısında məsuliyyət daşımalıdırlar. Tarix də göstərir ki, xalqların birliyini pozmağa çalışanların əməlləri unudulmur - onların siyasi və mənəvi nəticələri gec-tez üzə çıxır.
Bizim mövqeyimiz qətidir: Türkiyə-Azərbaycan qardaşlığı ayrı-ayrı şəxslərin maraqlarından, gündəlik siyasi hesablamalardan və müvəqqəti konyunkturalardan daha böyükdür. Bu qardaşlıq ortaq keçmişimizin yadigarı, bugünkü gücümüzün dayağı və gələcək Türk dünyasının mühüm təminatlarından biridir.

Bu birliyə sahib çıxmaq yalnız Türkiyənin və ya Azərbaycanın deyil, bütün Türk dünyasının gələcəyinə sahib çıxmaq deməkdir. Çünki kökləri tarixə gedib çıxan, bu günü iradə ilə formalaşan və gələcəyə ümidlə yönələn birliyin məsuliyyəti hər birimizə aiddir.
Türkiyə-Azərbaycan qardaşlığı sarsılmaz olmalıdır! Türk dünyasının birliyi güclənməli, ortaq maraqlarımız qorunmalı, bu birliyə qarşı yönələn qanunsuz əməllər isə kim tərəfindən törədilməsindən asılı olmayaraq, hüquqi və mənəvi qiymətini mütləq almalıdır!
Hərkəs anlamalıdır ki, bizim üçün bu məsələ sadəcə siyasi seçim deyil - tarixə sədaqət, milli kimliyə hörmət və gələcək nəsillər qarşısında məsuliyyətdir.
YAŞASIN TÜRKİYƏ-AZƏRBAYCAN QARDAŞLIĞI!
YAŞASIN TÜRK DÜNYASININ BİRLİYİ!
KEÇMİŞİMİZ BİRDİR, KÖKÜMÜZ BİRDİR, GƏLƏCƏYİMİZ ORTAQ GÜCÜMÜZLƏ FORMALAŞACAQ!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31