Kiberdələduzlar- Onlara qarşı necə mübarizə aparaq?

"Sizin işiniz sadəcə olaraq Google Xəritə tətbiqində restoranlara baxmaq üçün 5 ulduzlu reytinq verməkdir və işi bitirən kimi pulunuzu alacaqsınız. Gündə 50-150 AZN qədər qazana bilərsiniz". Son vaxtlarda bu və ya bu tipli iş təklifi məzmunlu mesajlar əksəriyyətimizin telefonuna göndərilir. Kimiləri buna əhəmiyyət vermir, kimiləri isə bu "tora" düşürlər. Mövzu ilə əlaqəli suallarımızı İKT üzrə mütəxəssis Fərhad Mirəliyevə ünvanladıq. Onun fikrinə görə, vətəndaşlara aid vəsaitlərin mənimsənilməsi cəhdləri durmadan artır və müxtəlif məzmunlu cəlbedici təkliflərin sonra ya maliyyə piramidası, ya da bank kartlarından vəsaitlərin oğurlanması üçün bir fırıldaq olduğu aydın olur. Əslində bizi ilk olaraq maraqlandıran nömrələrimizin necə seçilməyidir. Onlar bizi tanıyaraqmı nömrələrimizi əldə edirlər? Fərhad Mirəliyevin  qənaətincə mobil nömrələrin əldə olunması ilə bağlı müxtəlif variantlar mümkün olsa da, fikrimcə mobil nömrələr proqram təminatı vasitəsi ilə təsadüfi generasiya edilir:" Bunun üçün lazım olan ölkə kodu, mobil operatorların kodları və mobil nömrənin formatı əvvəlcədən proqram təminatına tanıdılır. Amma bundan alternativ yollar da var ki, mobil nömrələrin əldə edilməsi çox asandır. Misal üçün deyək ki, elanlar saytında minlərlə nömrə aşkar etmək olar." 
Mesajlarda təklif olunan məbləğ heç də az deyil, onlar gündəlik 50-150 manat arası qazanc vəd edirlər. O ki məsələ gəlir vətəndaşın inanmamasına, onda belə bir təklif edirlər: " Gəlin biz sizə sınaq üçün indicə 5 manat göndərək". Gəlin görək bu dələduzluq necə sistemləşdirilir. Bu "5 manat" vətəndaşların kart məlumatlarını öyrənmək məqsədiləmi atılır? Mütəxəssisin dediyinə görə, onlar saxla etibarlılıq hissi yaradırlar: "Sosial şəbəkələrdə investisiya adı altında saxta iş təklifləri  və yalan məlumatlarla  vətandaşlarda maraq oyatmağa çalışırlar. Həmçinin dələduzlar maliyyə piramidaları yaratmaqla vətəndaşlarda saxta etibarlılıq hissi formalaşdırırlar. İşin real olması görüntüsü yaratmaq üçün müəyyən məbləğdə maliyyə vəsaiti də vətəndaşın kartına köçür, vətəndaşda maraq və inam yaradılır. Məqsəd etibardan sui- istifadə etməklə daha böyük məbləğ əldə etmək və ya kart məlumatlarını əldə etməklə vətəndaşa qarşı alternativ dələduzluq əməlləri törətməkdir. Vətəndaşa az bir məbləğdə etdiyi yatırımlarla qazanc imkanı yaradır, növbəti mərhələdə vətəndaşdan daha çox pul tələb edir. Vətəndaşa kiçik məbləğlərlə pul vəsaiti ödəyib, etibar qazandıqdan sonra bu məbləğlər 5-10 min manat səviyyəsinə çatır." 
Maraqlısı budur ki, bu mesajarların göndərildiyi nömrələr xarici ölkərə məxsus nömrələrdir. Bu nömrələrin arxasında dayananlar həqiqətənmi bu prosesi xaricdən idarə edirlər? Onların xarici nömrələrdən istifadələrinə səbəb izlərini itirməkdirmi? Bu sual ətrafında da müsahibimiz öz fikirlərini bildirdi: "Bu əməlləri həyata keçirənlər isə xaricdə oturan mütəşəkkil cinayət qruplaşmalarıdır. Təxmin edirəm ki, onların Azərbaycan daxilində də əlbir olduqları şəxslər vardır. Həmin şəxslər gündəmdə olan aktual mövzuları kibercinayətkarlara ötürür, onun əsasında da hədəf kütləsinə uyğun strategiya hazırlanır. Əldə olunmuş vəsaitlər qısa bir zamanda xarici hesablara çıxarılır və bütün izlər itirilir." 
Bəllidir ki, bu artıq sistemləşdirilmiş dələduzluqdur. Unutmamalıyıq ki, bəzən görməzdən gələrək önəmsəmədiyimiz bu mesajlar bir çoxları üçün təhdid halına çevirilir. Bəs vətəndaşlar bu təhlükədən xəbərdardılarmı? Bilməli olduqları məqamlar nələrdir? Gəlin görək hansı mərhələdən etibarən bu mesajlar təhlükəyə çevirilməyə başlayır:
"Bu cür dələduzlara qarşı hər bir vətəndaş fərdi şəkildə mübarizə aparmalı olur. Dələduzlar  qarşı tərəflə təmaslar zamanı saxta səmimiyyət yaratmağa çalışırlar. Məqsədləri həyəcan yaratmaq, vətəndaşa psixoloji təsir göstərməklə onun adekvat düşünməsinin qarşısını almaqdır. Qurbana çevrilməmək üçün açar məqam vətəndaşların İKT və maliyyə savadlılığının artırılmasından keçir. 
Daxil olan zənglər və mesajlar dəqiqliklə araşdırılmalıdır. Zəng və ya mesaj hansı nömrədən daxil olub, qarşı tərəf kim olduğunu iddia edir və tələbi nədən ibarətdir. Məqsədlərinə nail olmaq və inam hissi yaratmaq üçün saxta nömrələrdən, vebsaytlardan , təhdidlərdən və dostluqdakı insanların adlarından istifadə edilə bilər.
Belə hallara qarşı mübarizə aparmaq üçün vətəndaşlar son dərəcədə ayıq-sayıq olmalıdırlar, şübhəli mesajları təcrid  etməli , spam və blok kimi funkisonallıqdan istifadə etməlidirlər. Heç bir halda, sosial şəbəkələr üzərindən və yaxud zənglər zamanı fərdi məlumatları , telefona gələn təhlükəsizlik kodlarını heç kəs ilə paylaşmamalıdırlar.
Vətəndaşlara bu cür hallarda nə tövsiyə olunur:
•    Kart məlumatlarınızı heç kimə verməyin
•    Daxil olan mesaj və zənglərin məzmununa diqqət edin, şübhəli linkləri açmayın
•    Sahibi kifayət qədər etibarlı olmayan və ya naməlum olan tətbiqlərin smartfonlara yüklənməsindən çəkinin
•    Vəsiqə üzərində olan məlumatları paylaşmayın
•    Onlayn ödənişlər zamanı #3D təhlükəsizlik kodunu məxfi saxlayın
•    Elan saytlarında görmədiyiniz adama məhsul və xidmətlər satmayın
•    İctimai yerlərdə internetdən istifadə edən zaman bank kartı vasitəsilə ödənişlər etməyin
•    Xeyriyyə məqsədi ilə kart paylaşılan zaman #PAN nömrədən əlavə heç nə paylaşmayın
•     Ev şəraitində belə bank kartlarının ailə üzvləri tərəfindən onlayn ödənişlər və abunə xidmətlərində istifadə edilməsini nəzarətdə saxlayın
Vətəndaşlar ayıq-sayıqlığı itirməməli, daima diqqətli olmalı, şübhəli məzmunlu internet informasiya resurslarının yaratdığı təhdidlər barədə xəbərdar olmalıdırlar.

Banklar, mobil operatorlar və hüquq mühafizə orqanları əksər hallarda bu cür dələduzluq fəaliyyəti nəticəsində dəymiş ziyanın qaytarılmasına yardımçı ola bilmirlər. Çünki, kiber dələduzlar mürəkkəb sxemlər üzərindən öz bədnam əməllərini həyata keçirirlər"  

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31