Bir ədəbi təşkilata və onun yubiley nəşrinə dair
1 Dekabr 2023 14:00 SosialRamin Məmmədov,
yazıçı-publisist
Yaxın günlərdə işıq üzü görmüş "Qəbələnin səsi - 5 (yubiley kitabı)" adlı toplunun redaktoru, ön söz müəllifi AJB-nin üzvü və bir neçə ödülün sahibi Daşdəmir Əjdəroğlu, ideya müəllifi "Qəbələnin səsi" ədəbi birliyinin sədri Şəhla Xəlilqızıdır. Əsər ədəbi birliyin beşillik yubileyinə həsr olunmuşdur. Bu günlərdə, dəvət olnduğum, şair, yazıçı-publisist, alovlu vətənpərvər Bibixanım İsayevanın yenicə işıq üzü görmüş "Ağ rəngin sehri" kitabının Qəbələ Mədəniyyət Mərkəzində keçirilən təqdimat mərasimində iştirak etmək üçün kiçik vətənimə gəlmişdim. Tanınmış şair, yaradıcılığına və mənəviyyatına hörmət bəslədiyim təzə dostum Cəlil Xeyirbəylə rastlaşdıq. O, şirin bir təbəssümlə yenicə çapdan çıxmış "Qəbələnin səsi - 5"i mənə hədiyyə etdi. Doğrusu, bu nəşr haqqında yazmaq fikrim yox idi. Ona görə ki, toplunun əlyazması ilə tanış olduqdan sonra, Qəbələdə ədəbiyyatın tarixinə bir nəzər məzmunlu və təşkilatın bir neçə üzvünün yaradıcılığına dair düşüncələrimi yazıb təqdim etmişdim və həmin geniş yazılarım sözü gedən kitabda verilib. Zənn edirdim ki, Qəbələ, Oğuz, Ağdaş, İsmayıllı və s. kimi bölgələrdən olan bir çox yazıçı və şairlərin demokratik, həyatı necə var elə əks etdirən, şeir, bədii və publisistik yazıları toplanan əsəri başqa bir həmkarımız mətbuatda işıqlandırar. Lakin, rastlaşdığım tanışlardan biri, nəfis şəkildə gözəl tərtib olunmuş kitabı əlimdə görən kimi ağız büzüb "bu kitab ədəbiyyatımıza nə verir ki?" deyə soruşdu. Ani olaraq alman fiziki, Nobel mükafatçısı Albert Eynşteynin "Cəhalət və bilgisizlik fərqli şeylərdir. Bilməyənə izah edərsən öyrənər, amma cahilə izah edə bilməzsən, çünki o zatən "bilir", deyimi yaddaşımda canlandı. Bu adama böyük alimin sözlərini xatırlatmağı mənasız hesab etdim. Ona qısaca bildirdim ki, ən azından bölgəmizin ədəbiyyat tarixinə layiqli bir töhfədir, bu, min bir çətinliklə ərsə-araya gətirilən toplunu vərəqləsəniz görəcəksiz ki, burda oxunaqlı, xoş ovqat yaradan və düşündürücü şeirlər, mənalı məqalələr Azərbaycanımıza, qəhrəman xalqımıza, qədim tariximizə, adət-ənənələrimizə, şəhidlərimizə, dinimizə, dilimizə... həsr olunub və bir çoxu da insanlığa, mənəvi saflığa, paxıllıqdan, xəsislikdən, biganəlikdən, saxta məhəbbətdən, təmənnalı dostluqdan uzaq olmağa çağırışdır... Bundan sonra, təvazökar bir qələm sahibi və oxucu olaraq, yeni nəşr haqqında qısa da olsa fikir söyləmək qərarına gəldim.
Amma, problemlə bağlı əlavə bir neçə cümlə yazmağım, bizi əsas məsələdən yayındırmaz. Yəni xatırlatmaq istərdim ki, məlum olduğu üzrə, neçə illərdir yerli-yersiz, bilən də, bilməyən də, hər hansı bir kitabı oxuyan da, oxumayan da, yaxud da heç bir əsərlə tanışlığı olmayan da, müxtəlif kitablarla - bədii, publisistik nəşrlərlə bağlı subyektiv, həqiqətdən uzaq fikirlər söyləyir, eləcə də obyektiv məzmunlu, təcrübəli ədəbiyyat nümayəndələrini fikirləşməyə məcbur edən yazılara, "Ədəbiyyatı şouya döndərmək günahdır" yazısında qeyd olunduğu "belə getsə doqquz milyonluq əhalinin yarısı "şair statusu" alacaq və bu da həlli müşkül problemə çevriləcək" ("Ədəbiyyat qəzeti", 13.062014) kimi narahatlığa və tele-radio vasitələrilə çıxışlara da yetərincə rast gəlirik. Belə münasibət, istər-istəməz təhlil edib, düzgün nəticə çıxarmağa istiqamətləndirir. Əslində problemə diqqətin artması sevindiricidir və artıq problemin həlli yollarını axtarmağa cəhdin vaxtıdır. Bəli, ədəbiyyat nümayəndələrinin, ayrı-ayrı ziyalıların və zövqlü oxucuların narahatçılığı da başa düşüləndir. Fikrimcə, belə olan halda isə, hər bir əsərə fərdi yanaşmaq, hər oxucu xoş təəssürat duyduğu, özünə sevinc, məmnunluq hissi nəsib edən poeziyanı və romanları, hekayələri və s. oxumaq da yararlı olar. Danılmaz həqiqətdir ki, ürəkaçan, maraqlı, inandırıcı olur o zaman ki, Anar, Elçin, Vaqif Yusifli, Təhsin Mütəllimov, Qəzənfər Paşayev, Qəşəm İsabəyli, Bədirxan Əhmədli, Tehran Əlişanoğlu, Nizaməddin Şəmsizadə, Nəsiman Yaqublu, Abid Tahirli, Nizami Cəfərov, Vaqif Sultanlı, Azər Turan, Cavanşir Yusifli, Elnarə Akimova, Əsəd Cahangir... başqa onlarla adını çəkmədiyim, o cümlədən, yeni nəsil tənqidçi və ədəbiyyatşünaslar, yəni belə demək olarsa, səlahiyyətli şəxslər, hər hansı bir əsəri oxuyub, öyrənib, maraqlı, yaxşı başa düşülən, anlaşılan formada, üslubda çıxışlar edir, kifayətləndirici fikir söyləyirlər. Və belə təhlil, tədqiq, saf tənqid, oxuculara, dinləyicilərə o qədər maraqlı, obyektiv, səmimi şəkildə çatdırılır ki, çıxış edənin ədəbiyyatımıza, mədəniyyətimizə, haqqında söylədiyi yazılı əmək məhsuluna, elə özünə də, hörmət və diqqətlə yanaşmasına, verdiyi qərəzsiz, insaflı qiymətə heyran olursan, məmnunluq hissi keçirirsən...
Bəzən müxtəlif tədbirlərdə, başqa məclislərdə oxucularımıza, elə bəzi qələmdaşlarımıza da, səmimi, dostcasına məsləhətim olur - Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Y.V.Çəmənzəminli, Firidun bəy Köçərli, Salman Mümtaz, Həmid Araslı, Mikayıl Rəfili, Məmməd Arif, Məmməd Cəfər, Cəfər Cəfərov, Cəfər Xəndan, Fuad Qasımzadə, Qasım Qasımzadə, Yaşar Qarayev, Xalid Əlimirzəyev, Bəkir Nəbiyev... kimi ustad sənətkarların əsərlərini və "Ədəbiyyat qəzeti"ni..., "Azərbaycan", "Ulduz"... jurnallarını oxumağa, öyrənməyə vaxt ayırın, çox fayda görəcəksiz, deyirəm.
İndi yazının xarakterinə uyğun olaraq, sözü gedən kitab və ədəbi birlik haqqında müxtəsər məlumat verim. Əvvəlcə diqqət mərkəzinə çəkmək istəyirəm ki, 464 səhifəlik "Qəbələnin səsi-5"də təmsil olunan yetmiş nəfərdən çox qələm sahibinin böyük əksəriyyəti Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, başqa ədəbi birliklərin, məclislərin üzvləri, neçə-neçə media mükafatların laureatlarıdır və onların bir çoxu onillər boyu yaradıcılıqla məşğul olan, kövrək şeirlərini, məqalələrini ötən əsrdə "Təşviqatçı", "Göyərçin" jurnallarında, "Azərbaycan gəncləri", "Pioner" dərgilərində, rayon qəzetlərində, digər məxəzlərdə dərc etdiriblər. Müstəqillik dövründə isə, onların seirləri, hekayə və oçerkləri ölkəmizin ən nüfuzlu və müxtəlif KİV vasitələrində dərc edilmişdir. Onu da nəzərə çatdırmağım yaxşı olar ki, yubiley nəşrində poeziya və nəsr əsərləri yer alan şair və yazıçılar kifayət qədər müxtəlif səpgili yaradıcılıq nümunələri cəmləşdirilmiş neçə-neçə kitabın müəllifidir.
İlk növbədə kitabda getmiş rəylərdən sitatlar gətirməklə bu almanaxla bağlı bilavasitə təsəvvür yratmaq faydalı olar. Peşəkar jurnalist Daşdəmir Əjdəroğlu toplunun əvvəlində getmiş "Etibarlı əllərdə olan söz karvanının ovsarı" sərlövhəli uğurlamasında vurğulayır ki, "Bu gün cəmiyyətin, indiki gəncliyin çox şeyə ehtiyacı var. Amma ən böyük ehtiyaclarından biri həqiqi Sözdür - haqq Sözü. "Qəbələnin səsi" Ədəbi Yazarlar Birliyinin (ƏYB) yazarları o Sözü Sizə demək arzusu və iddiasındadırlar. Ola bilsin əlinə aldığın bu kitabda o sözü tapa bilməyəsən, amma yox, təzədən vərəqlə". Bununla nəşrin məziyyətlərini yaxından bilən və duyan D.Əjdəroğlu oxucuya ismarıc göndərir, tövsiyə edir ki, topluda cəmlənmiş maraqlı nümunələri oxumağına dəyər. Sonra da "... Birliyin rəhbəri Şəhla Xəlilqızının "Yaşa "Qəbələnin səsi" şeirini də "Uğurlu yol" adı altında yazdığım "Ön söz"ə əlavə etsəm, məncə, yerinə düşər" deyib şeiri bura əlavə edir. Mən də birinci bəndi Sizlərlə bir yerdə oxumaq istəyirəm:
Ucalırsan günü-gündən,
İlham alır ellər səndən,
Söhbətindən, xoş sözündən,
Valeh edir hər bir kəsi,
Yaşa "Qəbələnin səsi"!
Şərhə, təhlilə ehtiyac yoxdur. Hər şey açıq, aydın deyilib.
Sevindirici haldır ki, "Qəbələnin səsi"nin rəhbərliyi və üzvləri ən müxtəlif tədbirlərə təşrif buyurur, digər xeyirxah işlər görürlər. Fəal yazarlar daha çox şəhid məzarlarını, şəhidlərimizin valideyinlərini, qazilərimizi ziyarət edir, onlara şeirlər ithaf edirlər. Elə D.Əjdəroğlunun qeydlərində də birlik üzvlərinin bu fəallığına və digər üstünlüklərinə işarə edilir: "Bakıda yaşayıb-yaradan dostumuz, şair təbiətli insan, Azərbaycan Memarlıq və İnşaat Universiteti Azərbaycan dili və Pedaqogika kafedrasının dosenti Akif Hacıyev "Qəbələnin səsi" ƏYB-nin sədri Şəhla Xəlilqızının adına ünvanlandığı qeydlərindən bir məqamı nəzərinizə çatdırmaq istərdim: Mən elə başa düşürəm ki, "Qəbələnin səsi" ƏYB-nin rayonumuzda mədəni-kütləvi tədbirlərdə, əlamətdar bayramlarda, şair, yazıçı və elm adamlarının rayon sakinlərilə görüşlərində çox böyük rolu vardır".
.jpg)
Ağsaqqal yazıçı, şair, publisist, "Qəbələnin səsi" ƏYB-nin üzvü Emin Baratoğlu da nəşrdə getmiş bu ədəbi birliyə dair ürək sözlərində maraqlı açıqlamalar verərək qeyd edir ki, "Qısa müddətdə hamının marağını çəkən birlik ədəbi mühitdə və rayonda hörmət qazanmağa başladı. Birliyə qonşu Oğuz və digər rayon yazarları da qoşulub. Birlik olan yerdə uğur da qazanmaq mümkündür. Nə əldə edə bilmişiksə, bu, Qəbələmizin tarixidir, ədəbi mühitimizin uğurları, yazarlarımızın xidmətidir. Unutmaq olmaz ki, Qəbələli şair Tacəddin Şahdağlı da 1970-ci illərdə bu məkanda "Bahar" adlı ədəbi məclis yradıb toplantılar keçirirdi".
Təqdirəlayiqdir ki, topluda qocaman və xeyli gənc şairlərin şeirləri yer alıb. Məsələn, yaşı səksən yeddini ötmüş şair Şakir Xəyalın (hələ 1960-70-ci illərdə biz məktəblilər, Şakir müəllimin şeirlərini rayon qəzetində maraqla oxuyurduq) şəhidimizin əziz xatirəsinə "Mən Xeyirbəy gəzən kəndə gəlmişəm" və "Qəbələm", "Sənli günlərimi qaytar, ver mənə", "Dağlar", "Mən yadına düşəndə" sərlövhəli şeirlərinə rast gəlirik burda. "Mən Xeyirbəy gəzən kəndə gəlmişəm" şeirində 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmsı uğrunda şəhidlik zirvəsinə ucalmış Xeyirbəy Səfərçinovun, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda göstərdiyi igidliyə görə adının əbədi yaşayacağına qürur duyğusu görürük. Şakir müəllim, şəhidin atası, şair Cəlil müəllimin kədərinə şərik olur, onunla dərdləşmək, halına ortaq olmaq, ona təskinlik vermək istəyir:
Ağacların kölgəsində əyləşək,
Cəlil qardaş burda bir az dərdləşək,
Bu diyarda haldan-hala biz düşək,
Mən Xeyirbəy gəzən kəndə gəlmişəm,
Cəlil şeir yazan kəndə gəlmişəm.
Ədəbi birliyin üzvü, yazıçı-publisist Eldar Quliyevin topluda dərc olunmuş "Uğurlar diləyirəm "Qəbələnin səsi"nə sərlövhəli təbrik məqaləsində fərəhlə vurğulanır ki, ötən dövr ərzində yazarlar öz şeir və poemalarını kitab şəklində nəşr etdiriblər. Bu kitablarda vətənnpərvərlik, dostluq, saf məhəbbət seçilir, əsas yer tutur. Sonra da o, sevinc hissi ilə yazır ki, Şairlər Şəhla Xəlilqızı, Cəlil Xeyirbəy, Elmira Abdurahmanqızı, Emin Baratoğlu, Mirhəsən Ağayev, Şəfəq Ələsgərqızı, Əmirxan Burzuyev, Mirzəbala Yediyarov, Qərənfil Dünyaminqızı, Ceyhun Allahyaroğlu, Elçin Dönməz, Zümrüd Vəliyeva, Sədaqət Oğuzlu, Nargilə Rəhman, Elza Rəşad, Elza Dəniz Nur, Sədiyar Səfərəliyev, Qoşqar Qaraçaylı, Rəciyyə Lazalı, Bibixanım Fizuli maraqlı kitabları ilə zaman-zaman oxucuların görüşünə gəliblər". Göründüyü kimi, ƏYB-nin üzvləri keçmişdə deyildiyi kimi, entuziazmla çalışır, yaradıcılıq fəaliyyətini bu günümüz üçün aktual olan mövzulara həsr edirlər. Birlikdə belə coşqun ədəbiyyat adamlarının mövcudluğu təşkilatın uzunömürlü olacağına, onların daha novatorluqla çalışacağına ümid verir.
"Qəbələnin səsi" ƏYB-nin üzvü Sədaqət Oğuzlu haqlı olaraq hesab edir ki, birlik üzvlərinin qarşısında duran ən vacib məsələlərdən biri də 44 günlük Vətən müharibəsinin, şəhidlərin, qazilərin qanlı-qadalı döyüş yollarını yazmaq, işıqlandırmaq və ictimaiyyətə çatdırmaq idi. Yubiley nəşrində getmiş, onun altı poeziya nümunəsindən biri, "Zülm yerdə qalan deyil" şeirindən bəlli olur ki, Sədaqət xanım müharibə iştirakçılarına qarşı haqsızlıqla da qarşılaşıb, bununla razılaşa, bu ədalətsizliyi həzm edə bilməyib, bədii sözün sehri ilə qamçılayıb nalayıq hərəkətləri:
Unutdular şəhidləri,
Yandırdılar qaziləri,
Dərdə saldı dərdliləri,
Hər şey Sizə olsun deyə?
"Qəbələnin səsi-5"lə diqqətlə tanışlıqdan nəticə çıxarmaq olur ki, toplu haqqında ayrıca bir əsər yazmaq mümkündür. Bu açıqlamada fikrim, həmin kitab haqqında bir qədər təsəvvür yratmaqdır. Sonda istərdim ki, ədəbi birlik üzvlərinin bir neçəsinin təkcə son bir-iki il ərzində işıq üzü görmüş kitablarından az hissəsinin adını çəkim. Emin Baratoğlu "Şeirin şahı Şahdağlı", "Azərbaycan - Anam mənim" (almanax), "Polad ürəkli oğullar" (Eldar Quliyevlə müştərək), Cəlil Xeyirbəy "Vətən sağ olsun", Bibixanım Fizuli "İnsanlıq zirvəsi" (Qəhrəman şəhid general Polad Həşimov haqqında), "Ağ rəngin sehri", Şəhla Xəlilqızı "Vətənləşən oğullar", Nargilə Rəhman "Xoşbəxtliyin ətri", "Aliyə" (avtobioqrafik roman, I kitab), Elza Dəniz Nur "Bəxt Aynası", "Həsrət yazan qələmlər", Şəfəq Ələsgərqızı "Vətən qoxulu misralar", "Gözlərimdə güzgülənir gözlərin", Mənsurə Ağayeva "Mənim könül dünyam", Ceyhun Allahyaroğlu "Ana həsrəti" kitablarının müəllifləridir.
Hələlik, "Qəbələnin səsi" ƏYB-nin keçirdiyi bir tədbirdə - kitab təqdimatında iştirak etmək mənə qismət olub. Ədəbi birliyin üzvlərinin, tərəfdaşlarının, qonaqlarının çıxışlarını dinlədikdən, davranışlarını müşahidə etdikdən sonra belə qərara gəldim ki, bura toplanan şəxslər vətənpərvər və müsbət insanlardı. Qürurla deyə bilərəm ki, onların yaratdığı əsərlər Vətənimizə, mədəniyyətimizə, tariximizin mərdlik və qəhrəmanlıq səhifələrinə ehtiram nümunələri ola biləcəkdir. İftixar hissi doğuran həqiqətdir ki, həmin yazıçı və şairlər bunu özlərinin əqidə borcu kimi - Azərbaycanımıza şərəfli xidmət nümunəsi kimi edirlər.