Bunlar hamısı dilə güc tətbiq etməkdir, dilin normal, təbii inkişafının axarını pozmaqdır- Qulu Məhərrəmli

Tez-tez dilimizin lüğət tərkibində olan dəyişikliklər barədə əsaslı, ya əsassız xəbərlər yayılır. Bu isə  insanlar arasında mübahisələrə, müxtəlif fikirlərə səbəb olur. Kimiləri razılaşır, kimiləri isə bu dəyişiklikləri, əlavələri "lazımsız" bilir. Bəs görəsən, hansı sözlərin dəyişilməsi, əlavəsi dilimizə uyğundur?

Mövzü ilə əlaqəli AZLEKS elektron lüğətlər toplusunun baş redaktoru, əməkdar jurnalist Qulu Məhərrəmli ilə söhbətləşdik.

-Qulu müəllim, biz deyirik "rus dili", "türk dili", "fransız dili" və s. Bütün bu sadaladığım dillərdə milli mənsubiyyət istifadə olunur. Lakin nəyə görə Azərbaycan dili dedikdə biz dilin yanına ölkə adını əlavə  edirik? Millətimizin adı yoxdur? Heç təsəvvür etmirəm ki, bir fransız öz dilinə "Fransa dili" desin, ya bir rus "Rusiya dili" desin. Amma bir azərbaycanlı "Azərbaycan dili" deyir. Niyə?

- Konstitusiyada təsbit olunmuş dilimizin adı "Azərbaycan dili"-dir. Azərbaycan dili türk dilləri qrupuna məxsusdur və bu dil təxminən XIV-XV əsrlərdə türk dilinin bir qolu kimi  ayrılaraq müstəqil, ədəbi bir dil olaraq formalaşıb. Bu dildə görün nə qədər poetik nümunələr, ədəbi əsərlər yaradılıb. Bu formalaşmış və indi dünyanın qəbul olunan dillərindən biri kimi fəaliyyət göstərir. O ki qaldı bunun ölkə adı ilə bağlı olmasına, dünyada belə nümunələr var. Bu təkcə Azərbaycan dilinə aid deyil. Məsələn İndoneziyada  dil ölkə adı ilə adlandırılır, "İndoneziya dili" deyilir  və yaxud Ukraynada "Ukrayna dili" kimi işlədilir. Az olsa da belə nümunələr var. Azərbaycan dili də onlardan biridir.

Xarici vətəndaşlar Azərbaycan dilini öyrəndikdə dilimizin qrammatik cəhətdən mürəkkəb olduğunu bildirirlər, həqiqətənmi bizim dil çətin dillər sırasında dayanır?

- Mən hesab etmirəm ki, Azərbaycan dilinin qrammatik cəhətdən öyrənilməsi mürəkkəbdir. Kimsə bunu öyrənə bilmir və yaxud da bunun düzgün metodikasını tapmır, o başqa məsələ, amma Azərbaycan dili həm şifahi qolu, həm yazılı qolu asan öyrəniləsi dillər sırasındadır. Məsələn, Azərbaycan dilinə həvəs, Qafqazda Azərbaycan dilini öyrənmək bütün türk dillərini anlamaq, başa düşmək, o dildə ünsiyyətə girə bilmək şansı verir. Bu fikri vaxtı ilə Lermontov və başqaları da söyləyib. Bu dil öyrənilir, xarici vətəndaşlar bu dili öyrənirlər. Mənə elə gəlir ki, sadəcə olaraq biz diqqət yetirməliyik ki, Azərbaycan dilinin əcnəbilər üçün dərslikləri, metodik vəsaitləri yazılsın. Onun konkret metodikası olsun. Çünki, dilin öyrədilməsi məsələsi çox ciddi bir məsələdir. Məsələn, biz diplomatik korpus  və ya səyyahlar üçün dil bələdçisi kimi danışıq kitabçaları çap etməliyik. Dili necə asan öyrənmək olar, onun yollarını tapmalıyıq. Sovet dövründə, 90-cı illərin əvvəllərində də, müstəqilliyin ilk illərində də belə cəhdlər olub. Amma təəssüf  ki, indi o məsələyə diqqət yetirilmir. Halbuki Azərbaycan dilinin tədrisi ilə bağlı, ümumiyyətlə "Ana dili" ilə bağlı bizim 20-dən çox dövlət sənədimiz var. O sənədlərin içərisində də xaricdə yaşayan vətəndaşlarımız və xarici ölkələrdə Azərbaycan dilini öyrənmək istəyənlər üçün internet resurslarının yaranmasıdır, vəsaitlərin çap olunmasıdır. Bununla bağlı konkret vəzifələr müəyyənləşdirilib. Sadəcə burda o sahədə iş bir az ləng gedir.

- Elm və Təhsil Nazirliyinin etdiyi dəyişikliyə əsasən "müəllim" və "şagird" sözlərinin əvəzinə mütləq başqa söz işlətməliyiksə, bu "təhsilverən" və"təhsilalan" olmalıdır. Siz olsaydınız "müəllim" və "şagird" sözlərinin əvəzi kimi hansı sözü istifadə etməyi təklif edərdiniz?

- Bilmirəm bu dəyişiklik qanuni qüvvə alıbmı, hüquqi əsası hardandır. Mən hesab edirəm ki, "müəllim" sözü də, "şagird" sözü də çox bütov, formalaşmış, öyrədənin və öyrənənin statusunu dəqiq müəyyənləşdirən, o anlamı verən normal sözlərdir. Bu "təhsilverən", "təhsilalan" sözləri mürəkkəb söz kimi dilə də yatmır. Hesab edirəm ki, bu cür sözlərin dilə gətirilməsinin heç bir mənası yoxdur. Yox əgər, bunu biz prosesə uyğunlaşdırmaq istəyiriksə, məsələn türkcə işlənən "öğrenci" və "öğretmen" sözlərindən istifadə etmək olar. Mənə elə gəlir ki, indi dilimizdə işlənir və çox da rahat tələffüz olunur. Dilin dəqiqədəbir  sözlərini dəyişmək, orfoqrafiyasına hücüm etmək kimi cəhdlər heç vaxt  fayda vermir. Bunu nəzərə almaq lazımdır.

-"Repetitor" sözünü bəs hansı sözlə əvəz edək? 

-Ana dili üçün, istənilən dil üçün önəmli olan həmən sözlərin dildə möhkəmlənməsi, işlənməsi, oturuşmasıdır. İndi bu "repetitor" sözü incəsənətin başqa sahələrindən keçib, bu dildə işlənir və kifayət qədər də çox işlənir. Ona görə də indi bunu hansı sözlə əvəz etsək də, inanmıram ki, həmin söz o qədər də uğur qazanar. "Mənim uşağım repetitor yanına gedir", "repetitorla məşqul olur" və s. bu cür ifadələr işlənir. İndi yəqin ki, buna da nazirlik bir ad tapıb qoyar, amma ümumiyyətlə söz özü artıq dildə çox anlaşıqlı bir ifadə kimi işlənir. 

-Bir çox hallarda lüğətdəki dəyişikliklər mübahisələrə səbəb olur. Bir müddət öncə "saçazor", "ipəzor", "geyçim" və s. kimi sözlərin lüğətimizə əlavə olunduğu haqqında məlumatlar yayılmağa başlandı. Dilçilər öz müsahibələrində bunu inkar edir. Bəs siz necə düşünürsünüz? Ümumiyyətlə bu tip etik səslənməyən sözlərin lüğətimizdə yer ala bilmə ehtimalı varmı?

-Lüğətdə heç bir dəyişikliklər aparılmayıb, bu sözlər  dilin lüğət fondunda daxil edilməyib. Sadəcə olaraq bir vaxtlar bu sözləri dövriyyəyə buraxdılar ki, ("ipəzor", "saçazor", "süranə", bu kimi sözlər ) yoxlasınlar, bu sözlər dilə keçə bilər, ya yox. Bu xeyli gülüş doğurdu və bunların heç biri normal söz kimi qəbul olunmadı. Əlbəttə sözlər var ki, onların qarşılığı var, onları tapmaq, işlətmək olar. Məsələn rus dilindəki "atvyorka" sözünün Azərbaycan dilində çox yaxşı qarşılığını tapıblar, "Burğaç". Həm prosesi düzgün əks etdirir, həm də alətin funksiyasını çox dəqiq ifadə edir. Bax bu cür sözlər olsa, onlar dildə işləklik qazansa, hesab edirəm ki, dil ondan qazana bilər. Başqa uğurlu sözlər də var. Mənə elə gəlir ki, bizim söz yaradıcılığı prosesi dildə gedir. Bizim yazıçılar, dilçi alimlər bu prosesdə fəal iştirak etməlidirlər. Yəni dilin qayğısını çəkmək, dilin problemlərinin həlli üçün çox həssas olmaq vacibdir. İndi biri deyir "cərimə tətbiq edək", biri deyir "bəzi sözlərin işlədilməsini qadağan edək". Bunlar hamısı dilə güc tətbiq etməkdir, dilin normal, təbii inkişafının axarını pozmaqdır. Dil özünü tənzimləyən mexanizmdir və o, canlı orqanizmdir. O, özü özünü o proseslərdə təmizləyir və özünə yol aça bilir. Ona görə də, dilə süni şəkildə müdaxilə etmək onun təbii inkişafını pozmaq deməkdir. Nəzərə almaq lazımdır ki, dil bu cür şeyləri qəbul etmir.

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31