Uşaqları boşanma prosesindən necə qorumaq lazımdır?
24 Noyabr 2023 14:00 SosialDavamlı olaraq gərgin, stresli bir mühitə məruz qalmaq həm uşaqlar, həm də böyüklər üçün fiziki və ruhi sağlamlığa zərər verir, müxtəlif xəstəliklərə, xüsusilə depressiyaya zəmin yaradır. Həyat yoldaşlarının analıq və atalıq vəzifələrini sağlam şəkildə yerinə yetirmələri üçün ilk növbədə psixoloji tarazlıqda olmalıdırlar. Sırf uşaqların xətrinə yolunda getməyən, problemli bir birliktəliyi davam etdirmək çox çətin və yorucudur. Əgər həyat yoldaşları arasında münasibətdə sevgi, hörmət, güvən və ya bağlılıq qalmayıbsa, bu o deməkdir ki, onlar fiziki və hüquqi cəhətdən ayrılmasalar da, artıq aralarında emosional ayrılıq baş tutub. Sevgi, yaxınlıq və bağlılıq hisslərinin olmadığı, kiçik problemlərin belə böyüyüb həll olunmaz hala gəldiyi bir mühitdə xroniki bir gərginlik yaranır və bu da getdikcə daha böyük problemlərə səbəb olur. Valideyn olmaq məsuliyyət götürməyi və fədakar olmağı, lazım gəldikdə uşağın ehtiyaclarını birinci yerə qoymağı tələb edən bir roldur, lakin evliliyin davam edib-etməməsinə qərar vermək məsuliyyəti valideynlərin özlərinə aiddir və heç bir halda uşaqların üzərinə qoyulmamalıdır. Uşaq istənilən şəraitdə evliliyin davam etməsini və valideynlərini bir yerdə görməsini istəyə bilər və onların ayrılığına üzülməsi təbii haldır. Uşaq yaşına mütənasib olaraq kifayət qədər məntiqi və emosional yetkinliyə malik olmaya bilər və ondan onun üçün nəyin zərərli, nəyin qeyri-sağlam olduğunu ayırd etməsi və gələcəyi üçün düzgün seçimlər etməsi gözlənilə bilməz və hətta gözlənilməməlidir. Əgər qeyri-sağlam tendensiya varsa, onu görmək və son qoymaq valideynin borcudur. Əslində, qeyri-rəsmi şəkildə bitən, amma rəsmi şəkildə davam edən evlilik uşağa xeyirdən çox zərər gətirir. Valideynlərin boşanması həyatımızın və inkişaf edən ailə modellərinin bir hissəsidir. İndiki vaxtda boşanmaların artması ilə uşaqlar tək valideynli həyata uyğunlaşmağa çalışırlar. Sevgi ilə bir araya gələn cütlüklər bəzən əks hisslərlə yollarını ayıra bilirlər. Bu vəziyyət isə ən çox uşaqlara təsir edir. Şübhəsiz ki, ailə quran hər kəs bu evliliyin ömür boyu davam etməsini arzulayır. Ancaq hər evlilik uzun sürmür. Cütlüklər yollarını ayırarkən fikir ayrılıqları və mübahisələr təbii bir boşanma prosesidir. Lakin bu prosesin şahidi olmağın uşaqlar üçün təbii və ya sağlam nəticələri yoxdur. Evliliklər bitə bilər, ər-arvad ayrıla bilər, amma bu boşanma ilə valideynlərin analıq və ya atalıq borcu bitmir. Ailələr problemlərini uşaqlarına əks etdirmədən bu prosesi idarə edə bilərlərmi? Prosesdə çox iştirak edən uşaqlar hansı problemlərlə mübarizə aparırlar? Valideynlər övladlarına boşandıqlarını hansı mərhələdə və necə bildirməlidirlər? Bu sualların cavablarını psixoloq Ülkər Məmmədli ilə müzakirə etdik. Psixoloq uşağın yaşı və xasiyyətinin bu mövzuda həlledici olduğunu söyləyir və yaş qruplarına görə ortaq olan əlamətləri belə izah edir: "Məsələn, yeniyetməlik dövründə daha çox qəzəb və aqressiv rəftarlarla qarşılaşdığımız halda, məktəb dövründə bəlkə bir az daha çox narahatlıq, bir az daha çox bağlanma ilə bağlı ana və ya ataya daha yaxın olmaq, onlardan ayrılmaq istəməmək kimi vəziyyətlər müşahidə oluna bilər. Daha kiçik uşaqlarda, yəni məktəbəqədər dövrdə bir az daha geriləməli, yəni o körpəyə bənzər dövrə bir az daha yaxın olan davranış nümunələri ilə qarşılaşa bilərik. Ancaq, məsələn, altını islatma kimi bir davranışı hər üç qrupda müxtəlif yaşlarda, yəni yeniyetməlik, məktəb dövrü və ya məktəbəqədər dövrdə müşahidə edə bilirik. Bundan əlavə, qəzəb, qışqırma, inadkarlıq, qapını vurma və ya çırpma, özünü yerə atma, dırnaq çeynəmək və s. kimi davranışlar da müşahidə oluna bilir". Qəzəb və ya narahatlıq. Uşaqların boşanmaya davranış reaksiyalarından ən başlıcası bunlardır... Yəni ailələr öz problemlərini uşaqlarına əks etdirmədən bu prosesi idarə edə bilərlərmi? Uşaqlar üçün proses asanlaşa bilərmi? Psixoloq cütlüklərin boşanma mərhələsində iki fərqli davranış modeli sərgilədiyini açıqlayır. "Bəziləri uşaqlarda bu davranışı gördükdən sonra psixoloqlara, mütəxəssislərə müraciət edir və soruşurlar ki, biz belə qərar vermişik, bunu övladımıza necə deyə bilərik? Uşağımız bunu eşitməyə hazırdırmı? Bu daha məqsədəuyğundur. Çünki ailə bunu gizlətsə də, uşaqlar əslində problem olduğunu hiss edir və onların daxilindəki narahatləq belə davam edir. Uşaqlar duyğu və düşüncələri hiss edib, götürüb tuturlar. Ona görə də düşünürəm ki, ilk növbədə, böyüklər, ər və arvad olmaqdan əlavə bir valideyn olaraq öz hərəkətlərini tez bir zamanda nəzərdən keçirməli və nə etmək istədiklərinə tam şəkildə əmin olmalıdır. Əmin və aydın olduqdan sonra bunu övladına anlaya biləcəyi, yaş səviyyəsinə uyğun sadə cümlələrlə söyləmək lazımdır". Psixoloq, düzgün idarə olunan boşanma prosesində uşağın qısa müddətdə vəziyyətə uyğunlaşa biləcəyi qənaətindədir: "Biz bu prosesi sağlam şəkildə idarə etdiyimiz zaman uşaqlarımızda çox uzun müddət belə pozuntu davranışların olacağını düşünmürük. Baxmayaraq ki, bu cür davranışlar nisbətən ilk həftədə müşahidə olunsa da, bəlkə də uşaq hadisəni tam qavraya bilmədiyi üçün bu proses uzun bir müddət davam edir. Lakin mən bu davranışların uzun müddətdə xroniki ola biləcəyini düşünmürəm. Əgər bu davranışlar zamanla xroniki hala gəlirsə, biz hesab edirik ki, hadisəyə artıq müxtəlif ölçülərdən yanaşmaq lazımdır. Uşaqlar özlərini günahlandırmağa meyllidirlər. Bu vəziyyət daha çox yeniyetmə uşaqlarda müşahidə olunur. Məsələn, uşaq "yemək yeməmişəm, ona görə atam və ya anam evi tərk edir" kimi fikirlərdə ola bilər. Boşanma prosesini izah etmək olduqca vacib bir prosesdir. Əgər belə qərarlaşmış avtomatik düşüncələr inkişaf etməyə başlasa, dərhal müdaxilə etmək lazımdır və bunu ümumiyyətlə uşağın həyatına və ya onun hadisələrə baxışına tətbiq etməli, yəni ona hadisələrə və xarici dünyaya o eynəkdən baxmamağı öyrətmək lazımdır. Valideynləri boşanmış uşaqlar iki fərqli həyat sürdükləri üçün çox vaxt travmalı kimi qəbul edilirlər. Ancaq əslində boşanma bəzən uşağın problemli evdə yaşayacağı travmaların qarşısını alır. Hər zaman bunu deyirik, boşanma evlənmək qədər təbiidir. Çünki uşağın mübahisəli və ziddiyyətli bir mühitdə böyüməsindənsə, nisbətən sakit bir mühitdə böyüməsi və həyata adanması çox daha yaxşı olacaq. Bəzən valideynlər düşünür ki, uşaqlar onların mübahisəsini eşitmir deyə hiss etmir. Və ya qeyd edirlər ki, uşağın yanında heç dava etmirik, heç bir əlaqəmiz, ünsiyyətimiz olmur. Ona görə də uşaq bundan təsirlənmir. Əslində bu cür ünsiyyətin, evdə dialoqun, söhbətin olmaması uşaqlara çox təsir edir. Ona görə də yaxşı aparılan boşanma prosesini uşaq üçün travma kimi qiymətləndirmək lazım deyil. Boşanmada özünü günahkar hiss edən valideynlər çox vaxt uşaqlarının istədiyi hər şeyi etməyi özlərinə borc bilirlər. Ancaq bu vəziyyət başqa problemlər yaradır. Ayrılığın öhdəsindən gəlmək biz böyüklər üçün çətin olsa da, uşaq üçün daha da çətin bir prosesdir. Bu səbəblə övladınıza ayrılma qərarını söyləmək yalnız başlanğıc olacaq və ayrılığın səbəb olduğu müddət ərzində uşağınızda yarana biləcək davranış problemlərini və narahatlıq prosesini qabaqcadan görməlisiniz. Burada önəmli olan uşağınızın keçdiyi bu çətin prosesi necə sakitləşdirdiyinizdir. Uşağınızın ayrılma prosesində ən böyük narahatlıq mənbəyi valideynlərini itirməsidir. Ona görə də uşağınıza münasibətinizi və davranışınızı normallaşdırdığınız zaman o, itirmək qorxusunun öhdəsindən daha asan gələcək. Uşağınız yalnız ayrı həyatların yaşanacağını, ancaq valideynlərinin hər vəziyyətdə onun yanında olacağını başa düşməlidir. Bu prosesdə ziddiyyətli bir mühit yaransa da, ilk mərhələdə boşanma baş verdikdə uşaqların sağlam psixologiyası üçün bir mütəxəssisdən kömək istəmək olduqca məqsədəuyğundur".
Röyalə Xəyal