Erkən nikah uşaq hüquqlarının pozulması ilə səciyyələnir - ÖZƏL

"Ailənin 18 yaşından tez qurulması erkən nikah hesab edilir. Erkən nikahı qadağan edən qanun və qaydaların olmasına baxmayaraq, bir çox ölkələrdə bu praktika hələ də mövcuddur. Təəssüf ki, Azərbaycanda da erkən nikah halları istisna deyil". "Olaylar" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Afət Məmmədova deyib. Bildirib ki, erkən nikah nikahda olan fərdlərə, onların uşaqlarına, ümumilikdə ailə institutuna  və bütövlükdə cəmiyyətə mənfi təsir göstərir: "Erkən nikaha daxil olan qızlar ana və uşaq ölümü, təhsildən və inkişafdan məhrum edilmə, sosial və iş imkanlarının məhdudlaşması, məişət zorakılığı kimi ciddi problemlərlə üzləşirlər. Erkən nikah ilk növbədə uşaq hüquqlarının pozulması ilə səciyyələnir. Azərbaycan tərəfindən 1992-ci ildə ratifikasiya edilmiş Uşaq Hüquqları Konvensiyasında qeyd olunur ki, 18 yaşına çatmamış hər bir kəs uşaq sayılır. Ona görə də 18 yaşına çatmadan nikaha daxil olmaq uşaqlıq dövrünün qısaldılması, uşaqların əsas hüquqlarının pozulması deməkdir. Digər tərəfdən, Azərbaycan qanunvericiliyinə görə, ancaq rəsmi şəkildə qeydiyyata alınan nikahlar qanuni hesab edilir. Ailə Məcəlləsində qeyd edilir ki, valideynlik hüquqları heç bir halda uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Məcəllədə həmçinin qeyd olunur ki, hüquqlarından istifadə edərkən valdeynlər uşağın mənəvi, fiziki və psixi sağlamlığına zərər gətirə bilən hərəkətlərdən çəkinməlidirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31