Gürcüstan azərbaycanlıları üçün iftar məclisi açılıb - ÖZƏL
18 Aprel 2023 14:16 SosialMarneuli bələdiyyəsinin Sadaxlı kəndində Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan üzrə müftisi Hacı Etibar Eminovun xeyir-duası və Marneuli Bələdiyyə Məclisinin sədr müavini Rövşən İsgərdərovla bələdiyyə deputatı Ayaz Xudiyev başda olmaqla Sadaxlı elinin nümayəndələri tərəfindən iftar mərasimi təşkil edilib. "OLAYLAR" Azərbaycanın Gürcüstandakı səfirliyinə istinadən bildirir ki, tədbirdə Azərbaycan və Türkiyə Səfirliklərinin nümayəndə heyətləri ilə yanaşı, Marneuli şəhərinin meri Kənan Ömərov, Bələdiyyə Məclisinin sədri Amiran Giorqadze, ruhanılər, ziyalılar və çoxlu sayda Sadaxlı sakinləri iştirak ediblər.
Ruhanilər tərəfindən Müqəddəs Qurani-Kərimin ayətləri və iftar dualarının oxunması ilə başlanan Hacı Etibar Eminov Sadaxlı ilə şəxsən bağlı olduğunu, bu kənddə ruhani kimi fəaliyyət göstərdiyini yada salaraq, son müddət ərzində dini dəyərlərin dirçəlməsi, el-oba arasında möhkəmlənməsini edib. O, Müqəddəs Ramazan ayının dərin mənası üzərində dayanaraq, həmrəylik və xoş əməllərdə şərikliyin əhəmiyyətini vurğulayıb.
Azərbaycan Səfirliyinin nümayəndəsi çıxışında dost Gürcüstanın müxtəlif guşələrində soydaşlarımızın çoxəsirli ənənəlinə uyğun el-oba adətlərinə sahib çıxa bilməsi üçün minnətdarlıq bildirib. Azərbaycanla Gürcüstan arasında möhkəm əlaqələrdən bəhs olunaraq, bu gözəl ölkənin ayrı-ayrı məkanlarında, o cümlədən şanlı tarixilə məşhur Sadaxlı elində yaşayan soydaşlarımızın rolu xüsusilə vurğulanıb. Gürcüstan, Azərbaycan və Türkiyə təmsilçilərinin tez-tez bir araya gələrək, xalqın yanında olması bir rəmzi məna daşıyan qardaşlıq və həmrəylik təzahürü kimi təqdir edilmiş və bu qardaşlıq ruhunun inkişaf etdirilməsi yolunda inamlı addımlar atan sadaxlılara qarşıdan gələn Ramazan Bayramı ilə bağlı təbriklər yetirilib..
Türkiyə Səfirliyinin nümayəndələri çıxışlarında Gürcüstanda yaşayan soydaşlarımıza fəlakətli zəlzələ ilə əlaqədar göstərdiyi qardaş yardımı üçün təşəkkür bildirərək, üç ölkə nümayəndələrinin bu kimi həmrəyliyindən şərəf duyduqlarını bildiriblər. Ramazan ayının dini və mənəvi əhəmiyyəti ətrafında xeyirli nəsihətlər verilərək, sülh, firavanlıq və əmin-amanlıq arzu edilib.
İftar zamanı çıxış edən Marneuli meri K.Ömərov Sadaxlı elinin həmişə seçildiyini, xoş əməllərlə tanındığını, Marneuli və bütün Gürcüstanın tərəqqisinə töhfə verdiyini qeyd edərək, Gürcüstanla Azərbaycan arasında qardaşlıq əlaqələrini bölgədə və dünyada örnək olduğunu söyləyib. Marneuli Bələdiyyə Məclisinin sədri A.Giorqadze də gürcülər və azərbaycanlıların həmişə mehriban qonşuluq və dostluq şəraitində yaşadığını, bir-birilərin bayramlarını qeyd etdiyini önə çəkərək, azərbaycanlı qardaşları Ramazan Bayramı münasibətilə ürəkdən təbrik etmişdir.
R.İsgəndərov və A.Xudiyev sadaxlılar adından çıxış edərək, kəndin ənənələrindən söz açıb səmimi təbriklər yetiriblər. Eləcə də kənd ziyalıları Sadaxlı məktəblilərin qazandığı yüksək nəticələrindən məlumat verərək, bunun Sadaxlının parlaq gələcəyinə zəmin yaradacağına ümidvar olduqlarını bildirib və Ramazan təbriklərini çatdırıb.