Təhsil Nazirliyi Azərbaycanda təhsil mühitini birmənalı şəkildə məhv edib
14 Aprel 2023 10:54 SosialHər il davamlı olaraq dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, bu il də qəbul və buraxılış imtahanları verən abituriyentlər arasında tələb olunan sənədləri özləri ilə gətirmədikləri üçün imtahana buraxılmayan abituriyentlər olub. Bundan əlavə, yoxlama prosesi zamanı bəzi abituriyentlərin üzərində kəsici-deşici, müxtəlif elektron cihazlar və digər köməkçi vəsaitlər aşkar olunub. Telefon, ağıllı saat, qulaqlıq və bu kimi kənardan kömək edilməsi üçün istifadə olunan alətlərin abituriyentlərin üzərindən aşkar edilməsi başa düşüləndir.
Bəs bıçaq, təsbeh və digər kəsici-deşici alətləri imtahanda necə istifadə etmək olar? Abituriyentlər bu avadanlıqları niyə imtahana gətirir?
Bu alətləri kifayət qədər şagirdlər hər gün orta məktəbə də gətirir. Təhsil sistemində bu kimi hallar son üç ildə kəskin şəkildə çoxalıb. Bəs bunun səbəbi nələrdir?

Təhsil eksperti Kamran Əsədov bildirir ki, bu gün birmənalı şəkildə təhsil sisteminə nəzarət yoxdur:
"İlk növbədə qeyd edim ki, son 3 il ərzində Azərbaycan təhsil sistemində ciddi şəkildə hesabatlılıq və nəticə yönümlülüklə, idarəetmə ilə bağlı problemlər mövcuddur. Bunun əsas səbəbi Təhsil Nazirliyi sistemində işə qəbul edilən şəxslərin bu sahə üzrə təcrübəli olmamaları, işə qəbul prosesinin şəxsi münasibətlər, dostluq, tanışlıq zəmnində həyata keçirilməsidir. Birmənalı şəkildə bu gün təhsil sisteminə nəzarət yoxdur. Yəni, müvafiq qurum, Elm və Təhsil Nazirliyi Azərbaycanda nə elmə, nə təhsilə, nə məktəblərə nəzarət edə bilmir. Yəni hər kəs öz istədiyini edir. Çox təəssüflər olsun ki, biz bunun ağır nəticəsini uşaqların məktəbdə münasibətlərində görə bilirik. Statistik rəqəmlərə baxsaq görərik ki, orta ümumtəhsil məktəblərində son 3 il ərzində baş verən neqativ halların sayı, həcmi əvvəlki on illə müqayisədə dəfələrlə çoxdur. Eyni zamanda, şagirdlərin birinin digərinə kəsici, deşici, soyuq alətlərlə xəsarət yetirməsi, şagirdlər arasında münasibətlərin gərginləşməsi, şagird-müəllim münasibətlərinin nəzərdə tutulandan kənara çıxması son üç il ərzində daha geniş şəkildə artmışdır. Bu çox ciddi bir məsələdir. Çünki biz görürük ki, təhsil sistemində direktor, direktor müavini və yaxud da digər şəxslərin təyinatı zamanı qanunvericiliyin tələblərinin gözlənilməməsi, eyni zamanda, hər hansısa bir Qeyri Hökumət Təşkilatına yüzminlərlə vəsaitin bəxşiş olaraq verilməsi təhsil sistemində ciddiyyəti aradan qaldırıb. Yəni, bu gün təhsil sistemində ciddiyyət, nəzarət, hesabatlılıq yoxdur. Hansısa bir şəxsin qanun pozmasına görə məsuliyyət daşıdığını birmənalı şəkildə görə bilmirik. Gördüyümüz ancaq odur ki, kimi istəyirlər vəzifəyə gətirirlər, direktor və yaxud da digər yüksək vəzifələrə qoyurlar, bunun təşkilatına böyük məbləğdə vəsaitləri bəxşiş olaraq verirlər. Bu da öz növbəsində təhsil sisteminə inamı, etibarı aşağı salır. Baxanda görürük ki, şagirdlərin iştirakı ilə baş verən neqativ halların həcminin genişlənməsi, sayının çoxalması, təkcə kəmiyyət artımı yox, eyni zamanda, hadisələrin ağırlıq səviyyəsinin artması son üç ilə təsadüf edir. Çox təəssüflər olsun, son üç ildə təhsil sistemindən kişi müəllimlərin, direktorların süni maneələrlə uzaqlaşdırılması, məktəblərdə qadın müəllimlərin sayının 81%-ə çatması təhsil sistemində ciddiyyəti aradan qaldırıb ki, bu da çox ciddi problemdir və təhsilin idarəolunmasına öz təsirini göstərir. Hətta siz bu gün orta ümumtəhsil məktəblərində 9, 10, 11-ci sinif şagirdləri üzərində kiçik bir baxış keçirsəz, onların rahatlıqla məktəbə bu tipli kəsici, deşici alətlərdən, beşbarmaqdan, təsbehdən istifadə etmək məqsədilə gətirdiklərini görə bilərsiniz. Yəni artıq Təhsil Nazirliyi Azərbaycanda təhsil mühitini birmənalı şəkildə məhv edib. Bu dəhşətli və dözülməz bir haldır. Hesab edirəm ki, bunun aradan qaldırılması istiqamətində ciddi işlər görməliyik. Azərbaycan təhsil sistemində təkcə qanunvericilik haqlarının dəyişilməsi istiqamətdə islahatlar aparılmamalıdır, struktur və kadr islahatları həyata keçirilməlidir. Hazırda təhsil sisteminin idarə edilməsində olan şəxslər bu sahəyə çox ciddi zərər vururlar. Son üç il ərzində təhsil sisteminin məhvi istiqamətində çox böyük addımlar atıblar".

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlının sözlərinə görə, cəmiyyətdə, ailədə uşaqlara nəzarət tamamilə sıfıra endirilib:
"Həqiqətən də son illərdə uşaq və yeniyetmələrin kriminal aləmə meylləri, neqativ hərəkətlərinin, aqressiv fəaliyyətlərinin sayı artır. Məktəblərdə, küçələrdə, həyətlərdə baş verən hadisələr göstərir ki, bu heç də yaxşı tendensiya deyil. Bunun səbəbləri dərindədir. Biz cəmiyyət olaraq uzun müddətdir ki, uşaqlara tərbiyə verməyi dayandırmışıq. Faktiki olaraq həm evlərdə, ailələrdə, həm də məktəblərdə. Uşaqlara nəzarət tamamilə sıfıra endirilib, onlar sərbəstlik, müstəqillik adı altında tamamilə nəzarətsiz buraxılıb. Bundan əlavə, uşaqların asudə vaxtlarının təşkili ilə bağlı biabırçı bir vəziyyət hökm sürür. Bilirsiniz sovet dövründə uşaq və yeniyetmələrin, gənclərin belə yaradıcı işlərə cəlb olunması, elmi, texniki, idmanla bağlı fəaliyyətlərə cəlb olunması üçün dövlət mükəmməl bir proqram həyata keçirirdi. Uşaqlar pulsuz şəkildə çoxsaylı belə mərkəzlərə gedirdilər. İndi isə bunlar bir çox yerlərdə yoxdur, olan yerlər də həddən artıq bahadır. Yəni, Azərbaycan reallığında, minimum əməkhaqqının 350 manat olduğu bir ölkədə belə kursların qiymətləri 50-100 manatdır. Bir ailədə ən azı 2-3 uşaq olduğunu nəzərə alsaq, bu ailənin bütün gəlirləri buna yönəlməlidir. Buna görə də, ailələrin ən azı 80-90%-i uşaqlarını belə yerlərə göndərə bilmirlər, heç birinin buna maddi imkanı çatmır. Bu da uşaqların boş vaxtlarında mənfi meyllənməsinə səbəb olur. Hərəsinin əlinə bir telefon verilib və ya buraxılıb küçələrə tam nəzarətsiz şəkildə və onların mədəni zövqünün, təhsilinin, dünyagörüşünün formalaşması üçün heç nə etmirlər. Uşaqlar isə boşluqdan istifadə edib mənfi meyllərə, məsələn, kriminal aləmə, narkomaniyaya, aqressiv dava-dalaşlar, əxlaqsız hərəkətlərə meyl edirlər. Məktəblərdə müəllimlərə, bir-birilərinə qarşı biabırçı hərəkətlər edirlər. Biz bunu cəmiyyət olaraq özümüz təşkil etmişik. Öz gələcəyimizi belə formalaşdırırıq və bunu bilərəkdən, şüurlu və qəsdən edirik. Bunun başqa adı yoxdur. Qəsdən biz belə edirik ki, bizim uşaqlarımız, gənclərimiz məhv olsun. Sadəcə xoşbəxtlikdən bəzi uşaqlar ağıllı çıxır və hamısı bu yola getmir. Amma biz bütün fəaliyyətimizlə çalışırıq ki, daha pis olsun. Mediamız, televiziyalarımız, təhsil sistemimiz, valideynlərimiz də buna çalışır. Bunun əksinə nə dövlət olaraq, nə də cəmiyyət olaraq ümumiyyətlə heç nə etmirik. Bu gün ortada gördüyümüz bizim arzularımızın nəticəsi, bizim əsərimizdir. Təhsil göstəricilərinə baxanda da görünür ki, tamamilə biabırçılıqdır. Bunu biz özümüz formalaşdırırıq".
Sağlam Cəmiyyət Hərəkatının eksperti Lalə Mehralı bildirir ki, hər nə qədər müvafiq nazirlik bununla bağlı tədbir görüldüyünü desə də, baş verən hadisələr sübut edir ki, əslində vəziyyət təhlükəli həddi çoxdan ötüb:
"Böyük təəssüf hissi ilə deyim ki, məktəblilər arasında avaralıq baş alıb gedir. Şagirdlər məktəbə təsbehlə, bıçaqla gəlir. Kəpənək deyilən bıçaq növü ilə qısnama, hədələmə hərəkətləri etməyə meylli olan nəsil yetişib. Onlar bıçaqla lovğalıq edirlər, qısnama zamanı hədə-qorxu gəlmək üçün istifadə edirlər. Məktəblilərin üzərindən dəfələrlə beşbarmaq deyilən təhlükəli alət aşkarlanıb. Uşaqlar saytlardan zorakılıq təbliğ edən oyunların simvolu olan silahları sifariş edirlər. Daha sonra sifariş edilən silahları məktəbə gətirib sinif yoldaşlarına paylayırlar.
Qızların məktəbdə zorakılığa, təcavüzə məruz qalması məsələsi zaman-zaman media gündəminə çıxır. Bəzən mediadan kənar qalan hadisələr də olur ki, uşaqların təhlükəsizliyi səbəbindən gizli saxlanır. Qızlara qarşı cinsi qısnama edən məktəbli oğlanlar əksər hallarda yaşlarının az olması səbəbindən cəzasız qalırlar. Ən yaxşı halda valideynlər məktəbə çağırılıb xəbərdarlıq edilir, ən pis halda məktəbdən xaric edilərək başqa məktəbə göndərilir. Beləcə ayaqlı bəla məktəb-məktəb dolaşır.
Məktəblər və məktəb rəhbərliyi zorakılıq nümayiş etdirən uşaqları asanlıqla müəyyən edə bilir. Bunun üçün sinif rəhbəri, məktəb psixoloqu, məktəblinin dostu var. Xüsusilə də, məktəbdə çalışan psixoloqlara çox mühüm vəzifə düşür. Amma heç zənn etmirəm ki, onlar işləyir. Biz niyə görmürük onların işinin nəticəsini? Belə uşaqların nəzarətdə saxlanılması, onların ailələrinin məlumatlandırılması, kəsici və deşici, zərəverici alətlərin məktəbə daxil olması ilə bağlı ciddi tədbir görülməsi zəruridir. Hər nə qədər müvafiq nazirlik bununla bağlı tədbir görüldüyünü desə də, baş verən hadisələr sübut edir ki əslində vəziyyət təhlükəli həddi çoxdan ötüb".