Namizədlər icbari təlimə buraxılıblar
11 Aprel 2023 14:43 SosialƏdliyyə Nazirliyinin Müsabiqə Komissiyasından "Olaylar"a bildirilib ki, nazirliyin yerli qurumlarında vakant olan vəzifələrin komplektləşdirilməsi məqsədilə qulluğa qəbulla bağlı növbəti müsabiqəyə yekun vurulmuşdur.Müsabiqə üzrə test imtahanından uğur qazanmış namizədlərlə ikinci mərhələdə cari ilin fevral-aprel aylarında fərdi qaydada aşkarlıq şəraitində söhbət aparılmışdır. Bu mərhələdə iştirak etmiş 54 namizəddən 25 nəfər nəticələrə görə zəruri keçid balı toplamış və Müsabiqə Komissiyası tərəfindən onların aprel ayının 14-dən etibarən Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunmaları barədə qərar qəbul edilmişdir. İcbari təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçən hüquqşünaslara peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə verilməklə onlar ədliyyə orqanlarına qulluğa qəbul olunacaqlar. Namizədlər icbari təlimdə iştirakla bağlı Ədliyyə Akademiyası ilə əlaqə saxlamalıdırlar (Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 493-71-31).
Eyni zamanda Müsabiqə Komissiyası xatırladır ki, hazırda ədliyyə orqanlarına qulluğa qəbulla bağlı davam edən müsabiqədə iştirak etmək arzusunda olan ali hüquq təhsilli, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları ərizə ilə müraciət edə bilərlər (http://www.exidmet.justice.gov.az). Müvafiq sayda namizəd qrupu formalaşdıqca növbəti test imtahanları keçiriləcəkdir.