Reket jurnalistika ilə mübarizə aparmaq cəmiyyətin fəaliyyət istiqamətlərindən biri olmalıdır
5 Avqust 2022 14:00 Sosial
"Özünü jurnalist kimi təqdim edən, jurnalist adından və statusundan sui-istifadə edən şəxslər çox təəssüf ki, bizim media mühitində hələ də var. Özlərinin üzdən iraq fəaliyyətlərini təqdim edirlər. Jurnalist adından sui-istifadə edən və əsl jurnalistika ilə bir araya sığmayan şəxslərlə mübarizə aparmaq bütün cəmiyyətimizin, dövlət orqanlarının və birinci növbədə peşəkar media mənsublarının vacib işlərindən, fəaliyyət istiqamətlərindən biri olmalıdır".
Bu sözləri Olaylar.az-a açıqlamasında Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Bakı-Xəbər" qəzetinin baş redaktoru, jurnalist Aydın Quliyev deyib:
"Xüsusi olaraq vurğulayım ki, bu ilk növbədə peşəkar media və peşəkar jurnalistlərin vəzifəsi olmalıdır. Ona görə ki, hər bir peşənin qəlbən vurğunu və yolçusu olan şəxslər həmin sənət və peşə sahəsinin yad ünsürlərdən mümkün qədər təmizlənməsində və təmiz olmasında maraqlı olmalıdır. Bu mənada peşəkar media nümayəndələri də bu peşənin sağlamlığını, özəlliyini qoruyub saxlamaq üçün dediyim neqativlərlə mübarizədə maraqlı olmalıdırlar və hər kəs bu sahədə öz karyerası boyunca lazımi nəticənin ortaya qoyulmasında maraqlı olmalıdırlar. Ona görə ki, bəzilərinin "reket" adlandırdığı, əsasən isə jurnalistika ilə bir araya sığmayan fəaliyyətlə məşğul olduğu deyilən, jurnalist adından sui-istifadə edən şəxslər birinci növbədə peşəkar media nümayəndələrinin fəaliyyətinə müəyyən qədər kölgə salırlar. Jurnalist adına yaraşmayan fəaliyyət ilə məşğul olanlar hardasa əsl peşə adamlarının imicinə və məşğul olduqları sahənin müqəddəsliyinə müəyyən qədər xələl gətirirlər.
Cəmiyyət arasında tez-tez eşidirik ki, "məgər filankəs də jurnalistdir" və bu qəribə sualın altında jurnalistika ilə heç bir əlaqəsi olmayan və jurnalist adından sui-istifadə ilə məşğul olan şəxslər nəzərdə tutulurlar. İctimaiyyət bəzi hallarda tam haqlı olaraq əsl jurnalistikada ad qoymuş, kariyera yaratmış və nəticələr ortaya qoymuş şəxslərin adının jurnalist adından sui-istifadə edənlərlə yanaşı çəkilməsindən həmişə qıcıqlanıblar və buna öz etirazlarını bildiriblər.
Bir halda ki, cəmiyyət əsl peşə, sənət adamları, jurnalist ilə qondarma jurnalistlərin adının bir sırada çəkilməsindən qeyzləniblər, o halda, əsl jurnalistlər bu sahədə prinsipial şəkildə mübarizə aparmaqda maraqlı olmalıdırlar.
Digər tərəfdən jurnalist adından sui-istifadə edən şəxslər, özünü heç bir əsas olmadan jurnalist sayanlar, cəmiyyət ilə əsl jurnalistikanın arasında münasibətləri dolaşdırır, bu münasibətlərə kölgə salırlar. Əsl peşə adamları ilə dövlətin münasibətlərinə kölgə salmış olurlar və dövlətin əsl media, əsl jurnalistlər ilə bağlı tam əhatəli bir siyasət aparmasına maneçilik törədirlər. Çünki belə adamlar əksər hallarda dövlətin həm mediaya dəstəyinə, həm də əsl jurnalistlərə və əsl peşə adamlarına göstərdiyi qayğıya müəyyən qədər ləkə salmağa çalışırlar. Biz dəfələrlə şahidi olmuşuq ki, dövlətin əsl mediaya və əsl media adamlarına göstərdiyi qayğının üzərindən qara xətt çəkməkdə bu cür ünsürlər həmişə fəallıq göstərirlər. Elə başa düşürlər ki, dövlətin əsl mediaya göstərdiyi qayğını sual altına almaqla özlərini jurnalist kimi sübuta yetirə biləcəklər. Amma əslində bu uğursuz bir yoldur. Ona görə də, jurnalist adından sui-istifadə edənlərə qarşı mübarizə həm cəmiyyətin, həm dövlətin, həm peşəkar jurnalistlərin, həm də hər bir fərdin əsas fəaliyyət istiqamətlərindən biri olmalıdır. Ancaq bu yolla biz əsl medianı yad ünsürlərdən təmizləyə bilərik və nə qədər ki, belə ünsürlər media sahəsində var, özlərini media adamları kimi təqdim etməyə çalışırlar, onlar jurnalistika peşəsinin tam təmiz olmasına öz maneçiliklərini göstərəcəklər. Ancaq əlbəttə, illər öncə ilə müqayisədə indi vəziyyət xeyli dəyişib və əgər illər öncə biz daha geniş miqyasda reket jurnalistikadan, jurnalist adından sui-istifadədən danışa bilirdiksə, bu gün demək olar ki, bu neqativin miqyası olduqca daralıb. Amma onun kökünün tam şəkildə kəsilməsinə hələ zaman var. Biz inanırıq ki, Azərbaycan jurnalistikası və Azərbaycan mediası özünün sağlam peşə prinsiplərinə tam şəkildə söykəndiyi zirvəyə gəlib çatacaq".

Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, "525-ci qəzet"in baş redaktoru, jurnalist Rəşad Məcidin sözlərinə görə, vaxtilə Mətbuat Şurası reketlik ilə məşğul olan qəzetlər barədə xeyli işlər görmüş, xüsusi komissiya yaranmış, hətta reketlik ilə məşğul olan qəzetlərin qara siyahısı hazırlanmışdı:
"Müxtəlif metodlarla bu cür "jurnalistlərlə" mübarizə aparılırdı. İndi informasiya texnologiyalarının inkişafı, yeni saytların yaranması, sosial şəbəkələrdə özünü jurnalist elan edən bir sıra insanlar, eləcə də YouTube kanallarında və digər platformalarda jurnalist fəaliyyəti ilə məşğul olduğu elan edilən, əslində jurnalistikadan uzaq, jurnalistikada ancaq şantaj və təhqir vasitəsi kimi istifadə edən insanlar yaranıb.
Bunu necə tənzimləməyə gəldikdə, artıq yeni dövrün yeni tələbləri var. Bu mənada həm ictimaiyyət, Mətbuat Şurası da bundan narahatdır. Son vaxtlar prokurorluq bir sıra sosial şəbəkə istifadəçilərinə və bəzi media nümayəndələrinə dövlətin mənafeyinə uyğun olmayan materialları yaydığına görə xəbərdarlıq edib. Bu da ola bilsin təsir üsullarından biridir. Çünki bu xaotik vəziyyətin qarşısı alınmasa, yeni informasiya texnologiyalarının verdiyi münbit şəraitdə insanların bir-birinə kəskin münasibəti, təhqir, böhtan baş alıb gedəcək.
Bununla bağlı əvvəla ictimai qınaq güclü olmalıdır. Azərbaycan Mətbuat Şurasının peşə davranışı qaydaları kodeksi var idi ki, bu ancaq əvvəllər jurnalistlərə şamil edilirdi. Amma indi hesab edirəm ki, bunun geniş əhatə dairəsi olmalıdır. Hətta aktiv sosial şəbəkə istifadəçiləri, özlərini jurnalist elan edənlər də bu peşə davranışı qaydalarına əməl etməyə borclu olduqlarını başa düşməlidirlər. İndi bizim Media Haqqında yeni Qanunda "Media Savadlılığı" bölməsi var. Bu media savadlılığı hər bir kəsdə, ictimaiyyət üçün hansısa bir fikir söyləyən, məlumat verən hər bir şəxsin məsuliyyətini nəzərə alır və məsuliyyətli olmağa çağırır. O informasiya ki artıq ictimai fikrə yayılır, bu cür informasiyaları yayarkən ehtiyatlı olmaq, cəmiyyət qarşısında məsuliyyət hissini dərk etmək vacibdir.
Əlbəttə, qarşımızda böyük problemlər dayanır və mən inanıram ki, zaman keçdikcə bu problemlər də həllini tapacaq. Şər, böhtan, təhqirlə məşğul olan, özünü jurnalist adlandıran bir qrup var ki, onlar sıradan çıxacaq".

Fəlsəfə doktoru, dosent Aynur Kərimova bildirir ki, reket və şantajla pul tələb edən "jurnalist"lər problemin nəticələridir:
"Problemin gerçək səbəbini tapmaq və onu aradan qaldırmaq lazımdır. Bunun sırasında professional, peşə çərçivələrinin dəqiq müəyyənləşdirilməməsi, jurnalist təhsilinin çağdaş səviyyədə olmamasından tutmuş, ifadə azadlığındakı problemlərədək geniş bir spektri əhatə edir. Professional media orqanlarının hüquqi və sosial müdafiəsi gücləndirilməli, ayrı-ayrı məmurlar, dövlət orqanları media qarşısında öhdəlikləri olmalıdır. Açıq informasiyaya çıxış maksimum surətli olmalı və bu informasiyanın yayılmağında maneə törədən şəxslər cavabdeh olmalıdır. Reket "jurnalist"ləri anlayışı əslində vaxtilə medianı acınacaqlı şəkildə yönəltməyə çalışan, bir qrup yüksək ranqlı məmurun fəaliyyətinin acı nəticəsidir. Və biz indiyədək bunun nə qədər ziyanlı bir tendensiya olduğunun canlı şahidləriyik. Heç bir professional vərdişləri olmayan, məzmunu hələ demirəm, adi orfoqrafiya qaydalarından xəbəri olmayan, savadsız, bilgisiz, jurnalistikadan çox uzaq adamların mediaya toplanması indi bizi böyük bir boşluqla üzbəüz qoyub. Ənənəvi media auditoriyasının ən dinamik, yaradıcı seqmentini itirib. Ona olan izləyici inamı zəifləyib".

"Cümhuriyət" qəzetinin baş redaktoru, "Cebhe.info" Xəbər Portalının direktoru Rəfael Becanov qeyd edir ki, reketlik birbaşa jurnalistikaya aid termin, reketçilik də jurnalistin fəaliyyət sferasına aid olmasa da, təəssüf ki, bu peşənin adını ləkələyənlər də az deyil:
"Jurnalistikanın verdiyi imkanlardan, ictimai nəzarət dediyimiz tutarqadan sui-istifadə edib jurnalistikanı hörmətdən salmağa cəhd edən bəzi şəxslər, qruplar var. Onlar şantajla, hədə-qorxuyla kimlərisə qorxutmaq və əvəzində maddi gəlir əldə etməyə çalışırlar. Kimliyindən asılı olmayaraq, reketlik edən şəxs quldurluqla məşğul olan şəxs kimi təsbit olunmalıdır və belədir. Bunu araşdırmaq, bu fəaliyyətlə məşğul olan subyektin və ya şəxsin cəzalandırılması hüquq-mühafizə orqanlarının səlahiyyətinə daxildir. Media, cəmiyyətin üzdə olan kəsimi bu məsələdə hüquq-mühafizə orqanlarına dəstək verməlidir.
Cəmiyyətdə belə bir fikir formalaşıb ki, reketlərin hədəfində olanlar qanundankənar faəliyyət göstərənlərdir. Qanunsuz əməllərini ört-basdır etmək üçün qarşı tərəfin şantajına boyun əyir və tələblərini yerinə yetirirlər. Ola bilsin ki, belə faktlar var və ya çoxdur. Amma bəzən adamlar abır-həyasına qısılır, hörmətini qoruyur və etmədiyi əmələ görə qarşı tərəfin şantaj və hədəsinə biganə qalır, yaxud boyun əyir. Reketliklə məşğul olanların isə öz şəbəkələri var. Dərhal şəbəkə işə düşür və hədəfə hücum başlayır.
Maraqlı bir epizodu xatırlatmaq yerinə düşər. Çoxdan olmuş söhbətdi. İndi nə o müəssisə var, nə də o rəhbər. Həmin müəssisənin rəhbəri yanına gələn elə reketləri əvvəl qapını bağlayıb döyürdü, sonra da 5-10 manat verib yola salırdı. Niyə belə edirsən deyəndə də deyirdi ki, qalanlarına dərs olacaq.
Jurnalistikanı bu bəladan həm qurtarmaq, həm də qorumaq lazımdır. Reket, şantajla məşğul olan, özünü jurnalist kimi təqdim edən şəxslərə qarşı qanunun imkan verdiyi bütün imkanlarla mübarizə aparmaq vacibdir. İctimai qınaq bəs etmir. Bir zaman Mətbuat Şurasında reketçiliklə mübarizə komissiyası fəaliyyət göstərirdi. Həmin komissiyada bu kimi hallar araşdırılırdı, reketçiliklə məşğul olan media subyektlərinin adları o siyahıya salınırdı və bu "qara siyahı" adlanırdı. Amma o komissiyanın hər hansı hüquqi səlahiyyəti yox idi. Bu, sadəcə cəmiyyəti məlumatlandırmaq və ictimai qınaq üçün yetərli ola bilərdi, lakin faydası olmurdu. Ona görə də bu kimi adamlarla, bu hallarla hüququn dilində danışmaq lazımdır.
Reket jurnalsitika peşəyə etimad və etibarı azaltdığı kimi ictimai əxlaqı da pozur. İndi sosial media iştirakçıları da reketçiliklə məşğul olurlar. Sosial medianı özlərinin şəxsi şantaj yerinə, qisas yerinə çevirirlər. Hüquq-mühafizə orqanları bu məsələyə son zamanlar ciddi diqqət ayırır. Hesab edirəm ki, bu kimi hallar diqqətdən kənarda qalmayacaq və həmin şəxslər - istər mediada olsun, istər sosial şəbəkədə olsun, istərsə də başqa peşə ilə məşğul olsun - qanun qarşısında cavab verəcəklər".
Röyalə Xəyal