Putin Paşinyana Ermənistanın Avropa seçiminin nəticələrini xatırlatdı – ÖZƏL
12:34 DünyaBişkekdə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə Ermənistanın Avropa İttifaqına inteqrasiya perspektivi və Avrasiya İqtisadi İttifaqındakı (Aİİ) gələcək mövqeyi müzakirə olunub. Görüş zamanı Putin Ermənistanın Avropa istiqamətində hərəkətinin Moskva ilə iqtisadi əlaqələrinə və Aİİ-dəki üzvlüyünə təsir göstərə biləcəyini bildirib. Rusiya Prezidenti vurğulayıb ki, Moskva Ermənistanın öz gələcəyini müstəqil müəyyən etmək hüququna hörmət edir, lakin bu qərarın ikitərəfli münasibətlər üçün nəticələrini də nəzərə alacaq.
Olaylar.az xəbər verir ki, "Moskovski komsomolets" nəşrinin yazdığına görə, əsas məsələ Ermənistanın eyni zamanda həm Aİİ-nin üzvü olaraq qalması, həm də Avropa İttifaqına inteqrasiya kursunu davam etdirməsi ilə bağlıdır. Putin bildirib ki, Ermənistanın hər iki inteqrasiya strukturunda paralel şəkildə yer alması mümkün deyil. Bu mövqe digər Rusiya nəşrlərinin yaydığı məlumatlarda da əksini tapıb.
Putinin sözlərinə görə, Ermənistanın Aİİ-yə üzvlüyü dövründə ölkənin iqtisadi göstəricilərində ciddi artım müşahidə olunub. Son on ildə Ermənistanın ÜDM-i 10,6 milyard dollardan 29,2 milyard dollara yüksəlib, ittifaq ölkələrinə ixrac isə təxminən 10 dəfə artıb.
Paşinyan isə hazırda Ermənistanın Aİİ üzvü olaraq qaldığını, eyni zamanda ölkənin Avropa istiqamətində inteqrasiya perspektivini də nəzərdən keçirdiyini bildirib. O, Ermənistanın gələcəkdə Aİİ-dən çıxmaq barədə qərar verəcəyi təqdirdə tərəfdaşlarını altı ay əvvəlcədən məlumatlandıracağını qeyd edib.
"Tsarqrad"ın yazdığına görə, görüşün diqqətçəkən məqamlarından biri Paşinyanın Putinlə söhbət zamanı rus dilinə keçməsi olub. Halbuki Ermənistanın baş naziri ŞƏT sammitində çıxışını erməni dilində edib.
Beləliklə, Bişkek görüşü Ermənistanın qarşısında duran əsas siyasi və iqtisadi dilemma - Rusiya ilə mövcud inteqrasiya əlaqələrini qorumaq, yoxsa Avropa İttifaqına yaxınlaşmaq seçimini bir daha gündəmə gətirib.