Mourinyodan sərt qaydalar: Həmin futbolçular matçı buraxacaq

"Real Madrid"in baş məşqçisi Joze Mourinyo komandada intizamın gücləndirilməsi məqsədilə futbolçular üçün yeni qaydalar müəyyənləşdirib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı məşqlərə gecikən futbolçular üçün tətbiq olunan pul cərimələrini ləğv edib. Əvvəllər gecikməyə görə oyunçular 100-300 avro arasında cərimələnirdilər.

Joze Mourinyo isə bu üsulun kifayət qədər təsirli olmadığını düşünərək daha sərt tədbirlərə əl atıb. Yeni qaydalara əsasən, məşqə gecikən futbolçu komandanın ümumi hazırlığına qoşula bilməyəcək. O, məşqini fərdi şəkildə idman zalında davam etdirəcək və növbəti qarşılaşmada meydana çıxmayacaq.

Baş məşqçi zədəli futbolçuların bərpa prosesinə də xüsusi nəzarət tətbiq edib. Bundan sonra reabilitasiya məşqlərinin yalnız "Real"ın Valdebebasda yerləşən bazasında keçirilməsi tələb olunur.

Bununla yanaşı, məşqçilər korpusu futbolçuların qidalanmasına nəzarəti də sərtləşdirib. Oyunçular klubun dietoloqları tərəfindən hazırlanmış xüsusi qida proqramına ciddi şəkildə riayət etməlidirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31