Ermənistan İnsan Hüquqları Müvəkkili Qagik Xaçatryanın saxlanılma şəraitini araşdırır – ÖZƏL
12:13 DünyaOlaylar.az xəbər verir ki, Ermənistan İnsan Hüquqları Müvəkkilinin (Ombudsman) Ofisi sabiq maliyyə naziri Qagik Xaçatryanın məcburi qaydada məhkəməyə gətirilməsini əks etdirən kadrların yayılmasından sonra onun saxlanılma şəraitinin araşdırılmasına başlayıb. Ombudsman əməkdaşları penitensiar müəssisədə Xaçatryanla məxfi görüş keçirib, onun hüquqlarının təmin olunması vəziyyətini öyrəniblər və aidiyyəti qurumlardan rəsmi izahatlar tələb ediblər. Yerində baxışın nəticələri tam yekunlaşdıqdan sonra Ombudsman institutunun mövqeyi təqdim olunacaq.
Xatırladaq ki, vəkilləri ciddi səhhət problemləri olan Xaçatryanın hüquq-mühafizə orqanları tərəfindən qəddar rəftara məruz qaldığını bildirərək, onun çarpayıdan qaldırılaraq xərəkdə məhkəməyə aparılmasının görüntülərini yayıblar. Külli miqdarda rüşvətalma, çirkli pulların yuyulması və qanunsuz əmlak əldə etməkdə ittiham olunan sabiq nazir barəsində İrəvan məhkəməsi tərəfindən 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.