Məhərrəmlikdə tədbirlər necə həyata keçirilməlidir?- ARAŞDIRMA

Məhərrəm ayı öz adını haram (müqəddəs) sözündən götürüb. Məhərrəm ayında edilən günahlar digər aylarda edilən günahlardan daha böyük sayılır. 
Əhli-beyt imamı olan Həzrəti Hüseynin Kərbəlada həyatını itirməsi Aşurə gününə təsadüf edir. İslam dünyası Kərbəla hadisəsindən qəhrəmanlıq dərsləri götürməyə davam edir. Hadisə peyğəmbərin vəfatından illər sonra baş verib. Aşurə məclislərində peyğəmbər və digər din xadimləri sinə vurub, ağı deməyib. Kərbəla faciəsinin Aşurə gününə təsadüf etməsi, həmin günün mahiyyətini dəyişmir. Dinə yeni rituallar əlavə olunması mümükünsüzdür.

Azərbaycanda Səfəvilər dövründən bu yana Məhərrəm ayına aid olan məclislər geniş şəkildə keçirilib. Ölkəmizlə yanaşı bir çox- İraq, İran, Türkiyə, Livan, Əfqanıstan kimi müsəlman ölkələrində Məhərrm ayı mərasimləri indiki dövrə qədər öz ənənəsini qoruyub saxlayıb.

Dünyada hökm sürən epidemoloji vəziyyət baxımından son illər dini məclislərin miqyası xeyli şəkildə azalmışdı. Bu ildən etibarən yenidən məclislərin əvvəlki qaydada həyata keçirələcəyi təxmin edilir. Dini məclislər kimlər tərəfindən təşkil edilməlidir? 
Məlumdur ki, ölkəmizdə təxribata meyilli, müqəddəs ayların əhəmiyyətini bilmədən, kor-koranə inanan yüzlərlə insan var. Bu baxımdan qanvermə aksiyalarının həyata keçirilməsi olduqca faydalı qərarlardan biridir.

İlahiyyat Universitetinin rektoru Aqil Şirinov Olaylar.az-a bildirib ki: 
"Məhərrəm ayı Azərbaycanda əsrlərdir qeyd olunur. Qeyd edilməsinin əsas səbəbi də Kərbəlada İmam Hüseynin ailəsi və tərəfdarlarının şəhid olmasıdır. Kərbəla İslam tarixi üçün çox faciəvi hadisədir. Faciədə Peyğəmbər ailəsinə mənsub olan bir çox insan şəhid olub. Hadisə İslam dünyasında rezonans doğurub. İstər ədəbiyyatda, istərsə də yaradıcılıqda geniş yer tutub. Mən bunu müəyyən tarixlə əlaqələndirməzdim. Azərbaycanda mövcud olan, məzhəbindən asılı olmayaraq, bütün orta əsr dövlətlərində Kərbəlaya aid mərasimlər həyata keçirilib. Tarixən Azərbaycanda əhli-beytə xüsusi məhəbbət olub. Bu məhəbbəti hansısa məzhəblə əlaqələndirmək doğru deyil. Bu gün də Kərbala şəhidləri yad edilir. İnsanlar onların ruhlarına olan hörmətlərini göstərirlər. Əlbəttə, bu cür məsələlərdə ifrata yol vermək lazım deyil. Dinimizin buyurduğu çərçivədən kənara çıxmamaq lazımdır. Bu gün təəssüf ki,bir çox yerlərdə öz bədənlərinə xəsarət yetirmək ənənəsi qalmaqdadır. Müsbət haldır ki, Azərbaycanda bu ənənə hazırda yoxdur. Onun yerinə əhalinin müxtəlif təbəqələrindən olan şəxslər qanvermə aksiyasında iştirak edirlər. Beləliklə, başqa insanların həyatını xilas edərək, müqəddəslərin ruhuna uyğun hərəkət edirlər.
Hər il Qafqaz Müsəlmanları İdarəsi Məhərrəm ayı ilə bağlı fətva verir. Bu fətvada məhərrəmliyin necə qeyd olunması öz əksini tapır. Bütün azərbaycanlılara tövsiyə edirəm ki, QMİ-nin məsləhətlərinə əməl etsinlər. Vətəndaşlar qaydalara Kərbəla şəhidlərinin ruhuna hörmət olaraq, həm də qayda pozuntusuna yol verməmək üçün əməl etməlidir. Dövlətin qaydaları çərçivəsində ayinlərin həyata keçirilməsinə maneə törədilmir. Ayinlər pərakəndə şəkildə deyil, məscidlərdə, ibadət ocaqlarında həyata keçirilməlidir. Məscidlərdə ibadətin həyata keçirilməsi üçün yetəri qədər şərait var. Əsrlər boyu Məhərrəm ayı  dinc şəkildə, hər hansı siyasi məqsəd güdməyəcək şəkildə həyata keçirilib. Bu il də belə olması üçün çalışmalıyıq".

Müstəqil araşdırmaçı Vüqar Abbasovun fikirlərinə görə: 

"Məhərrəmlik ayı əsasən, şiə məzhəbinin çoxluq təşkil etdiyi ölkələrdə keçirilir. Məhərrəmliklə bağlı müqəddəs kitabımızda hər hansı ayə yoxdur. Ancaq dünyanın din tarixinə nəzər salsaq, öldürülən, işgəncələrə məruz qalan çox sayda peyğəmbər var. Onlara nə üçün yas saxlanılmır ? Müqəddəs şəxslərin hər birinin yeri Cənnətdir. Cənnətə gedən insanlar üçün yas saxlamaq doğrudurmu ? 
Ümumiyyətlə təriqətlərə bölünmənin əleyhinəyəm. Hər məzhəbin ayrılıqda bu cür məclislər keçirməsi sonda təxribata gətirib çıxarır. Yaxşı olardı ki, insanlar firqələrə bölünməsin. Quranımızda qeyd olunub ki, "Firqələrə bölünənlər cəhənnəmlikdir". Buna misal olaraq Qurani Kərimdən aşağıdakı ayələri misal çəkmək olar:

3:105. Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın. Onları böyük bir əzab gözləyir.

43:65. Firqələr öz aralarında ixtilafa düşdülər. Ağrılı-acılı bir günün əzabından vay zalımların halına!

Özünü müəyyən məzhəbə aid edənlər bilirlər ki, dinin firqələrə parçalanması ilə bağlı ayələr dəfələrlə təkrarlanıb və dini məzhəblərə parçalayanları qiyamət günü dəhşətli bir əzab gözləyir. 

-Azyaşlıların dini məclislərdə iştirak etməsinin dində xüsusi bir yeri varmı ?

-Baxır hansı dini məclislərdə iştirak edirlər. Təxribat xarakterli məclislərdə iştirak etmələri doğru deyil. Ancaq, Quran Kərimin olduğu kimi, təhrif olunmadan öyrədilməsi ilə bağlı məclislər alqışlanmalıdır".

Məhərrəm ayı ilə bağlı ən çox düşünülən suallardan biri də iqtisadi məsələlər haqqındadır. Məsələ ilə bağlı fikirlərini iqtisadçı Asif İbrahimov bizimlə bölüşüb:

"Azərbaycanın milli-iqtisadi modelində bir çox faktorlar var. Xüsusilə, ictimai iaşə obyektləri. Əhalinin böyük hissəsi xidmət sektoru və ictimai iaşə fəaliyyəti ilə məşğul olduğu üçün Məhərrəm ayı bu kimi işlərə böyük təsir göstərir. Məsələn, şadlıq evləri fəaliyyət göstərmirsə, dərzilərin, gözəllik salonlarının da fəaliyyəti zəifləyir. Taksilərin, maşın kirayəsi ilə məşğul olanların, aksesuar bazarının fəaliyyəti azalır. Toylara bağlı olaraq mebel dükanlarının, cehiz satışı ilə məşğul olanlarında işləri azalır. İqtisadi aktivlik aşağı düşür. Hər il məhərrəmlik zamanı Azərbaycanın iqtisadi modelinə görə bu tərz azalmalar baş verir. Üzərinə insanların tətili, Bakı şəhərindən kənarda olması da gəlir. Düşünürəm ki, məhərrəmlik iqtisadiyyata bu cür təsir göstərir".

-Məhərrəmlik zamanı baş verən iqtisadi tarazsızlığı sabitləmək mümkündürmü?

"İndiki halda turistlər ölkəmizə cəlb edilməlidir. Turizmin inkişafı təmin edilməlidir. İstehsal sahələri gücləndirilməlidir. İqtisadiyyatımıza təsir edən problemlərdən biri də bunlardır". 

Əfsanə Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31