Depressiya ağır psixi xəstəlikdir...ümidsizlik, çarəsizlik...

Günümüzdə çox istifadə etdiyimiz sözlərdən biri də depressiyadır. Depressiya davamlı kədər hiss edilən əhval-ruhiyyə pozuntusudur. Depressiya müasir dövrümüzün ən böyük psixoloji problemi hesab olunmaqdadır. Həyatı çətinləşdirən bir çox amillər depressiyaya səbəb ola bilər. Özünüzü kədərli və ya günahkar hiss etmək, yuxu və iştah pozğunluğu, intihar düşüncələri və s. depressiyanın ümumi əlamətləridir. Lakin bu xəstəliyin göründüyü qədər, görünməyən tərəfləri də var. Hər birimizin az qala hər gün "bu gün heç nə etmək istəmirəm", "evdən çıxmaq istəmirəm", "ölmək istəyirəm", "çox təkəm" və s. kimi cümlələr istifadə etməmizin səbəbi  olan depressiya əslində nədir və əlamətləri nələrdir?

Klinik psixoloq Səyyarə Yusubova deyir ki, depressiya neyropsixatrik və ya psixi pozuntular sırasında ən ağır olanlardan biridir:

"O baxımdan ki, o, insanların öz həyatlarını itirmə səbəbi kimi yer alan xəstəliklər içərsindədir. Hansılara ki, ürək-damar, tənəffüs sistemi xəstəlikləri daha çox daxildir. Psixi xəstəliklərdən depressiya bu qrupdadır. "Depressiya nədir"  sualına cavab verərkən, ilk öncə onu qeyd etmək istəyirəm ki, xalq arasında və ya "güzəran psixologiyası" kimi adlandırdığımız, qeyri-ixtisas insanlarının bilik və təsəvvürləri çərçivəsində depressiya sözünə verilən məna ilə terminaloji və ya klinik psixoloji mənası arasındakı fərqlərdən danışıb, bunu açmaq, maarifləndirmək lazımdır. Belə ki, depressiya qeyd etdiyimiz kimi psixi xəstəlikdir, biopsixososial amillər nəticəsində yaranır. Burada həm pasiyentin beyin imkanları, beyindəki neyrohumoral proseslər, xüsusilə də neyrotransmitter dediyimiz beyindəki elektrik aktivliyin təmini ilə məşğul olan serotonin, dopamin sözləri oxuculara daha çox tanışdır. Digər tərəfdən depressiyanın irsi amili var. Belə ki, nəsildə depressiyanın olması onun ehtimalını artırır. Əlbəttə ki, bu irsi amil həm bioloji, həm psixoloji xarakterlidir.

"Depressiya nədir" sualına cavab verərkən, biz psixoloji olaraq qeyd edə bilərik ki, depressiyanın əsas və əlavə əlamətləri var. Əsas əlamətlər deyəndə, buna həm də depressiya triadası da deyirlər. Ümumiyyətlə, insan şəxsiyyəti öz həyat aktivliyini, həyat fəaliyyətini enerjisi, maraq və zövqləri və əhval-ruhiyyəsi, ümumi emosional fonu sayəsində həyata keçirir. Depressiya da bu 3 sahənin, yəni, insanın əhval-ruhiyyəsinin, maraq və zövqlər dairəsinin və energetik balansının, ya da psixoloji gücünün tükənməsi deməkdir. Əlavə əlamətlərə qaldıqda isə, depressiyanın 7 əlavə əlaməti var. Bu əlavə əlamətlər də öz etibarilə əsas əlamətlərin nəticəsində pozulurlar. Bura aiddir: insanın özünə inamı, özünü qeyri-adekvat olaraq daima təqsirləndirən düşüncələr və ya formalaşmış günahkarlıq hissi (xüsusilə qeyd etmək istəyirəm, burada qeyri-adekvatlıq çox önəmlidir), özünə qəsd fikirləri və ya intihar haqqında düşüncələr və intiharın çətinliklərdən çıxış yolu olacağına dair dərin bir inam vəziyyəti, diqqət və yaddaş imkanlarının pozulması, fikri cəmləmək çətinlikləri, ya çox təlaşlı, oyanıq psixomotor aktivlik, ya da ki, süstlük, tormozlanma və əlbəttə yuxu və iştah sahəsində problemlər. Yəni, ola bilər ki, insan ya süstləşir, ya da vurnuxur. Amma bu məqsədsiz bir vurnuxmadır. Yuxu və iştah sahəsi də eyni şəkildə. İnsan ya çox yatır, yatmağa meyilli olur, yuxudan doya bilmir, ya da yuxuya getməkdə çox kəskin çətinliklər çəkir. Və ya ola bilər ki, insanın iştahı çox yüksəlsin və bu özü ilə birlikdə artıq kökəlmələrə, ya da digər problemlərə səbəb olacaq, ya da çox vaxt iştahı kəsilir. Hansı ki, ağır depressiya hadisələrində biz çox vaxt bunlara endogen və ya kliniki depressiya deyirik. Nə vaxt ki insan artıq öz təməl ehtiyaclarını ödəmək üçün heç bir aktivlik göstərmir, getdikcə heç nə yemir, heç nə etmir, yatağa sarılır və s. hallar kliniki depressiya sayılır və bu həddindən artıq çox ağır bir vəziyyətdir. Bu vəziyyətdə olan pasiyenti xəstəxanada müalicə etmək lazımdır. Çünki daima kliniki müşahidə olunmalıdır.

Digər ağır versiya olan depressiyalara psixiatik depressiya deyirlər. Bu zaman insanda bütün saydığımız əlamətlərlə yanaşı həm də fikirlər sayıqlama dediyimiz düşüncələrin olmasıdır.

Qeyd etmək istəyirəm ki, ümumiyyətlə depressiyanın müxtəlif formaları, növləri var. Artıq adını qeyd etdiyimiz kimi, psixotik, endogen və ya klinik depressiya var hansı ki, ağır səviyyəlidir. Yəni, depressiyanın səviyyəsinə, dərəcəsinə görə ağır, orta və yüngül səviyyəli depressiyalar olur. Bir də çox maraqlı bir variantı var. Ona bəzi ədəbiyyatlarda "maskalanmış" depressiya deyirlər. Halbuki, ağırlıq dərəcəsinə görə orta səviyyəli depressiyaya aiddir. Bunu mütləq qeyd etmək istəyirəm, çünki, sosial, ictimai həyatımızda bu səviyyədə olan depressiyadan insan əziyyət çəkə bilər, amma o heç də çox hallarda bilinməyəcəkdir. Yalnız onun ən yaxın insanları, ən çox ünsiyyətdə olduğu yoldaşları bilərlər ki, həmin adamda ruh düşkünlüyü, enerji problemi var və ya çox fəaliyyətlə məşğul olmasına baxmayaraq, heç də maraq və zövq ilə bağlı həyatından məmnun deyil. Bir çox hallarda belə olduqda orta səviyyəli və ya "maskalanmış" depressiyadan əziyyət çəkən insanlar şəxsi həyatda və ya yaxın münasibətlər dediyimiz sferalarda çətinlik çəkirlər. Çünki, yaxın münasibətlərə emosional güc tələb olunur və oradakı xəyal qırıqlığına tab gətirmək üçün lazım olan daxili özgüvən, düşüncə bazası zədələnmiş vəziyyətdədir.

Ümumi götürəndə, depressiya insanın özünə, dünyaya və öz həyatına, gələcəyinə dair bədbinlik vəziyyətidir. Və əlavə etmək istəyirəm ki, heç də güzəran səviyyəsində bildiyimiz kimi heç də sadəcə ümidsizlik, əlacsızlıqla kifayətlənmirik. Depressiya ağır bir psixi xəstəlikdir. Ölümə, intihar hadisələrinə səbəb olur. İntihar hadisələrinin də elə əksəriyyəti depressiyadan olur. Bu yəni, bioloji amili olan bir xəstəlikdir".

Depressiya kədər, yorğunluq, stress, travma aldığımız hadisələr, maddi-mənəvi və iqtisadi problemlər və bunlara bənzər bir çox hallarla üzləşdikdə kədərlənib ruhdan düşmə halının gündəlik həyat tərzinə çevrilməsi, həyatdan zövq ala bilməmək halına səbəb olan psixoloji bir narahatlıqdır və bu narahatlıq ən çox gənclərdə müşahidə olunur. İnsan uzun müddət depressiyada olduqda iş həyatında uğursuzluqlar, şəxsi və ictimai münasibətlərin pozulması, müxtəlif fiziki problemlərin yaranması, orqanizmdə mövcud xəstəliyin sürətlənməsi kimi zərərlərlə rastlaşır.

Psixoloqun sözlərinə görə, risk faktoru 25-30 yaş aralığıdır:

"Yaş qrupları psixososial faktorlara aiddir. Çünki, bunlar bir-biri ilə birbaşa əlaqəlidir. Ümumiyyətlə, risk faktoru 25-30 yaş aralığıdır. Bundan başqa depressiya halları uşaq və yeniyetmələrdə də çox rast gəlinir.  Ümumiyyətlə, yeniyetməlik dövründə yeniyetmənin depressiyada olub, olmadığını mütləq nəzərə almaq lazımdır. Məktəb psixoloqları bu mövzuya çox diqqət yetirməlidirlər. Çünki yeniyetmələrin həkimlər və ya psixoloqlarla görüşmək imkanları daha azdır, nəinki məktəb psixoloqları ilə. Valideynlər mütləq buna diqqət yetirsələr, yaxşı olar. Depressiya kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir. Amma intihar mövzusuna yanaşsaq, orda kişilərin sayı daha çoxdur. İntihar cəhdləri qadınlarda, intiharın özü kişilərdə daha çox rast gəlinir. Amma ümumi etibarilə, kişilər 2,5%-dən 10%-ə qədər, qadınlar 5%-dən 20%-ə qədər depressiyadan əziyyət çəkirlər".

Demək olar ki, depressiyaya   hər 4 qadının 1-də həyatının hər hansı zaman kəsiyində rast gəlinir. Statistikaya görə, hamilə qadınların 14-25%-i hamiləlik zamanı depressiyadan əziyyət çəkir. Hamiləlik qadının demək olar ki, başqa bir həyat tərzinə addım atmasıdır və bu dönəmdə artmaqda olan məsuliyyət hissi onu stressə salır. Qadın hamiləlik dönəmində həm körpəsi, həm özü, həm də ailə həyatı üçün narahatlıq yaşayır. Buna görə hamiləlik qadının sosial və şəxsi həyatına mühüm təsir göstərir. Yeni həyata adaptasiya nəticəsində yaranan stress qadını bədbin hala gətirə bilər.

"Hamiləlik periodunda və doğuşdan sonrakı depressiya depressiyanın çox önəmli bir formasıdır. Bu da əsas etibarilə qadın orqanizmində gedən hormonal dəyişikliklər ilə bağlı olur. Amma heç də bir tək onunla bağlı olmur. Belə ki, xüsusilə də, mədəni faktorlar ilə bağlı, qadın həyatında olan psixososial məsələlərin özünəməxsus çalarlığı ilə bağlı, insan münasibətləri, qohum-əqrəba arasındakı münasibətlər, sərhədlərin pozulması məsələləri, rol keçidi (ana olmaq, qadın olmaq, həyat yoldaşı olmaq roluna keçid və s.), yaxın insanın, işin itirilməsi, təbii fəlakətlər, müharibələr, konfliktlər, kəskin həyati dəyişilmələr nəticəsində depressiyanın olma ehtimalı artır. O insanlar ki, öncədən psixoloji olaraq da, psixoloji dayanıqlıq baxımından və ya məlumatsızlıq baxımından çətinliklərlə, çətinliklərin öhdəsindən gələ bilmək bacarıqları az olan insanlarda bu hadisələr nəticəsində depressiyaya formalaşmaq ehtimalı da çoxdur".

İntihar edən insanların 90% -i depressiya xəstəsidir. Depressiya və digər ruhi xəstəliklər ilə birlikdə pis həyat hadisələri də intihar riskini artırmaqdadır. Təbii ki, depressiyadan əziyyət çəkən insanların böyük hissəsi intihara cəhd eləmir. Lakin depressiya suisidal riskin başlıca amilidir və özünü suisidal fikirlər, intihar planlarının qurulması və intihara cəhd şəklində büruzə verə bilər.

Klinik psixoloq Səyyarə Yusubova da qeyd edir ki, intihar depressiyanın nəticələndirdiyi hadisələrin ən dəhşətlisidir:
"İntihar ümumiyyətlə depressiyanın ölüm səbəbi olmasına birbaşa təsir edən məsələdir. Bundan başqa intihar cəhdləri, fikirləri və intiharın özü haqqında ayrıca da danışa bilərik. İntihar özü olduqca geniş bir mövzudur. Bunun sosial, psixoloji faktorları, intihara yanaşma baxımından fəlsəfi, mədəni məslələri var. İntihara bir hüquqi müstəvidən də baxmaq olur. Yəni, intihara konkret depressiya aspektindən baxsaq, bəli, həqiqətən də, intihar depressiyanın bir fəsadıdır".

Bütün bunlarla yanaşı, psixoloq həmçinin, depressiyanın müalicəsinin olduğunu da qeyd edir:

"Depressiya müalicə olunan bir xəstəlikdir. Bu həm dərman, həm psixoterapiyanın birlikdə olduğu müalicə növüdür. Psixoterapiyaların içərisində də depressiyanın müalicəsində ən effektiv olanlar koqnitiv və interpersonal terapiyadır. Depressiyanın önlənməsində və ya profilaktikasında sağlam həyat tərzi çox önəmli faktordur".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31