Ailə münaqişələri və uşaq aqresiyası...

Bütün tarix boyu bəşəriyyət qəddarlıq, zorakılıq, qəsdlər, dağıntılar və digər destruktiv əməllər şəklində özünü göstərən və insanlara fiziki və mənəvi iztirablar gətirən hallarla qarşılaşır. Biz, demək olar ki, hər gün kütləvi informasiya vasitələrindən insanların aqressiv davranışının təcəssümü olan qətllər, cinayətlər, müharibələr haqqında məlumat alırıq.

Bəs bütün bunlara səbəb olan aqressiya nədir ?

Bu gün cəmiyyətdəki aqressiyanın səbəbləri ilk baxışdan bəlli olmasa da, sonrakı mərhələlərdə bunun ağır nəticələri özünü göstərir. Bəziləri bunu maddi səbəblə, sosial problemlərlə, bəziləri isə şəxsi keyfiyyətlərlə əlaqələndirirlər.

Psixoloq Pərvin Süleymanova deyir ki, aqressiya əhval-ruhiyyə ilə deyil, davranışlarla bağlıdır:

"Kimdənsə nəsə soruşanda deyir ki, "aqressivəm", "acıqlıyam" və s. Bu əhval-ruhiyyə ilə bağlı hal deyil, bu davranışdır. Yəni, aqressiya ola bilər verbal formada olsun - kimisə incidəcək bir söz demək, təhqir etmək, müqayisə etmək və s. Yəni, onun özgüvənini, şəxsiyyətini incidəcək hər hansı bir ifadələr istifadə etmək. Yaxud da fiziki aqressiya olur - vurmaq, dağıtmaq, fiziki xəsarət yetirmək və s."

Son zamanlar uşaqlarda, xüsusilə, gənclərdə aqressiya, stressə dözümsüzlük müşahidə edilir. Onların bir-birinə kobud davranması, güzəştə getmək istəməməsi, tənqidə dözümsüz olması az qala adiləşməyə başlayıb. Hətta bu hal ilə uşaqların olduğu hər bir yerdə, demək olar ki, qarşılaşırıq. Amma orta təhsil məktəbləri aqressiv usaqların özlərini daha da qabarıq şəkildə göstərən  yerlərdəndir.

Düşünürəm ki, belə aqressiyanın səbəbi ailədən qaynaqlanır. Ailənin bünövrəsi qoyulandan bu nüanslara diqqət etmək lazımdır. Ailədə yaranan münaqişələr, aqressiya ailə üzvlərinin, xüsusilə, uşaqların psixoloji durumuna mənfi təsir göstərir. Ailədə böyüyən uşaqda aqressiya formalaşdıqdan sonra, bu, sadəcə ailə daxilində olmur. Yavaş-yavaş əhatə dairəsi genişlənir. Ailədə gördüyü aqressiv davranışları müəyyən yaş dövrlərinə görə bağçada, məktəbdə və s. ictimai yerlərdə sərgiləməyə başlayır.

Psixoloq da uşaqlarda aqressiyanın yaranmasının ailədən qaynaqlanması fikrini təsdiqəyir:

"Ailədə olan münasibətlər, ailənin forması, yəni, tam, yoxsa natamam ailədir, ailənin sosial statusu, maddi vəziyyəti və ailədaxili münasibətlər. Əlbəttə ki, hələ ailə hələ də risk qrupunda deyilsə. Məsələn, valideynlərdən biri alkoqollu içki, narkotik vasitələrin aludəçisi deyilsə, hər hansı psixi xəstəliyin daşıyıcısı deyilsə, ailədə fiziki faktorun olub-olmaması və s. Bunların hər biri uşaqlarda aqressiv davranışların formalaşmasına gətirib çıxaracaq.

Uşaqlar kiçik yaşlarından, ümumiyyətlə götürsək, təxminən 3 yaşlarından sosiallaşmağa başlayırlar. Sosiallaşmaq, yəni, sosial cəmiyyətə addım atmağa, uyğunlaşmağa və müəyyən rolları mənimsəməyə. Bu da ilk olaraq hardan başlayır? Ailədən. Ailədə olan münasibətlər bu baxımdan çox önəmlidir. Biz burada risk qrupunda olan tip ailələri kənara qoysaq belə, ailədə uşağa olan münasibət də çox önəmli. Məsələn, uşağı mükafatlandırma, cəzalandırma metodları. Uşağı mükafatlandırmaq, guya motivasiya etmək üçün deyirik ki, "bax, bağçadakı Əli səndən daha yaxşıdır, diqqətlidir, anasını heç incitmir" və s. Əslində, biz düşünürük ki, uşağımızı motivasiya edirik, amma tam tərsinə, uşaqda Əliyə qarşı qıcıq yaranır. Düşünür ki, mən anamı itirəcəm, çünki, ola bilər ki, anam Əlini məndən çox istəsin. Nəticədə Əlini nümunə kimi götürmür, sadəcə ona qarşı aqressiyası yaranır. Çünki, nümunəni valideyn verib. Yaxud da cəzalandırma. Uşaqların aşırı formada cəzalandırılması, cəzalandırmanın səbəbinin izah edilməməsi və cəzalandırılma metodları gətirib aqressiyaya çıxarır. Hələ mən sadəcə optimal ailələrdən danışıram. Ailədə uşaqların arasında ayrı-seçkilik də qeyd olunmalıdır. Məsələn, "o oğlandır, ona söz demə", "o qızdır, sən onu incitmə", "o səndən böyükdür, sən ona dəymə, dinlə" və s. Yəni, uşaqlar valideynlərin qabağında bərabərdirlər. Fərq etmir, kim birinci doğulub, kim hansı cinsə aiddir. Yəni, bu bərabərlik qoyulmalıdır. Uşaq hiss edəndə ki, valideynin diqqəti uşaqlara bərabər deyil, onların ədaləti bərabər işləmir, onda qardaş-bacısına qarşı aqressiya olur. Çünki, valideynin etdiyi haqsızlığı belə bərpa etməyə çalışır".

Uşaqlarda aqressiyanın formalaşmasında ailədaxili münaqişələrin rolu da danılmazdır. Əlbəttə ki, valideynlərin bəzən bir-birilə mübahisə etməsində dəhşətli bir şey yoxdur. Lakin bu uşaqlara müxtəlif cür təsir edir. Uşaqlara zərər dəyməsi üçün valideynlərin sadəcə bir-birinin ünvanına aqressiya və hirs nümayiş etdirməsi zəruri deyil. Uşaqların mənəvi, davranış və sosial inkişafı valideynlər özlərinə qapanan zaman və bir-birinə daha az isti münasibət göstərən zaman da əziyyət çəkir. Valideynlər arasındakı pis münasibət təkcə uşaqlara öz təsirini göstərmir, mənfi təcrübə digər nəsillərə də ötürülə bilər.

Bəzən ailədaxili münaqişələrdə valideynlər gizli mübahisə etdiklərini düşünüb, uşaqların heç nəyi görmədiyini və eşitmədiyini fikirləşirlər. Lakin bu zaman belə uşaqlar tez-tez baş verən münaqişəni görür, hiss edirlər. Burada vacib olan uşaqların mübahisənin səbəblərini necə anlaması, özləri üçün necə aydınlaşdırması və onun potensial olaraq gətirib çıxaracağı nəticələrdir.

Pərvin Süleymanova deyir ki, kontakt uşaqlarda çox yaxşı olduğu üçün onlar ailədaxili münaqişələrdən təsirlənirlər:

"Ailədaxili münaqişələrdən danışanda, əlbəttə ki, burada yetiklərin münasibəti əsas götürülür. Yəni, yetkin uşağını psixoloqun yanına aqressivdir deyə gətiribsə, mütləq şəkildə yetkinlərlə işləmək lazımdır. Aralarında nə baş verir? Mübahisə edirlərmi? Və düşünməsinlər ki, valideynlər uşaqlarının qarşısında mübahisə etmirlərsə, o görmür, hiss etmir, başa düşmür. Məsələn, bizdə çox deyilən bir sözdür: "o başa düşmür ki, böyüyəndə biləcək" və s. Yox, ən azından qeyri-verbal yolda o emosional vəziyyətdən evdəki ağır abu-havanı çox gözəl başa düşür ki, hansı hadisələr baş verib. Ata anaya acıqlıdır, ana bu gün qəzəblidir və yaxud üzgündür, ağlayır və s. Kontakt uşaqlarda çox yaxşıdır. Ona görə hər hansı münaqişə olanda, artıq evdə olan psixoloji mühitdən uşaq təsirlənir, sonra aqressiv davranışlar nümayiş etdirə bilər. Uşaq üçün valideynin foksunda qalmaq çox önəmlidir. Əgər ailədə mübahisələr, münaqişələr varsa, ana daha çox ataya yönəlir və yaxud tərsinə. Uşaq keçir ikinci, üçüncü, ya da sonrakı plana. Uşaq düşünür ki, diqqət çəkməlidir. Bu zaman nə baş verir? Görür ki, pis davranış göstərəndə ana ona daha çox yönəlir, qıcıqlanır, hətta ola bilər ki, vurur. Pis də olsa, ananın diqqətini alır, hər bir halda. Heç diqqət almamaqdansa, az diqqət almaq daha optimaldır. Bu artıq onun davranış modelinə çevrilir ki, hə, demək mən belə edəndə, məsələn, dərslərimi oxumayanda, uşaqlarla dalaşanda, nəyimisə itirəndə və s. anam əsəbləşir və məni görür, neqativ olsa da, döyülsəm də görür. Bu zaman aqressiv davranış bərkiyir yerində ki, anamın məni görməsi üçün mən sözə baxmayan uşaq olacam.

Ailə dedikdə, bir strukturdan və ailə modelindən danışırıq. Burada ilk növbədə ana-atanın bir-birinə münasibəti önəmlidir. Ana-ata ilk növbədə cütlük olmalıdır, cütlük kimi münasibətləri təsdiq olunmalıdır, inkişaf etməlidir, ondan sonra valideynlik mərhələsinə keçə bilərlər. Ona görə bəzi xarici mütəxəssislər, tədqiqatçılar tövsiyə edir ki, gənc ailələr təxminən 1-3 il sonra uşaq planlamağa başlasınlar. Çünki, ilk növbədə özləri bir-birinə öyrəşməli, cütlük olmağı bacarmalıdırlar. Yəni, cütlüklərin arasında müəyyən qaydalar olmalıdır, bir-birilərinə adaptasiya olmalı, vərdişlərini, konflikt yaşamalı, evlilik krizisinə düşməli və bundan çıxmağı öyrənməlidirlər. Bu hallar baş verdikdən sonra, ailəyə yeni bir üzv gəldikdə, onlar optimal şəkildə gedə bilirlər. Hal-hazırda ailələrdə problemlərdən biri budur: cütlüklər tam ailə olmamış üçüncü üzv gəlir və ailədə rollar qarışmağa başlayır. Yəni, hələ cütlüklər özlərinin vəzifə, öhdəliklərini bilmirlər, uşağı da bura qatırlar".

Ailə şəxsiyyəti və cəmiyyəti formalaşdıran mühüm sosial institutdur. Şəxsiyyətlərarası konfiliktlər daha çox ailədə baş verir. Təbiidir ki, ailə münaqişələri də cəmiyyətin ən aktual məsələlərindən biridir. Ailə münaqişələrinin ən başlıca səbəbi uzun müddət maddi səbəblərlə, məsələn, ailənin təmin olunması,pulun xərclənməsi,mənzili problemi və s. bağlı olmuşdur. Əsasən, qadınlar ailə qurduqdan bir müddət sonra bu problemə dözə bilmirlər və nəticədə ailədaxili münaqişələr yaranır.

Münaqişələrin əmələ gəlməsində mənəvi-psixoloji səbəblərin rolu da gündən-günə artır. Xoşbəxt münasibətin sirri cütlüklərin bir-birini başa düşməyi bacarmasındadır. Bu da öz növbəsində tərəflərin bütün istəklərini qarşılıqlı müzakirə aparmaqla həll etmələrindən asılıdır. Anlaşılmazlıq və yola getməyi bacarmamaq münasibətlərin bitmə nöqtəsinə gəlməsinə səbəb olur.

Psixoloqun sözlərinə görə, xarici faktorlar da ailə münaqişələrinə təsir göstərirlər, amma ailənin özü milli sosial qrupdur və bu sosial qrupun özünün qaydaları, adət-ənənələri, ritualları var. Əgər bu formalaşmış bir qrup, komandadırsa, müəyyən təsirlər olacaq və təsirlərin nəticəsində sadəcə uyğunlaşma, adaptasiya gedəcək.

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31