Məktəb dərdi...
3 Fevral 2022 13:42 Sosial
Məktəblərin dünyəviləşdirilməsi üçün kampaniya aparan alman pedaqoq , mütəfəkkir və mütərəqqi liberal siyasətçi Adolf Disterveqin fikrincə məktəbdə ən mühüm hadisə, ən ibrətamiz mövzu, şagird üçün ən canlı nümunə müəllimin özüdür. Adolf Disterveqi 1790- 1866-cı illərdə yaşayıb.Və təbii ki, o zamanın məktəbi və tədrisi ilə günümüzün məktəbi arasında yerlə-göy qədər fərq var.
Amma indi necədir? Müəllim hadisə ola bilirmi? Müəllim mövzuya çevrilə bilirmi? Və müəllim nümunə ola bilirmi? Müəllimin nüfuzu qorunurmu? Olur! Amma...
Millət Vəkili Faizil Mustafa
"Məktəblərdə konfliktlər müxtəlifdir. Müəllimin şagirdə qarşı müəyyən dərəcədə kobud və yaxud zorakı hərəkəti, şagirdin müəllimə qarşı hərəkəti, və.s kimi bunların hər birinə ayrı-ayrılıqda tövsiyə vermək lazımdır. Fikrimcə, məktəbdə müəllimin nüfuzunu qaldırmaq lazımdır. Müəllimin nüfuzu o səviyyədə qalxmalıdır ki, o auditoriyanın da , məktəbin də hakimi olsun. Çünki, müəllimsiz buna valideyn, direktor və başqaları nəzarət etmək imkanına sahib deyillər. Valideyn məktəbə buraxılmır, hansısa formada təsir etmək imkanı yox, direktor da tək adam, lap iki-üç müavini olsun 2-3 min uşaqla bunu baş etmək çox çətindir. Ona görə də, burada dövlət orqanlarının da yardımı lazımdır. Polisin, müəyyən psixoloqların yardımı lazımdır. Çünki, biz məktəbin bu qədər qanunsuzluğa səbəb olmasına yol verə bilmərik. Məktəbi qanunsuzluq məkanına çevirə bilmərik. Hər birimizin həm də övladlarımız burada təhsil alır. Ona görə də, ilk növbədə direktorun sərbəstliyini, imkanlarını artırmaq lazımdır ki, o, məktəbdə prosesləri tam nəzarəti altında saxlaya bilsin. İkincisi, müəllimin nüfuzunu artırmaq lazımdır. Üçüncüsü isə valideyni məktəbə gətirmək lazımdır. Məktəblə valideynin əlaqəsini gücləndirmək lazımdır. Dördüncüsü, uşaqlarla daha çox psixoloji işi gücləndirmək lazımdır. Uşağa təkcə pedoqoji üslubda nəyisə öyrətmək yetərli deyil. Həm də psixoloji cəhətdən, xüsusilə də kənar təsirlərdə olan uşaqların məktəbə adaptasiya olunması üçün ciddi işlər görülməlidir. Hesab edirəm ki, bu kimi məsələlər bütövlükdə həm də bir ictimai müzakirədən keçməlidir. İstər Təhsil Nazirliyi , istər digər qurumlar, bu ictimai müzakirəni genişlənməlidirlər ki, məsələ öz həllini tapa bilsin və daha çox ağıllı təklifər, təşəbbüslər dinlənilsin. Onun nəticəsində də , müəllimin müəyyən dərəcədə problemləri qarşılanması mümkün olsun, həm valideynin, həm də şagirdlərin. Məktəbə həqiqətən də, insanların ehtiyac duyduğu o mühiti qaytarmalıyıq. Belə olmasa məktəbdə problemlər çox olacaq. Məktəblərə başqa cür nəzarət yoxdur. Kimsə bunu çəkəcək, kimsə göstərəcək. Hansısa bir faktı gizlətmək də mümkün deyil. Şagirdlərin əlindən təbii ki, telefon alınmalıdır. Valideyn ola bilsin ki, şagirddən narahatdır, ona telefon verir ki, dərsdən çıxanda bildirsin. Bu başqa. Onu məktəbin girişində hansısa formada, xüsusi bir saxlanc yerləri müəyyən etmək olar, hər şagird və yaxud sinif üçün. Həmin o saxlanc yerində onu saxlaya bilər. Budur məsələnin mahiyyəti. Ona görə də, burada xüsusi bir Amerika kəşf etməyə ehtiyac yoxdur. Müzakirə, müzakirədən çıxan nəticələr, nəticəni də həyata keçirmək lazımdır ki, məktəb sağlam bir tədrisin məkanına çevrilsin, döyüş meydanına yox"
Coğrafiya müəllimi Kürsüm Əliyeva
" Problemlərin kökü çox dərindədir. Bunu bir, iki nəfəri günahlandırmaqla, cavab tapmaq çox çətindir. Deyərdim ki, valideynlərdən daha çox şey asılıdır və daha çox məsuliyyət daşıyır. Çünki, tərbiyə ailədən gəlir. Hər bir uşaq məktəbdə öz ailəsinin tərbiyəsini göstərir. Əgər ailədə ana deyirsə ki, "müəllim qələt edir, müəllim kimdir", uşağın yanında müəllimin kiçik bir pis cəhəti olsa belə onu bu şəkildə vurğulayırsa, təbii ki, bu yolverilməzdir. Bu uşaqda həmin müəllimə qarşı bir inamsızlıq və etinasızlıq yaradır. Valideyn uşağa, "müəllim kimdi axı sənə söz desin" dedikdə təbii ki, bu uşaq sabah müəllimi heç vaxt saymayacaq. Lap müəllim nə istəyir etsin, uşağın gözündə ucala bilməz. Bu birmənalıdır. Müəllim də, valideyn də bir nöqtəyə vurmalıdır. Hər biri eyni amal üçün çalışmalıdır. Müəllim valideyn deyəni təsdiq etməli, valideyn müəllim dediyni təsdiqləməlidir. Onlar ortaq məxrəcə gəlməlidirlər. Çünki burada hər ikisinin məqsədi normal vətəndaş yetişdirməkdir. Burada həm müəllim çalışmalıdır, həm də şagird. Təəssüf ki, son dövrlər bizim valideynlər müəllimlərə qarşı çox aqressivdirlər. Bunu ətrafımızda çox müşahidə edirik. Əlbəttə ki, müəllimdən də çox şey asılıdır. Müəllimin də burada görəcəyi işlər var. Özüm müəllim olmağıma baxmayaraq, şəxsən bir müəllim tanıyıram ki, bütün günü uşaqlara, "tupoysuz, başa düşmürsüz, sizin kimi zəif sinfim olmayıb, dərs beyninizə girmir" və.s kimi ifadələr işlədərək uşaqlarda özünə qarşı antipatiya yaradır. 2020-ci ildə pandemiya oldu, uşaqlarımız ilin yarısını oxumayıblar, təbii ki, onlar heç nə bilməyəcək. Bunu uşağa izah etməyin yolu var. Onu elə anlatmaq lazımdır ki, uşağın heyssiyyatına toxunmasın. Müəllim daha çox həssas olmalıdır. Bu mənim şəxsi fikrimdir. Ən əsası müəllim şagirdini dinləməyi bacarmalıdır. Hardasa şagirdlərə imkan yaratmaq lazımdır ki, onlar da öz fikirlərini sərbəst söyləyə bilsinlər. Bunu müəllim yaratmalıdır. Müəllim o şəraiti yaratmalıdır ki, uşaq müəllimə öz ürəyini aça bilsin. Təbii ki, ürəyini açmaq dedikdə hər mövzuda yox, sözün həqiqi mənasında hər hansısa bir problemi varsa, onu gəlib müəllimə deyə bilsin. Həmçinin valideyn də burda rol oynayır. Əgər valideyn o müəllimi ard-arda uşağının yanında pisləsə, heç vaxt o uşaq müəllimə ürək açmaz. Valideyn də evdə uşağına, "evdə sənin anan mənəmsə, məktəbdə müəllimindir, mənə hörmət etdiyin qədər, məktəbdə də öz müəlliminə eyni hörməti göstərməlisən" deyə aşılamalıdır. Belə olduğu təqdirdə məktəblərdə hər şeyin qaydasına düşə bilmə ehtimalı var. O ki qaldı ötən günlərdə baş verən hadisəyə, burada müəllimə töhmət verilməməli idi. Ən azından şifahi xəbərdarlıq edilə bilərdi ki, niyə dərsdə bu boşluğu yaratmısınız, niyə uşaqlar bu dərəcəyə gəlib çatıb və.s. Töhmət bir müəllim üçün çox böyük şeydir. Burada müəllim töhmətə layiq deyildi. Bəli razıyam, tərbiyə evdən gəlir. Bu yüz faizlik bir faktordur. Müəllimin yanında ayağını stolun üstünə qoyan uşaq, deməli evdə də atanın, ananın yanında o cür edir. Ha ata, ana özünü vurub öldürsün ki, yox mənim uşağım belə tərbiyəlidir, mümkün deyil. İki variant ola bilər. Ya uşağı evdə o qədər sıxırlar ki, o bütün istəklərini gəlib məktəbdə reallaşdırmaq istəyir, ya da evdə də belədir. Bu ailə tərbiyəsinin nəticəsidir. Müəllimə isə töhmətin verilməsi düzgün bir qərar olmadı. Bununla heç nə əldə etmək olmaz. Onu da qeyd edim ki, bizim qanunvericilikdə boşluqlarımız var. Əgər bu gün 2 alan uşağa attestat verilirsə, o uşağın məktəbə heç vaxt marağı olmayacaq. Doğrudur, hamı alim ola bilməz, məcbur deyil hamı əla oxusun. Amma ən azından əvvəllər uşağın qorxusu var idi ki, birdən attestat ala bilmərəm və buna görə oxuyurdu. Çünki, bilirdi ki 2 də alsa attestat alacaq. İndi məktəbdən qovulmaq və kənarlaşdırmaq ümumiyyətlə yoxdur. Yaxşı olardı ki, birdəfəlik məktəbdən qovulmaq yox, məktəbdaxili intizama əməl etməyən şagirdi cəzalandırmaq üçün müvəqqəti olaraq məktəbdən kənarlaşdırılma olsun. Yəni uşağa müəllim heç bir təsir göstərə bilmir. Müəllim-şagird münasibətlərində yaranan problemlər olanda heç bir cəza tədbirləri görülmür.
Əfsanə Kamal - jurnalist
"Paylaşılan videolar bir çoxumuzda təəccüb hissi yaratmadı. Çünki məktəblərdəki vəziyyət hər kəsə aydın idi. Sadəcə sosial media və ictimai qınaq öz işini görür.
Əvvala qeyd edim ki, bu cür hallarda müəllimin töhmət alması çox doğru və yerində qərar idi. Dərs başladığı andan etibarən sinifdə bütün məsuliyyəti üzərinə götürən şəxs müəllimdir. Bir çox müəllimin isə düşündüyü dərsin keyfiyyəti yox, kəmiyyətdir. Onlar sadəcə jurnala şagird sayı qeyd etməklə dərs saatını başa vururlar. Burda çox incə bir nüans var. Əgər həmin videolar şagirdlər tərəfindən yox, müəllimlər tərəfindən çəkilmiş olsaydı, necə?
O zaman deyərdik "əhsən". Müəllim bunu edir ki, mən şagirdlə bacara bilmirəm, buyurun, siz bacarın. Hörmətli Təhsil Nazirliyi, bu şagird dərs qaydasını bu formada pozur. Yəni, bu problemlərin öz həllini tapmamasının səbəbi əslində kameranın kimin əlində olmasıdır.
Bu problemlərin həll yolunun çox qısa zaman kəsiyində tapılacağını düşünmürəm.
"Təhlükəsiz məktəb, arxayın valideyn" şüarı altında başladılan "Məktəblinin dostu" layihəsi də görünür, valideynləri arxayın edə bilmir. İstənilən ali təhsilli şəxsin bu layihəyə qoşulması mümkündür. Uşaq psixologiyasını bilməsə belə...
Bir çox şagird məktəbində belə bir şəxsin olmasından belə bixəbərdir. Hətta onlar bütün günü tum çırtlayıb, oyun oynayır deyənlər də var. Layihənin nəyə görə uğursuz olmasının səbəbləri artıq aydındır. Bu da belə...
Problemin həllini axtaraq. Kimdir günahkar müəllim,şagird, yoxsa valideyn?
Diqqət yetirmisinizsə, şagirdlər bəzi müəllimlərin dərsində çox nizamlı hərəkət edirlər. Deməli, həll yolunun ən əsas şərti düzgün dərs strategiyasını tapmaqdadır.
Şagirdlərin bunu çəkib paylaşmaqda məqsədi çox zaman izlənilib, bəyəni toplamaqdır. Valideyn övladına sosial mediadan düzgün istifadəni öyrətsin, düzgün tərbiyə etsin deyirik. Təəssüf ki, valideynlər belə çox zaman bu qaydaları bilmir. Tərbiyə anlayışı isə nisbidir. Bütün valideynlər ideal ola bilməz. Ancaq ideala yaxın təhsil sistemi yaratmaq mümkündür.
Hər kəs fərqli şəraitdə dünyaya gəlir, böyüyür. Bizləri bərabərləşdirən yerlər təhsil ocaqlarıdır. Düşünürəm ki, düzgün təhsil strategiyası və müasir fənnlərin (bir çox ölkədə var) tədrisi ilə bu problemləri uzun zaman kəsiyində həll etmək mümkün olacaq"
Jurnalist Jalə Mütəllimova
"İki gündür, məktəbdə çəkilib yarımbaşlığı ilə çox eybəcər, qeyri-əxlaqi videoyazı tirajlanır. Bu çox tanış mənzərədir. O mənada tanış ki, qırx dörd günlük müharibədən əvvəl də ölkə təhsili ətrafında belə "çəmbər daraldılırdı".
Onda xətt, kurs, ideoloqlar belə bəlli idi. Səbəblər də ortaya çıxırdı mərhələ ilə. Hətta bu vəziyyətlə bağlı bütöv bir tədris ili, təhsildə islahat ili elan edildi. Milli ideoloji təbliğat işi başladıldı. Ancaq pandemiya və müharibə prosesə fasilə vermək zərurətini ortaya çıxardı.
İndi görünən o ki, köhnə ideoloqlar yenə iş başındadır. Yenə vəziyyəti öz xeyirlərinə dəyişmək istəyirlər.
Müəllim vətəndaş, insan formalaşdıran kadrdır. Onun adı ləkələnərsə, şəxsiyyəti qırılarsa özü də natamam olur. Və bu onun həmkarlarına da mənfi təsir edə biləcək amildir. Bu halda hörmətdən salınmış müəllimin yetişdirəcəyi uşaq kim olur sualının cavabı, yəqin ki, çox yaxşı aydındır hər kəsə.
Bu cavab həm də gələcəyə yönəlik ciddi problemlərdən xəbər verir. Daha da dəqiqləşdirsək, dövlətin gələcəyi üçün milli kadr bazasının vəziyyətini qənaətbəxş saymaq olmur bu gündən baxanda.
Bu gün milli təhsil strategiyasına dövlət dəstəyinin verilməsi ciddi şəkildə hər kəsi narahat etməli və maraqlandırmalıdır. Bu gün Azərbaycan təhsili, məktəbi və məktəblisi ətrafında bu qara piar ona görə məqsədli və hədəflidir deyirəm ki, təkcə insanlar, ictimai hurrey nəzarəti yox, həm də yaxşı müəllimlər, pedaqoqlar, ailələri bilərəkdən ölkədə bezdirilir. Və vəziyyət bütün sahələrdə eynidir. Məsələn, bu halı məmləkətin milli mediası da yaşamaqdadır. Mediadan sonra, o güclərin təhsil sisteminə də sızmasına izn vermək olmaz. Yeganə yol, milli təhsil strategiyası maşınını işə salınmasıdır.
Onda hər kəs aydın görəcək ki, məktəbin, müəllimin, şagirdin, müvafiq nazirliklərin, qurumların da işi rahatlıqla öz relsinə oturacaq. Bu iş kompleks yanaşma, ciddi dövlət dəstəyi tələb edir və dövlətin islahat işinin əsasını təşkil etməlidir.
Çünki hamını müəllim yetişdirir. Və təhsili olmazsa, hamı heç kimdir"
Mehriban Xəlilli