Nəzir qutuları xəstəliyi... sağalacaqmı?

Hazırda ölkəmizdə həyatın bütün sahələrində dərin, rasional və praqmatik islahatlar uğurla həyata keçirilir. Bu islahatlardan biri və ən vacibi dini sahədə müşahidə olunur. Məlumat üçün qeyd edək ki, Azərbaycan müsəlman dövlətlərin daha da yaxınlaşması, İslam dəyərlərinin yaşadılması ilə bağlı çoxsaylı təşəbbüslərlə çıxış edib. Bu təşəbbüslər dinlər, mədəniyyətlər, sivilizasiyalararası tarixən qırılmış əlaqələri bərpa edib, digər tərəfdən, humanitar aspektdə dialoq, humanizm və tolerantlıq, multikulturalizm fəlsəfəsi kimi insan zəkasının arzusu olan böyük idealları siyasətin fəlsəfəsinə gətirib. Hazırda da dünyada hər kəsin ehtiyac duyduğu dəyərlərin reabilitoloqu və naviqatoru kimi misilsiz missiyanı həyata keçirir. Şübhəsiz, bütün bunlar ölkə rəhbərinin bütün sahələrə - elmə, mədəniyyətə, iqtisadiyyata, təhsilə, humanitar sahəyə, milli-mənəvi dəyərlərə, bir sözlə, həyatın bütün sahələrinə diqqət və qayğısı nəticəsində reallaşır. Hazırda iqtisadiyyat, humanitar və ictimai sahələrdə həssas sahə hesab edilən dövlət-din münasibətlərində, etiqad azadlığında multikulturalizm və tolerantlıq siyasətini uğurla həyata keçirməklə Azərbaycan Respublikası sözügedən istiqamətdə yeni nümunə kimi dünyada xatırlanmaqdadır.

Azərbaycanda dini sahədə islahatların nəticəsi olaraq ölkənin ali qanunverici orqanı "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasında qanunda ciddi dəyişikliklər edib. Söz yox ki, qanunda dəyişiklərin edilməsində əsas məqsəd dini fəaliyyət sahəsində qanunvericilik bazasının təkmilləşdiriməsi və sistemləşdirilməsi məqsədi daşıyır, ancaq yeniliklərlə bağlı bir sıra fikir ayrılıqları ortaya çıxıb. Bir sıra ekspertlər baş verən dəyişiklikləri Qafqaz Müsəlmanları İdarəsinin səalhiyyətlərinin əlindən alınması kimi xarakterizə etsələr də, sözügedən qurumun rəhbəri Allahşükür Paşazadə yenilikləri dini sahədə islahatların nəticəsi kimi dəyərləndirdi. Bəs, "Dini etiqad azadlığı haqqında" qanunda hansı dəyişikliklər edilib və bu yeniliklər özündə nəyi ehtiva edir? Məlumat üçün qeyd edək ki, sözügedən qanunda edilən dəyişikliyə görə, dini qurumun hüquqi ünvanı dəyişdikdə, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana 10 gün müddətində məlumat verilməlidir. Sənəddə yeni redaksiyada verilmiş mətndə deyilir ki, dini qurumlar dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təsis protokolu, nizamnaməsi, habelə "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər sənədlər əlavə olunmuş ərizə ilə müraciət edir. Dini icmaların təqdim etdiyi ərizəyə onu təsis etmiş azı əlli nəfər yetkinlik yaşına çatmış şəxs və ya onların səlahiyyətli nümayəndələri, habelə vətəndaşlığı, yaşayış yeri və doğum tarixi göstərilməklə dini icmanı təsis edən şəxslərin siyahısı, şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti, dini təlimin əsasları, o cümlədən dini icmanın yaranması tarixi, onun fəaliyyətinin forma və metodları, ənənələri, ailəyə, nikaha və təhsilə münasibət, həmin icmanın üzvlərinin hüquq və vəzifələrinə qoyulan məhdudiyyətlər barədə məlumatlar əlavə edilir.

Qeyd edək ki, Azərbaycanda dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edə biləcəklər. Millət vəkili, Milli Məclisin İctimai Birliklər və qini qurumlar komitələrinin üzvü Ceyhun Məmmədov qeyd edib ki, elə ziyarətgahlar var ki ora edilən ianələrin məbləği on minlərlə manatla ölçülür. Belə halda ianələrin elektron qaydada ödənilməsi ilə bağlı yaradılan şərait məscidlərdə və ziyarətgahlarda şəffaflığı artıracaq, vətəndaşların ianələrlə bağlı narahatlığını aradan qaldıracaq: "Qanuna əsas dəyişikliklərin biri qeydiyyatla bağlıdır. Əvvəlki dövrlərdə sənədlər dini mərkəzlərə təqdim edilir, sonra isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) təqdim olunurdu. Dəyişikliklərə əsasən sənədlər birbaşa müvafiq icra hakimiyyətinə təqdim ediləcək. Əvvəlki dövrlərdə sənədlərin dini mərkəzə sonra DQDK-a təqdim olunması bir sıra hallarda prosesin obyektiv və subyektiv səbəblərdən uzanmasına gətirib çıxarırdı. Dəyişiklik qeydiyyat prosesinin sürətlənməsinə şərait yaradacaq. Digər mühüm bir dəyişiklik ianələrlə bağlıdır. Dəyişikliklər ianələrin həm nəğd həm də elektron qaydada qəbulunu nəzərdə tutur. Hesab edirəm bu dəyişiklik də bu sahədə hesabatlılığın və şəffaflığın təmin olunmasına öz ciddi töhfəsini verəcək. Cəmiyyətdə zaman-zaman nəzir qutularına verilən ianələrin taleyi ilə bağlı zaman-zaman müxtəlif müzakirələr gedirdi. Hazırda Yaşat Fondunun nümunəsi var. Hesab edirəm belə bir sistem quraraq vəsaitin şəffaflığını tam təmin edə bilərik".

C. Məmmədov deyib ki, hazırda müsəlman ölkələri qarşısında duran vəzifələrdən biri dini təhlükəsizliyin təmin edilməsidir: "Azərbaycanda dini konvessiyalar tolerantlıq şəraitində yaşayır. Qanuna dəyişikliklərdən biri din xadimlərinin təyinatı ilə bağlıdır. Bu gün dünya ölkələrinin əksəriyyətində din xadimləri dövlət tərəfindən təyin olunur, qanuna dəyişiklikdə də bu məqam əksini tapıb. Din xadimləri mütləq ciddi süzgəcdən keçirilməlidir. Nəhayət, Azərbaycan cəmmiyyətində uzun müddət ianələrlə bağlı müzakirələr gedir. Bu qanuna dəyişikliyin qəbulu bu sahədə də şəffaflığı təmin edəcək". Deputat qeyd edib ki, dinlə bağlı konsepsiyanın qəbuluna ehtiyac var: "Bakı İslam Universitetinin 3500 tələbəsi ilə bağlı problem də həllini tapmalıdır".

Millət vəkili, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov qeyd edib ki, "Dini etiqad azadlığı haqqında" qanunda dəyişiklik edilməsinə konstitusion hüquqlar kontekstində yanaşılması çox aktual və vacibdir. Millət vəkili xatırladıb ki, ölkə Konstitusiyasının 18-ci maddəsində din və dövlət münasibətləri öz əksni tapıb: "Normaya əsasən, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Həmçinin əsas qanun bütün dini etiqadların qanun qarşısında bərabər olmasını da özündə ehtiva edir. Ümumiyyətlə, dinlər və dövlətlər, sadəcə, mücərrəd ideyaları deyil, eyni zamanda, cəmiyyətin ictimai reallığını tənzimləməyə xidmət göstərən fəaliyyətlər həyata keçirir. Dini qurumlar cəmiyyətdə ənənəvi dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi vəzifələrini yerinə yetirir". Komitə sədri əlavə edib ki, dövlət və dini icmaların qarşılıqlı münasibətlərinə toxunarkən Konstitusiya bu müddəaları konkretləşdirməklə yanaşı, bəzi halları müəyyən edir. "Hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdirir. Dini təhsil, din xadimlərin intellektual səviyyəsinin artırılması və.s məsələlər din-dövlət münasibətlərinin tənzimlədiyi normalar sisteminə daxil olur və bu sahədə qanunvericiliyin təkmilləşdirlməsi aktuallıq kəsb edir". S.Qurbanov bildirib ki, sözügedən qanun layihəsi islam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimlərinin təyin olunması, onların atesstasiya edilməsi, habelə dini qurumların, o cümlədən dini icmaların yaradılması və dövlət qeydiyyatı ilə bağlı müddəaların təkmilləşdirilməsi məqsədi daşıyır: "Bildiyimiz kimi, Azərbaycanda hazırkı dövrdə iki universitet ali dini təhsil verir - bunlar Bakı İslam Universiteti və Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin bazasında yaradılmış Azərbaycan İlahiyyat İnstitutudur. Amma bəzi hallarda biz heç bir təhsili olmayan şəxslərin din xadimi adı altında radikal dini meyllərin təbliğatı ilə məşğul olmasının şahidi oluruq. Bu sahədə dövlət siyasətinin konstitusion normalara əsaslanmasının təmin olunması nöqteyi nəzərdən "Dini etiqad azadlığı haqqında" qanunun təkmilləşməsi çox zəruridir". Komitə sədrinin sözlərinə görə, yeni qanun layihəsi ianələrin toplanmasının müxtəlif formalarını müəyyən edir, həmçinin bu sahədə şəffaflığın təmin olunması baxımından zəruri dəyişiklikləri özündə ehtiva edir. "Hesab edirəm ki, "Dini etiqad azadlığı haqqında" qanuna yeni dəyişikliklərin edilməsi din-dövlət münsibətlərində qarşılıqlı etimadın daha da yüksəldilməsi, dini etiqad azadlığının təmin olunmasına gözəl töhfə olacaq".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31