ÖLMƏMİŞƏM, AĞLAMAYIN!

Əminə YUSİFQIZI,
Respublikanın əməkdar jurnalisti

...Üç qız övladından sonra Hüseynovlar ailəsi dün­yaya gələcək körpənin sevinci və həyəcanı içərisində idi. Soyuq fevral ayının kəndə xas günlərindən biri. Ailəlikcə tele­vizor qarşısında əyləşmiş­dilər. Həmin günü evin ortan­cıl qızı Pərvanə göz yaşları içərisində belə anladır: "Tele­vi­zorda Xocalı faciəsindən məlum kadrlar göstərilirdi. Olayın dəhşətini valideyn­lərimizin danışığından, həyəcanından anlayırdıq. Bu zaman bətnindəki uşağın cinsindən bixəbər anam, "inşallah, mənim oğlum Xocalı qisasını alacaq ermənilərdən", dedi. Ailədə üç bacı idilər: Elnarə, Pərvanə, Gülnarə.
Bir gün böyük bacısı Elnarə anası Emalə xanıma yuxusunu danışır; "Mənə yuxuda söylədilər ki, qardaşın olacaq, ona İbrahim adını verin".
          1992-ci ilin may ayının 30-da doğulan uşağa ana yaxın bir rəfiqəsinin istəyi ilə Sənan adını qoyur. Amma evin ilki Elnarə yenə də yuxu görür və anasına danışır: "Mənə dedilər ki, o, uşaq çox yaşamayacaq, ona niyə İbrahim yox, başqa ad qoyulub..."


Emalə xanım qızının yuxusuna anlam verir və bərk narahat olur. 5 yaşındaykən uşağın doğum şəha­dətnaməsi itir. Ana bunu ilahi işarət kimi qəbul edib oğlunun adını dəyişdirərək yeni doğum sənədi alır. Bununla da sanki sonbeşiyini onu gözləyən təhlükə­dən yayındırıbmış kimi rahatlıq tapır. H.Heyneşin bu fikrini xatırladım: "Ömür yolumun marşrutu beşi­yimdə cızılmışdır". 
İbrahimin uşaq­lığı daha çox bacıları ilə bağlı olub. Ana işlə­diyin­dən çox sevimli körpə İbrahimin qayğısını onunla birgə böyüyə-böyüyə bacıları çəkib.
Hüseynli İbrahim İsa oğlu olduqca sakit, inti­zamlı, amma elə o qədər də öyrənməyə, çalışmaya həvəsli uşaq olub. Yaxşı təşkilatçılıq qabi­liyyətinə, nü­mu­nəviliyinə görə onu sinif nümayən­dəsi seçiblər. Təhsil aldığı Qoyunbinəsi kənd tam orta mək­təbini bitirdikdən sonra ali məktəblərə qəbul imtahanlarında iştirak edib. Amma imtahanın nəticəsi yalnız  ödənişli əsaslarla təhsilə imkan verirdi. O isə ailəsinin maddi durumunu bildiyindən ixtisas seçiminə qatılmır. 
Qoyunbinəsi kənd tam orta məktəbin direktoru Sadəddin Rəhimovun (indi təqaüddədir) mənimlə söh­bətindən başa düş­düm ki, indi bütöv Azərbaycanın oğlu olan İbrahim Hüseynli təhsil aldığı illərdə həm də məktəbin oğlu olub. Sadəddin müəllim onun valideynlərinin əsl ziyalı, vətənpərvər olduqlarından danışdı. Hər ikisi bir-birləri ilə Xalq Təsərrüfatı İnstitutunda təhsil aldıqları illərdə tanış olublar. Və xoşbəxt ailə qurublar. Heç biri öz peşəsi ilə məşğul olmayıb. Emalə xanım savadı, baca­rığı ilə Qoyunbinəsi kənd tam orta məktəbində kitab­xanaçı olub. Hər bir şagirdə öz dəyərli məsləhətləri ilə yardımçıya çevrilib. İsa kişi isə mahir avtomobil ustası kimi tanınıb, kənd arasında isə təmkini, kişiyə xas ağırlığı ilə seçilib. Şəhid atası kimi də çox qürurludur, amma bu adın imtiyazlarından istifadə etməyə can atmır.    
Hərbi xidmətini başa vurduqdan sonra İbra­himin hərbçi peşəsinə məhəbbəti onu tərk etmir. Odur ki, hərbi hissəyə qayıtmaq, orda çalışmaq istəyini valideynlərinə bil­dirir: "Niyə narahat olursunuz. Təkcə si­zin yox, bütün ölkə­nin keşiyində dayanacağam, bu, pis arzudur?, deyir.  
Və 2014-cü ildə sənədlərini təq­dim edib tubbi kurs keçir, sonra da "N" saylı hərbi hissədə kiçik çavuş-sanitar kimi xidmətə başlayır.
Pərvanə danışır ki, qardaşım yaşa dolduqca anamın ondan nigarançılğı da artırdı. Elnarənin İbra­himlə bağlı yuxularının qorxusu zaman keçdikcə Ema­­lə xanımı daha çox qayğılandırırmış. 2016-cı ilin Aprel döyüşlərində iştirak edən İbrahim üçün sarsıntı keçirən ana çox keçmir ki, ağır xəstəliyə tutulur. Xər­çəng bəlası üç il əvvəl arzusu oğlunun Xocalı qisasını almaq olan ana dünyasını dəyişir.
Emalə xanımın ölümü İbrahimi dərindən kə­dər­ləndirsə də, özünü itirmir, atası İsaya, bacılarına təsəlli verir, həmişə yanlarında olacağını söyləyirdi.
Doğmaları həqiqətən də Emalə xanımın itkisinin ağrı-acısını məhz İbrahimin varlığı ilə ovuda bilirlər: "Ona sevgimiz qədər də inamımız vardı, qəhərdən boğula-boğula deyir Elnarə - Onu tanıyan hər kəs təsdiq edər ki, qardaşım yoldaşlıqda da, sevgidə də təkrarsız idi. 2019-cu ildə ailə həyatı qurub yollarını birləşdirdiyi Sürfanə ilə 8 il sevgili olmuşdu, onu gözləmişdi. Gəli­nimiz işləməsə də, ixtisasca müəllimdir. Onlar qarda­şı­mın işi ilə bağlı Bakıda yaşayırdılar. Həm qardaşım, həm də Sürfanə eyni gündə anadan olublar -may ayının 30-da. İbrahimin ölümündən sarsılan gəlnimiz heç vaxt ad günü qeyd etməyəcəm, deyir".
İkinci Qarabağ müharibəsi başladığı ilk gündən döyüşlərdə iştirak edən  İbrahim Hüseynli bir aya yaxın böyük qələbəyə inamla döyüşən oğullarımızdan olub. Aprel döyüşlərinin də iştirakçısı olan İbrahim heç nədən çəkinməyib. Qoçaqlığından, igidliyindən bu gün də hər yerdə danışılır. Oktyabrın 19-da Füzuli rayonunun İşıqlı kəndi uğrunda gedən döyüşlərdə aldığı güllə yarasından şəhid olub.


-Gözümün yaşı qurumur, deyir Pərvanə, sonra da əlavə edir: -Nə vaxtsa quruyacağına da inanmıram. Mən qardaşını itirmiş bacı yox, övladını itirmiş ana kimiyəm. Qucağımda böyümüşdü, yaşa dolduqca da münasibətimiz hədsiz isti olub. Atam onun yoxluğunu qəbul edə bilmir, onu da az qala itirmişdik. Yenə də bir təsəllimiz var ki, İbrahimin cəmi bir il sürən evliliyindən, ölümündən sonra, dekabr ayının 30-da oğlu dünyaya gəldi. Atasının istəyinə görə adını Alituran qoymuşuq".
Ailə ilə bir yerdəyəm, hamı evdədir. Üç aylıq Alituran da yanımızdadır, xoşbəxt körpəliyini yaşayır. İnşallah xoşbəxt də böyüyəcək, niyə də böyüməsin. Atası onu bu dövlətə, bu millətə ən qiymətli əmanət qoyub, azad vətən qoyub gedib. O da böyüyüncə İbrahim İsa oğlunun övladı olduğu üçün fəxr edəcək. 
Şəhid İbrahim Hüseynli ermənilər üzərində qələbəmizi arzulayan, uğrunda ləyaqətlə döyüşən, amma onu görməyən igidlərimizdəndir. Məqamı çox uca, adı unudulmaz, ruhu dinc, məkanı da yolunda şirin canından keçdiyi Vətən torpağıdır. Anasının qisas arzusu yolunda ölməzliyə qovuşan İbrahim Yevlaxda Şəhidlər xiyabanında uyuyur.
Ondan geriyə qalanlarsa oğlu Alituran, şirin xatirələr, verdiyi qürur və layiq görüldüyü təltifdir. Söhbətimizin sonunda bacılar, sağ olun ki,qardaşım haqqında yazırsınız, onun da adı tarixə düşər, dedilər.
Yox, şəhid bacısı, tarix yazan, tarixə öz adını həkk edən şəhidimiz Hüseynli İbrahim İsa oğludur. Mən isə onu tək yevlaxlılara yox, bütöv Azərbaycana tanıtmaq üçün bu qəribə taleli oğlanın həyatını, keç­diyi döyüş yolunu qələmə alıram və bu, mənim boy­numun borcudur. İbrahim kimi oğullar sayəsində 44 günlük müharibədə Azərbaycan tarixinə şanlı qəhrə­manlıq səhifəsi yazıldı, həm də qızıl hərflərlə.
Və yuxarıda qeyd etdiklərimdən artıq bir ildən çox vaxt keçib. Yenə ailədəyəm. Əslində çox xoşbəxt bir ailə olublar. Müharibə qurtarsa da bu ailəyə  "sığal" çəkməyə macal tapıb. Şəhidin atası, bacıları indi təkcə İbrahim üçün yox, onun ciyərparası Alituran üçün də darıxırlar. Çünki əslən Bakıdan olan gəlin hazırda Nizami rayonunun 10 nömrəli məktəbində işləyir. Sumqayıtda yaşayırlar. Gəlin Sürfanə mənimlə söhbətində bildirdi ki, qayn­atamı bizimlə yaşamaq üçün yanımıza dəvət etdim. Gəlmədi, dedi ki, ata-baba yurdumdan ayrıla bilmə­rəm. Ancaq nə vaxt istəsələr gözüm üstə yerləri var. Alituran onların da balasıdır.  Və niyəsə Elçin Mirzəbəyli yadıma düşdü
Pozma, bu gecənin sənsizliyini
Bura son mənzilim, dayanacağım,
İçimə çəkmişəm səssizliyimi
Bu sükut sonuncu dayanacağım
Mən də danışmıram, bu sükutu pozmuram, şəhidim.  
 
Hüseynli İbrahim İsa oğlu ölümündən sonra Azərbaycan Respublikasının Pre­zi­denti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" və "Xo­ca­vəndin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. İbrahimin uğrunda canından keçdiyi Qarabağ Azərbaycandır!
 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31