Azərbaycanda dərmanların qiyməti ucuzlaşa bilər

Azərbaycanda  səhiyyə dövlət tərəfindən ciddi nəzarətdə olan sahələrdən biridir. Tibb xidmətləri bazarının təkmilləşdirilməsi üçün dövlət tərəfindən əlavə tədbirlər də görülməlidir. Bu tədbirlər sırasında ən mühüm addımlardan biri dərman istehsalı üzrə müəssisələrin yaradılmasının stimullaşdırılması ola bilər. "Olaylar" xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin İctimai fənlər kafedrasının baş müəllimi, Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Nigar Ələkbərova bildirib. Onun fikrincə, ölkəmizdə dərman hazırlayan müəssisələrin yaradılması üçün hər cür şərait var: "Əlbəttə, əczaçılıq müəssisələrinin yaradılması dərmanların qiymətinin xeyli azalmasına səbəb ola bilər. Amma ən əsası odur ki,  Azərbaycanda belə müəssisələrin uğurla yaradılması və fəaliyyəti üçün ölkəmizdə hər cür zəmin var. Əvvəla, Azərbaycan dərman preparatlarının istehsalı üçün bitkilər, mineral və təbii resurslarımız var. 2008-ci ildə biyan kökündən hazırlanan məhsulları buraxan zavodun tikintisi bu baxımdan müsbət nümunə kimi göstərilə bilər. Digər tərəfdən, Azərbaycanda müasir əczaçılıq sənayesinin əsas tərkib hissəsi olan kimyanın müxtəlif sahələri üzrə təhsil və elmi-tədqiqat institutları şəbəkəsi mövcuddur. Kimya sənayesinin milli iqtisadiyyatın tərkib hissəsi olduğunu nəzərə alsaq, bu, mühüm faktorlardan biri kimi qiymətləndirmək olar. onu da qeyd edim ki, hələ Sovet hakimiyyəti illərindən Azərbaycanda biologiya sahəsində yüksək ixtisaslı kadrların yetişdirilməsi sahəsində güclü ənənələrimiz mövcuddur. Bu sahədə elmi-tədqiqat mərkəzləri hələ də fəaliyyət göstərməkdədir". Onun sözlərinə görə, əczaçılıq sənayesində alıcıların həddən artıq çox olduğunu nəzərə alsaq, bu işdə dövlətin iştirakı vacibdir: "Əgər biz ölkəmizə məşhur brendləri cəlb etmək istəyiriksə, yenə də burada dövlətin köməyi lazım gələcək. Hətta belə bir müəssisə hansısa şirkətin ortaq payı ilə yaradılsa, dövlət yenə də bu layihədən ikiqat iqtisadi xeyir əldə etmiş olacaq. Çünki dərman istehsal zavodu yüksək gəlir gətirməyə başladıqda, dövlət öz paylarını özəlləşdirməyə çıxara bilər. İkinci tərəfdən, bu müəssisə dövlət büdcəsinə də vergi ödəyəcək. Belə bir layihənin sosial faydasından danışdıqda  isə əhalinin məşğulluğuna veriləcək töhfəni qeyd etmək olar".

Azərbaycanda səhiyyə xidmətlərinin səviyyəsinin yüksəldilməsinin stimullaşdırılması üçün hansı metodların tətbiqi tələb olunur sualını cavablandıran N.Ələkbərova qeyd edib ki, bu məsələdə dövlətin çoxşaxəli fəaliyyəti tələb olunur. İlk növbədə həm daxili, həm də xarici özəl investisiyaları cəlb etməyə çalışmaq  lazımdır. Dövlət tərəfindən belə addımların atılması zəruridir, çünki bu sahəyə investisiya axınını təmin etmək üçün cəlbedici sərmayə mühiti yaratmağa ehtiyac var: "İş orasındadır ki, səhiyyə -  dinamik inkişaf edən bir sahə olduğuna görə, tez-tez yeni avadanlıqlar, dərmanlar, diaqnostika və müalicə texnologiyaları ortaya çıxır. Bu sahədəki hər bir mütəxəssis daim yenilikləri izləməli, özünüinkişaf etdirməlidir. Bu məqsədlə dövlət müəyyən təlim və təcrübə proqramlarının keçirilməsini stimullaşdırmalıdır. Bunlarla yanaşı, tibbi texnikadan effektiv istifadənin stimullaşdırılmasının əhəmiyyətini də qeyd etmək lazımdır. Məlum olduğu kimi, Azərbaycanda həm dövlət, həm də özəl klinikalar çoxsaylı bahalı və müasir tibbi avadanlıq alıblar. Lakin əksər hallarda işçilərin əksəriyyəti bu tip innovativ texnikaların bir çox üstünlüklərindən xəbərsizdir. Dövlət həm də fərdi tibbi praktikanın inkişafında maraqlı olmalıdır. Çünki fərdi xidmət göstərən həkimlər rəqabəti artırır. Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafında turizmi prioritet istiqamətlərdən biri kimi seçib. Bu, 2016-cı ildə dövlət başçısı tərəfindən təsdiqlənmiş Strateji Yol Xəritəsində də öz əksini tapıb. Hazırda ölkəmizdə Naftalan müalicəvi sanatoriyası, Naxçıvanda duz mağarası, Şabranda müalicəvi suyun əsasındakı sanatoriyalar uğurla fəaliyyət göstərir. Hesab edirəm ki, Strateji Yol Xəritəsindəki müvafiq kursa əsasən, müalicəvi turizmin inkişafı perspektiv istiqamətlərdəndir.  Amma bu proseslərdə də ən azından ilkin mərhələdə  dövlətin iştirakı mütləqdir. Bunu üçün həm tibb, həm də turizm mütəxəssislərinin, həmçinin icra orqanları və yerli özünüidarə qurumlarının iştirakı ilə hədəf proqramları hazırlanmalıdır. Müalicəvi turizmin inkişafı həm də Azərbaycan hökumətinin yürütdüyü sosial-iqtisadi siyasətin əsas istiqaməti olan regionların inkişafına da ciddi töhfə verə bilər. Yuxarıda qeyd olunanları ümumiləşdirərək əminliklə deyə bilərik ki, Azərbaycanda tibbi xidmətlər bazarında dövlət tərəfindən əlverişli biznes mühitinin yaradılması bu bazarda güclü rəqabət yaradacaq. Bu da adıçəkilən bazar seqmentində biznes strukturlarının effektiv fəaliyyətinə yol açacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31