BU GƏLİN O GƏLİNDİRSƏ, XINALI TELLƏRİ HANI?
25 Noyabr 2021 10:16 SosialQoca qartal, çox özünü öymə, o zirvələri mənim qəhrəman şəhidlərim fəth edib! Hər ovuc torpağı qanı ilə yoğuran şəhidlərim azad etdi indi yaşıllığa bürünən, güllü-çiçəkli, nazlı-nemətli torpaqlarımızı! İndi bu torpaqlara vurğunluqla baxırsanmı, qoca qartal?! Quşları cəh-cəh vuran meşələri, gülü bülbülə naz eyləyən yaylaqları, dağlardan şırıltı ilə axıb gələn ağ köpüklü çayları, daşlardan damcı-damcı süzülən şəffaf sulu bulaqları qürurla seyr edirsənmi, qoca qartal?! Vüsal kimi oğullar bəxş elədi bu xoşbəxtliyi bizə... Unutma bunu, qoca qartal, unutma.
İsayev Vüsal
Firdovsi oğlu 1983-cü il aprel ayının 5-də Yevlax rayonunun Xaldan qəsəbəsində anadan olub. Ailədə 2 uşaq olublar. Vüsal və Günay adlı bacısı.
Atası Firdovsi 2014-cü ildə rəhmətə gedib. Anası Qəmərnisə evdar qadındır. Şəhidim Vüsal Yuxarı Salamabad kənd tam orta məktəbini bitirdikdən sonra 2001-ci ildə hərbi xidmətə yola düşüb. Xidmətini başa vurduqdan sonra müxtəlif yerlərdə çalışıb.
Hərbçi peşəsinə böyük marağı varmış. Elə bu maraq onu 2014-cü ildə Goranboy rayonunda müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi işləməyə gətirib. Sonradan Yevlax rayon ərazisində yerləşən "N" saylı hərbi hissədə işləyib. Daha sonra cəbhə bölgəsində fəaliyyətinə davam edib. Peşəsinə çox məsuliyyətlə yanaşırdı. Sonuncu dəfə 2020-ci il sentyabrın 20-də evdə olub. Sonra işi çox olduğundan evə gələ bilmirmiş. Zəng edəndə deyirmiş ki, narahat olmayın, hər şey yaxşı olacaq.
Sentyabrın 27-də Vətənin başı üzərində qara buludlar dolaşanda, Vüsal bu günün o gün olduğunu bilib döyüşə qatılır. Şəhidin həyat yoldaşı Məryəm dedikcə ki, özünü qoru, Vüsal deyirmiş: "Yaxşı, mən özümü qoruyum, digər döyüş yoldaşlarım özünü qorusun, bəs, onda Vətəni kim qorusun? Biz indi nəyin bahasına olursa-olsun torpaqlarımızı azad etməliyik ki, övladlarımız gələcəkdə firavan yaşasınlar. Bu Vətənin belə igid oğulları varsa, niyə bu problemi gələcək nəsillər həll etməlidir? Biz öz doğma torpaqlarımıza haqq edirik, niyə bizim laləzar Qarabağımızda kökü bilinməyənlər yuva salmalıdır?"
Vüsal 8 il idi ki, ailə qurmuşdu. Özünün sevib-seçdiyi Məryəmlə. Qohum olublar, sonra ürəkləri sevgi ilə dolub, həyatda birgə addımlamağı qərara alıblar. Necə xoşbəxt, bəxtəvər olublar. Məryəm şəhər 9 saylı tam orta məktəbi bitirib, indi evdar qadındır. 2 övladları var. Üzündən ismət, abır-həya yağır.
Qızı İsazadə Leylanın səkkiz yaşı var. Autizm xəstəliyindən əziyyət çəkir. Bu ailə ilə daha yaxından tanış olmaq üçün onların yaşadığı ünvana getdim. Məni görən kimi yanıma gəldi Günay. Mənə sığındı, elə mehribanlıq göstərirdi ki, sanki demək istəyirdi: "Mən də bütün uşaqlar kimi xoşbəxt olmaq istəyirəm".
Atasının şəhidliyini hələ heç anlamayan beş yaşlı oğlu İsazadə Firdovsi isə ata yoxluğunu başa düşür, psixoloji problemlər yaşayır. Məryəmin nənəsi Adilə xanımın 84 yaşı var. Bu, üzü nurlu xanımı əvvəldən tanıyırdım, rəhmətlik anamla gözəl münasibətləri vardı. Saçları ağappaq ağarmış Adilə xanım sevimli həyat yoldaşından ayrı düşən nəvəsi Məryəm, uşaqlığı əlindən alınmış Günay, ata həsrətindən üzünün təbəssümü silinmiş Firdovsinin dərdləri ilə yüklüdür. Ancaq Vüsalın igidliyi, qəhrəmanlığı ilə qürur duyub ayaqda durmağa çalışan bu ailədə Adilə xanımı görməyim məni toxtatdı. Həmişə şirin-şirin danışan Adilə xanım bu qədər dərdin qabağında qürurunu saxlaya bilmişdi, ümidi avazımamışdı. - Sağ olsun Prezidentimiz, hamının harayına çatır, hamıya əl uzadır. Ona görə də çox rahatam, - deyirdi.
Şəhidin yoldaşı ilə Vüsal haqda danışırıq: Deyir, o, ailəcanlı, qayğıkeş, diqqətçil biri olub. Çox vətənpərvət idi. Fəxr edirdi hərbçi olmağı ilə. Vətəni canından çox sevirdi.
Oktyabrın 5-də Tərtərin Talış kəndində gedən döyüşlər zamanı yaralansa da özü kimi yaralıları döyüş meydanında köməksiz qoymağa vicdanı yol verməyib. Elə yaralı-yaralı yoldaşını xilas etmək üçün irəli atılan zaman minamyot mərmisinin düşməsi nəticəsində şəhid olub Vüsal. O gecəni Məryəm diri gözlü açmışdı. Vüsalın verdiyi sözü tutduğunu bildiyi üçün güvənirdi ona. Deyir, gözləyirdim Vüsalı, bilirdim ki, müharibəni qələbə ilə udacağıq, Vüsal gələcək, qızımızı müalicə etdirəcəyik. O, bilirdi ki, mən təkcə bacarmaram. Gəlmədi, məni bu dərdlərimlə baş-başa buraxdı.
Oktyabr ayının 6-da Şəhidlər xiyabanında dəfn olunub. Yevlax şəhidləri Vüsalı qucaqlayıb, bağrına basıb.
Vüsal kiçik çavuş olub, amma igidliyi ilə böyük qələbələr qazanıb. Sanitar həkim olduğu taborda neçə yaralını xilas edib, öz ömrünü onların ömrünə bağlayıb Vüsal.

Körpə balaları indi onun lal şəkillərini sığallayır, medallarını göz bəbəyi kimi qoruyurlar, gələcəkdə atanın şəhid qüruru onların başlarının tacı olacaq.
Məryəm dövlətimizin onlara biganə qalmamasından, hər an onlara göstərilən qayğıdan danışdı.
Qızı Leylanın xəstəliyi ilə bağlı Gəncə şəhərində "Yaşat" fondunun vəsaiti ilə "Narınc" psixoloji mərkəzində müalicə alır. Beş yaşlı Firdovsinin atasının ölümü ilə bağlı psixoloji travmasının müalicəsi də "Narınc" mərkəzində davam etdirilir.
Fond bu ailəyə yardım göstərməyi öz öhdəsinə götürüb.
Vüsalın sağlığında kirayədə yaşayan ailə indi Məryəmin ata evində yaşayır. Vüsal ev tikdirəcəyinə söz vermişdi. Amma sözünü tuta bilmədi, şəhid oldu. Heç şübhəsiz tezliklə onların dövlət tərəfindən verilmiş evləri, hər cür rahatlıqları olacaq.
Bu günlərdə yenə onlara getmişdim. Ata evində görüşdük, həyat yoldaşının ruhunu yaşatmaq, övladlarını böyütmək xatirinə həyata dirənişlidir bu mərd qadın. Qəmli gözləri qarşıladı məni. İstər-istəməz fikirləşdim ki, bu gəlin o gəlindirsə, xınalı telləri hanı? Çətinlik çəkmirsiniz ki, sualıma, dağ boyda igidimin olmamasıdır çətinliyim, qalan hər şey yerini alacaq. İnşallah övladım da sağalacaq, ev də verəcəklər. Onsuz da sağ olsunlar, aidiyyatı qurumları qapımızı döyməyən qalmayıb.
Leyla da, Firdovsi də əməlli-başlı boy atıblar. Leylanın Gəncədə xəstəliyinin müalicəsini davam etdirirlər. Firdovsi 9 saylı tam orta məktəbdə beş yaşlılar üçün hazırlıq kursuna gedir. Məktəbdə onu o qədər gözəl qarşılayıblar ki... Hətta sinif otağına Vüsal İsayevin adını veriblər. Oğlum bir qürrələnirdi ki. Amma arada mənə acığı da tutur. O günü Şəhidlər xiyabanında ixtiyarsız göz yaşlarım axanda, əlimdən tutub sual verdi: "Ana, sən bilirdin ki, müharibədə ölürlər. Bəs, niyə atamı qoydun getməyə? Bu sözü də tez-tez təkrar etməyi xoşlayır, atam qəhrəmandır, Şəhidlər xiyabanındadır".
Məryəmin anası Elmira xanım söhbətimizə qarışır: "Vüsal tez-tez zarafatla deyirdi ki, məni o qədər axtaracaqsınız ki... Zarafatı həqiqət oldu. Yaman axtarırıq onu. Ancaq təki Vətən sağ olsun".
"Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik, yaxın tarix bunu dəfələrlə göstərib. Həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında, nəyi ediriksə, dəqiqliklə edirik".
Ali Baş Komandan bu fikirlərində nə qədər haqlı idi. Ona görə də İsayevlər ailəsi ilə birlikdə haqq etdiyimiz möhtəşəm Zəfər günlərini yaşayırıq.
Öz şəhid izini torpağa salan İsayev Vüsal Firdovsi oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" və "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. Vüsalın uğrunda canından keçdiyi Qarabağ Azərbaycandır!
Əminə YUSİFQIZI,
Respublikanın əməkdar jurnalisti