"Xalqın sonsuz rəğbəti" medalını da qəbul edərsənmi,  Nicat?

Onlar şir ürəyi yeməyib. Şirin özüdürlər. Bu cəsarət nədirsə, başqa cəsarətdir. Hamı Vətən uğrunda ölümü gözə alan bu adamlar qədər igid hesab edir özünü. Reallıq elə deyil. Ölümlə üz- üzə dayananda aydın olur hər şey. Bütün sevdiklərini geridə qoyacaq qədər cəsarətlisənmi? 
Görünür, Nicat Qasımzadə

özünə bu sualı verməyib. Sonunu düşünən qəhraman olmaz düşüncəsi ilə şəhadət zirvəsinə qovuşub. İslam dünyasında namaz qılarkən canını tapşıran insanları müqəddəs hesab edirlər. Bizim üçün də Vətənin bütövlüyü uğrunda canından keçən hər bir gənc müqəddəsdir, ölümsüzdür. Şuşa bizim qibləmizdir. Nicat Şuşanı azad edib, özü də orada şəhid adını qazanıb. 

Şəhid evlərinin hamısı bir-birinə bənzəyir. Uzaqdan baxanda anlamaq olur, şəhid evidir bura.  Bu qədər böyük ürəyə sahib adamlar, balaca-balaca evlərdə doğulub, böyüyür. Kim bilir, bəlkə də Nicatın anası da bir çox ana kimi Nicatı evləndirəndə evini ürəyincə təmir etdirəcəkdi?
İndi ən dəyərli varlığını torpağa tapşıran ana, saraylarda yaşasa nə fayda ?
Qapıdan içəri addım atanda divarda gənc bir oğul şəkli görürsən. Dərindən köks ötürürsən. Sizi bilmirəm amma mən baxa bilmirəm heç bir şəhid anasının üzünə. Utanıram. Çünki ona borcluyam, ona borcluyuq....
Kim deyir ki, mücərrəd hisslərin səsi olmur? Çarəsizliyin səsi var. Saat səsi. Heç zaman xoşbəxt ailələrdə saat əqrəblərinin səsi eşidilmir. Çarəsiz anlarda eşidilir bu səs. Ən çox da artıq deməyə söz tapmayanda.Şəhid atəşi düşən evlərdə eşidilən səslərdəndi bu... 

Sonra içimizdən neçə nəfər Mübarizi tanıyır? Hamımız. Bəs onu özünə örnək alacaq o şəhid olanda hərbçi olmaq istəyəcək qədər sevirikmi bu Vətəni?
Nicat sevir. 20 yaşlı bu igid ölümündən sonra beş medalla təltif olunub. "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları...
Həmvətənlərin tərəfindən "Xalqın sonsuz rəğbəti" medalını da qəbul edərsənmi,  Nicat? 
Yaşca bir çoxlarımızdan balaca olan oğullardan həyat dərsi aldıq. Atası Höccət Qasımzadə deyir ki, "Nicat şəhidlərimizlə qürur duyur, onlar kimi olmaq istəyirdi. Evə gələndə çox sevinmişdik. Sevincimiz uzun çəkmədi. Məkanın cənnət olsun, övladım" 
Valideyn üçün övladına rəhmət oxumaq nə qədər çətindir, İlahi...
Ancaq şəhid ailələri daha məğrur, daha dözümlü olur. Övladları xalq tərəfindən sevilir, övladları ömürlərinin sonuna qədər onlara baş ucalığı gətirir. 
Nicat Qasımzadə müharibənin bitməsindən bir neçə saat əvvəl ürəyindən qəlpə yarası alaraq, həqiqətə qovuşub. Onun qəlbinə dəyən qəlpənin parçaları onun hekayəsini oxuduqca, bir-bir hər birimizin ürəyini yaralayır.
Nicatın və onun timsalında bütün şəhidlərin qarşısında baş əyirik.
Şəhid anaları üçün Vətən indi yüz qat, min qat daha dəyərlidir. Çünki o torpağın altında canlarından da dəyərli oğulları yatır. 
Ümid edirəm, bundan sonra xalqımız üçün hər şey yaxşı olacaq. Axı hər bir ana ocağında "Vağzalı" səsi eşitmək istəyir,  çarəsizliyin səsini yox...

Əfsanə Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31