“Qərbi Azərbaycanın sakral coğrafiyası” silsiləsindən – Qatar “sırasının” müqəddəsliyi (XX məqalə)
17 İyun 2021 10:51 SosialZəngəzur dağlıq silsiləsindən enlik istiqamətində batıdan doğuya yataqlanan Oxçuçayın (Gıhı və Qapıcıq çaylarından yaranan) hövzəsini tutan Qatar dağları əhatəsi bütünlüklə müsəlman-türk inanclı sakral maddi-mənəvi irs zənginliyi ilə seçilən qədim Oğuz- Türk yurdudur. Nahiyədə eramızdan əvvəlki yaşayış məskənləri, xristianlığaqədərki və Alban dini dünyagörüşünün abidələri ilə yanaşı İslami dəyərləri qoruyub saxlayan irfani-ruh ocaqları da Müsəlman-Türk dünyasının əski varlığını ifadə edir.
Bütöv Azərbaycan hüdudlarını əhatə edən bu zənginlik birləşmiş rus-fars-hay qüvvələrinin hədəfində olsa da, xalqımızın dini-sakral abidələrinin dağıdılması, məhv edilməsi siyasəti yürüdülsə də irfani-ruhsal dünyagörüşümüzün əsasları sarsılmamış, əksinə tarixi yaddaşımız daha da güclənmişdir. İnanclı qəlblərin duaları artmış, sıraları genişlənmiş, "zərbi kərən sındırmış" düzümü-sırası düşmənə göz dağı olmuşdur.
Bütün bölgələrimizdə olduğu kimi və Zəngəzur mahalının Qatar nahiyəsi (kəndi) də istisna deyil.
XIX əsrin sonu, XX əsrin əvvəllərində Mehri, G(ü)ecalan və Qafan nahiyələri üzrə ümummüsəlman-türk dünyasının dini-ruhani ocaqlarının, əski maddi abidələrinin, ruhsal-mistik məkanlarının hay kilsəsi tərəfindən məhv edilməsi düşmən qüvvələrinin mürtəce siyasi-hərbi strateji məqsədlərinə ona görə uyğun idi ki, bu dəhliz Osmanlı Türkiyəsi ilə Qərbi Azərbaycanın tarixi "təmas körpüsü" və Azərbaycanın tarixi-coğrafi tutumlu ən qədim yaşayış məskənlərinin yayıldığı bölgəydi, Türk ruhunun "sağlam məkanı" idi. Təsadüfi deyil ki, təkcə 1906-cı ilin iyun-avqust aylarında əhalisi qətlə yetirilməklə Qatar kəndi və ona yaxın ətrafdakı (Oxçuçay hövzəsində) Xələc, Karxana, Mollalar, Oxçu, Atküz, Pir Cavidan, Əfsərli, Buğacıq... kəndlərinin dini-sakral abidələri yerlə-yeksan edilmiş, tarixi-milli əhəmiyyətli qəbirüstü, at-qoç təsvirli, naxışlı və yazılı sənduqələr, məbəd lövhələri, dini ədəbiyyat və əlyazmalar qarət edilərək İrəvan şəhərinə və Ü(İ)çmüəzzin məbədinə aparılmışdır.
1960-cı ildə Əfsərli kəndinin mərkəzindəki V-VI əsrlik Alban məbədinin çöl və içəri divarının daş lğvhələrində naxışlanmış Alban dini mədəniyyətinin naxışları dağıdılaraq "erməni" xaçına çevirilmiş, təzə daş lövhələr pərçim edilmiş, həyətindəki qoç təsvirli başdaşı sındırılmışdır.
Oxçu-Qatar kəndləri bəy nəslindən olanların yurdu olduğundan dini-ruhani zənginliyi ilə də fərqlənən yer olub.
Hətta, 1918-ci ildə mənfur və dinsiz düşmən qüvvələrinin quldurları Qatar silsiləsinin ətəyindəki Oxçu kənd məscidində nahiyənin 2000 nəfərdən çox dinc sakinini diri-diri yandırıb, dini-ruhsal təriqətinə görə qətlə yetirəndə də, qonşu Qovşud, Daşbaşı, Əcili, Şotalı, Həccəkə, İncəvar, Quşçulu... kəndlərində qədim qəbirstanlıqları, ibadət-ziyarət ocaqlarını dağıdıb, yerlə yeksan etdikdə də imanlı-inanclı soydaşlarımız İlahi dualarına, duyğusal ibadətlərinə ara verməmişlər, Əzəmətli Hökmün mistik işığına doğru yol getmişlər.
IX əsr Alban tarixçisi Musa Kələnkəytikli "Alban tarixi" əsərində (II kitab, VI fəsil) Qatar-Daş dağında "Qatarvəng" toponimini işlətdiyindən bu yaşayış məntəqəsinin sakral mədəniyyətinin tarixliyinə bir daha təsdiqləyici sübutdur. Qatar kəndi yaxınlığındakı əski yurd xarabalıqlarında Qatar Qalasının da yeri qalmaqda idi, keşən əsrin 60-cı illərinədək.
Zəngəzur mahalı üzrə yayılan dini-sakral ocaqlar həm də Azərbaycan xalqının tarixiliyi baxımından əski ictimai-mədəni keşmişimizi özündə yaşadır. Bu mahalda Qatar-Karxana nahiyəsi və ətrafındakı 33 müsəlman-türk kəndi sakral coğrafiyasının məkan və məqam baxımından müqəddəsliyinin mərkəzi olmuşdur. Belə ki, bu sıradan dini-sakral məna daşıyan Pir Cavidan kəndi 130 evdən ibarət müsəlman-türk kəndi olduğu üçün 1918-ci ildə hay-daşnak quldurlarının amansız hücumuna məruz qalmış, əhali bütünlüklə yaxınlığdakı Müsəlləm, Gıhı, Ordubad nahiyəsinin Yuxarı Əylis, Kələki, Dırnıs, Şurud kəndlərinə köçmüş, onların evlərində isə Qars və İqdır mahallarından gələn hay sürüsü yerləşmişdir.
Pir Cavidan kəndinin üst tərəfində, günbatanda, 2 km-lik məsafədə iki qoşa (araları 3-5 m) gümbəz (içində ərəb əlifbası ilə yazılı, naxışlı baş və sinə daşlı qəbir olmaqla) ucalırdı. Deyilənə görə onlardan biri IX əsrdəki "Hürrəmilər hərakatı"nın öndəri Cavidan Səhrəg oğlunun (760-816), digəri isə XX əsr Azərbaycan Milli-Azadlıq hərakatının öncülü Ə.Q.Elçibəyin (1938-2000) ulu babasının qəbri olub. Hər iki qəbir ziyarətgah idi.
Ümumiyyətlə, nahiyənin yalnız Pir Məzrə (1828-1829-cu illərdə Cənubi Azərbaycandan haylar gətirilib, 1918-1919-ci illərdə isə bu kəndin müsəlman-türk əhalisi qovulmuşdur) və Kürdlər kəndlərində (1920-ci ildə haylar köçürülüb) haylar olsa da, həmin kəndlərin əski qəbirstanlıqları, Alban məbədləri və ziyarəgahları milli mənşəyinə görə kafirlərə, dinsizlərə mənsub olmamışdır.
Bölgənin dini-sakral mənəvi irsinə mistik-inanc hökmlərinin təsiri el arasında, ayrı-ayrı məkanlarda geniş yayılmışdır. Qazandağ ziyarətgahında "göz açan" Qazangölün ən ərköyün qızıl-ala xallı balığını göldə tutmaq günah hesab olunur (çünki, onu tutan kimi ölür) və yaxud Yuxarı Gilətağ kəndinin xırman yerində bitən çır alma müalicəvi təsirə malik idi.
Kənd sakinlərindən Qara Abbas oğlu (1889-1989), Mustafa Şükür oğlu (1863-1953), Nisbicahan Adıgözəl qızı (1881-1972) danışırdılar ki, haqq aşığı Bəbir Allahyar oğluna İlahi eşq vəhy olanda, Ərdəbilə getmək istəyəndə bacıçı Şahlıq xanım bərk narahat olur, ağsaqqallara-ağbirçəklərə müraciət edir, onlar məsləhət görür ki, xırmanın kənarında bitən çır almaları yığsın, dualasın və qardaşına yedizdirsin. O, belə də edir və Haqq aşığına verilən hökm azalır, tədricən yox olur...
Qərbi Azərbaycanın cakral coğrafiyasının maddi irs sıralarınada Alban məbədləri sayca üstünlük təşkil edir,dini-mənəvi dəyərlərinə görə əski tarixiliyə bir nişanədir. Ona görə də hay kilsəsi bu abidələri yaşayış məntəqələri ilə birlikdə dağıtmaqla, yer üzündən silməklə müsəlman-türk dünyasına ağır itkilər yaşatmış, bir çox hallarda bu məbədlərə aiq epiqrafik-miniatür daş lövhələri qarət edərək öz adlarına çıxmış və yaxud həmin dini özüllər üzərində hay kilsələrini inşa etdirərərək vərəsə kimi "qədim dini tarixilik" hüququ qazanmağa cəhd göstərmişlər.
Xalqımıza qarşı bu cür "dini-sakral soyqırım faciəsini" hay kilsəsi eləcə də Qatar-Oxçu nahiyəsinin Acıbac, Həqəti, Gərd (1918-1920-ci illərdə bu kənddə hay sürüsü yerlənib), Pəyhan (Peykanlı), Kirs, Mahmudlu, Gıhı, Yuxarı və Aşağı Pürülü, Qırxlar, Oğlanca... kəndlərində, Xustup dağında (3210 m) da həyata keçirmişdir.
Xustup dağı, Oxçu çayınınn sağ sahili ərazilərində və Mehri sıra dağlarının gündoğan hissəsindədir. Orotoponim olmaqla "Xas dağ" deyiminin ("müqəddəs, ziyarətgah dağ", "pak, təmiz yüksəklik" mənasında) təhrif edilərək yerli şivədə dəyişilərək "Xustup" termini kimi qəbul edilmişdir. Bu dağın cənub-qərb istiqamətindən Araz çayınadək uzanan Əli dərəsi boyunca axan eyni adlı çay da hidrotoponim kimi dini-irfani mənadan yaranmışdır. Əzəmətli Ərşə təvəkkül edilərək güclü inamın-inanc misallı, mistik-ruhsal duyğulara sahiblənən, müqəddəs ibadət məkanı kimi qəbul edilən "Əli dərəsi" Həzrət-Əli ünvanlıdır, inanclı xalq tərəfindən qəbul edulmiş müqəddəs yerlərin məqamı kimi qorunub saxlanılmışdır.
Açıq səth örtüyünə malik yüksələn Xustup dağının (Əcili, Müsəlləm, Qanlı zəmi (Quşçulu) kəndlərinin 5-7 km-də) ən hündür qaşındakı ziyarətgah həm də qəlbən inanclıların sınaqdan keşirildiyi bir yerdir. Belə ki, niyyət tutub, qəlbən təmiz olanalar dağın düzəngahında ağ daşlarla örtülü, yəhərə oxşayan iki qayanın arasından keçməli idi. İnanclara görə, əgər niyyət tutanın duası qəbul olunardısa, o həmin aradan keçə bilirdi, əks halda...
Ziyarətgahın xırda ağ daşlarını gətirib dualayıb saf bulaq suyuna salanda kəndlərdə yağış yağırdı, əkinə-örüşə yağış ehtiyac olanda, təbii ki, bu mərasimi imanlı-irfan sahibi yerinə yetirəndə niyyət müstəcəb olunardı.
Müqəddəs sayılan zirvədəki çılpaq qayalıqların arasında küyül yeri var idi. Yeraltı küyülün üstündən, quru yerdən daşmcı düşürdü. İbadəti, niyyəti qəbul olunanlar küyülün içinə keçəndə su damçısı onun başına düşürdü, duası qəbul olunmayan nə qədər yerini dəyişsə də, damcı ondan yan keçirdi, başına düşmürdü... Küyülün suyundan ətrafda yaşayan vəhşi heyvanlar (dağ keçisi, əlik, cüyür...) su içirdilərsə, yığılan yerdə kənara su yayılmırdı, tökülən suyun səviyyəsi həmişə eyni qalırdı.
Xustup dağının cənubundakı haylar yaşayan Şişkənd kəndindən də bu ocağa ziyarətə gəlirdilər.
Oxçuçay-Qatardağ nahiyəsindəki Müsəlləm kəndinin şərqində, çaya tərəf çıxan yolun üstündə ziyarətgah qoşa qəbirlər, onlara bitişik şah tut ağacının altı idi, qəbirlərin ətrafında ilanlar dolaşırdı, amma heç kimə dəymirdilər. Ora müqəddəs məqam kimi ibadət olunurdu, üstündə qurban kəsilirdi. Mücörüsü (mühafizəçisi) Mürşüd baba (1861-1966) oranı qoruyub saxlayırdı. Kənd sakini Qədimalı Mustafa oğlu Mustafayevin (1875-1970) dediyinə görə, bu qəbirlər 1918-ci ilin iyun ayında hay quldurlarının amansız qətliamlarını dəf edərkən Şəhid olan Osmanlı Türkiyəsinin əsgərlərinin mübarək məzarı idi.
Əcili kəndinin əski yurd yeri, 12 km aralıdakıl "Tünüs yurdu"nda mamırlaşmış, III-IV əsr yaşlı Alban qəbirstanlığının olması bu məkanların bir daha qədimliyi ilə yanaşı, dini-sakrallığının maddiliyinə həm də mənəvi sübutdur.
Oxşar maddi-mənəvi irsə yaxınlığdakı "Qayabaşı yaylağı"nda (qədim yaşayış yerləri), Keypəşin, Xış Pürülü, Suqovuşan... kəndlərində də rast gəlinirdi.
R.S. Hay kilsəsi Pir Məzrə kəndini 1949-cu ildən sonra -"Katnarat", Yuxarı Pürülü kəndini - "Verin Qeqavank", Həqəti kəndini-"Voçeti", Gərd kəndini-"Nor Astxaberd", Pəyhan kəndini-"Karut", Qovşuq kəndini-"Kavçut", Şişkənd kəndi-"Şişkert" ... adlandırır.
(Yazının hazırlanmasında həm də Qərbi Azərbaycanın Zəngəzur bölgəsinin Qafan nahiyəsi, Yuxarı Gilətağ kənd sakinləri Məhərrəm Sadıq oğlu Cahangirovun (1934), Famil Mustafa oğlu Bəbirovun (1936) və Müsəlləm kənd sakini Sabir Hilal oğlu Hüseynovun (1951) məlumatlarından istifadə edilmişdir.)
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi